Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 İyul 2017 10:45

Düşməndən intiqam almağa hər an hazırıq

Qaranlıq bütün günahları özündə əks etdirən zülmətə, tənhalığa, boşluğa, yoxluğa işarədi. Qaranlıq haqq-ədalətin pozulması, işğalın, əziyyətin, işgəncənin rəmzidi. Qaranlıq iki üzlüdü - ya səhərə açılır, ya da heç vaxt öz səhərinə çatmır. İşıq qaranlığın əksi, həyatın özü və davamıdı. Hər zərrəsi haqqa, ədalətə, sülhə, işıqlı sabaha vəsilədi. İşıq hər zaman qaranlığın qənimidi...
Bu fikirlər ağlıma təsadüfdən gəlmədi. İşıqlı sabahlar arzusu ilə, qaranlıq gecələri parçalayacaq, işığın, nurun carçısı olacaq oğullarımızla görüşə gedirik. "UAZ" yolun narahatlığına, çala-çuxuruna baxmayaraq orta sürətlə irəliləyir. Zabit Asəf Qurbanovun diqqəti yoldadı. O, sanki hər daşın dibinə belə baxmağa, nə isə tapmağa çalışır. Bəzən gözləri məchul bir nöqtəyə dikilir. Qəlbimdən müqəddəs məkana tez çatmaq keçir. Sevincimin həddi-hüdudu yoxdu. Dünyaya göz açdığım, doğulub boya-başa çatdığım, ruhumun məskəni, doğmalarımın uyuduğu torpaq, aranla dağın qolboyun olduğu, qəlbimin ilahi sonsuzluğuna çevrilən bir məkanda əsgər oğullarımızla görüşməkdən sevincli heç nə ola bilməzdi.
Bu hisslərin təsiri altında, ön xətdə yerləşən bölüyün dayaq məntəqəsinə gəlib çatırıq.
Bölük komandiri Aqşin Rəhimovla, həmçinin tabeliyində olan şəxsi heyətlə görüşürük. Əsgərlərin yüksək əhval-ruhiyyədə olması, gözlərindəki inam dərin mətləblərdən xəbər verir.
Əsgər yataqxanasında olan səliqə-sahman bizdə xoş ovqat yaradır. Səngər boyu torpağa sancılmış "Ən yaxşı silah yaxşı öyrədilmiş əsgərdir", "Şəhid qanı yerdə qalmaz", "Sənin səngərin alınmaz qalandır" və s. kimi şüarlar diqqətimizi çəkir... 
İlk söhbətimiz bölük komandiri ilə olur. Öyrənirik ki, baş leytenant Aqşin Rəhimov 1989-cu ildə Qubadlı rayonunun Dilican kəndində anadan olub. 2004-2007-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseydə, 2007-2011-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
- Qarabağın düşmən tapdağında inlədiyini düşündükcə ürəyimdən qara qanlar axır, - deyə baş leytenant söhbətə başlayır: - Uşaq vaxtımdan bu peşəyə həvəsim vardı, eyni zamanda doğulduğum torpağın da işğal altında olması mənə rahatlıq vermirdi. Şəhidlərin ruhu, şahidlərin acı xatirələri bizdən tələb edir ki, həmin torpaqları qaytaraq, cinayətkarları cəzalandıraq və bundan sonra şəhid məzarlarını ziyarət edərkən deyək: ruhunuz şad olsun! Biz Qarabağdayıq! Rahat uyuyun!
Diqqətimi göy üzündə bir topa qara bulud cəlb edir. Bir anlıq elə hiss edirəm ki, analarımızın, bacılarımızın göz yaşından əmələ gələn lənətlənmiş qara bulud ruhumu, vücudumu silkələyir, qəlbimi qana döndərir. Zülmət qaranlığın məchulluğundan əmələ gələn güman məni uzaqlara aparır. Mənə elə gəldi ki, ətraf büs-bütün qaranlığa qərq olub, qatı zülmət və səssizlikdi hər tərəf. Bura arzuların bitdiyi bir yerdi, bəlkə də dünyanın son nöqtəsidi. Sanki dərin bir boşluğa düşürəm. Məni boşluqdan dartıb çıxardan bir topa qara buluda güc gələn, ətrafı nuruna qərq edən günəşin zərrəcikləri olur. Deməli, hər cür qaranlıqdan çıxış yolu var, əsas məsələ bu istiqamətdə işığı tapmaqdı. O işıq da var... O zərrəciklər deyir ki, Günəşin qarşısını ömürlük kəsə bilmək  qara buludun hünəri deyil. İşığa yol açan oğulların, Azərbaycan əsgərinin hesabına qara bulud işıqda əriyib yox olacaq. Nur, işıq tərənnümçüsü olan əsgərlərimiz xalqımızı tezliklə o işığın ruhuna bələyəcək, o işığın nuruna qovuşduracaq.
- Bilirəm, sizin də diqqətinizi qara bulud topası cəlb etdi, - bölük komandiri göy üzünü göstərir. - Elə bil buludlar günəşin qabağını kəsib. Gördüyünüz bulud topası sanki uzun müddətdi düyünlənib qalıb. Elə bil, o səmada həlak olan oğullarımızın analarının göz yaşından yoğrulub həmin bulud. Yəqin buludların arasından süzülüb özünə yol tapan, gedəcəyimiz yola işıq saçan zərrəciklər də diqqətinizdən qaçmayıb. Bu igid oğullarımızın hesabına nurlu gələcəyə bir işarədi. Nur hər zaman qaranlığı öz içində boğmağı bacarıb. Atalar yaxşı deyib: "Hər qaranlıq gecənin işıqlı bir sabahı var". O işıqlı sabaha çıxanda, torpaqlarımızı işğaldan azad edəndə, analar sevinc göz yaşı axıdanda səmadakı qara bulud da əriyib gedəcək. Azərbaycan əsgəri torpaqlarımızı zülmün, zülmətin əsarətindən qurtarmağa qadirdi, Vətənimizin hər yerini nura qərq etmək gücündədi.
- Bəli, ötən ilin aprelində bu oğulların hesabına, Cocuq Mərcanlı da daxil olmaqla, torpaqlarımızın bir hissəsi işığa qərq oldu, - deyən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu İlkin İbrahimov söhbətimizə qoşulur. - Bu hələ başlanğıcdı. O işıq çox uzaqlara hakim olacaq, işğalda olan bütün torpaqlarımız düşməndən təmizlənəcək, köçkünlük həyatı yaşamağa məcbur olan bütün soydaşlarımız ata-baba ocaqlarına qayıdacaq. Yenə də bayram tonqalları çatılacaq, insanların gözlərinə sevinc hakim olacaq, yenə də bərəkətli torpaqlarımız əkilib bar verəcək, güllü-çiçəkli çəmənlərdə sürülərimiz, mal-qaramız otlayacaq...
Əsgərlərdən Xəyal Zülfüqarlı, Rəşad Həbibov və Sənan Əliyev də söhbətin davamı olaraq bildirirlər ki, əsas məqsədimiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, Qarabağın və ermənilərin zəbt etdikləri bütün bölgələri düşməndən təmizləmək, xalqımıza sakit, təhlükəsiz, işıqlı həyat bəxş etməkdi: "Öncə Vətəndi" deyib Vətənin keşiyində şərəflə dayanmışıq. Yaxşı bilirik ki, torpaqlarımızın qorunması bizdən asılıdır. Qarabağımızı düşmən tapdağından azad etməyə hazırıq.
Yağı düşmən nə qədər təxribat törətməyə cəhd göstərsə də, hər dəfə belə qəhrəman əsgərlərimizin şücaəti sayəsində layiqli olduğu cavabı alacaqdır. Qoy düşmənlərimiz də açıq-aydın dərk etsinlər ki, onlardan hər addımda qisas almağa qadir olan igidlərimiz saysız-hesabsızdır.
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR