Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 İyul 2017 11:21

Döyüş hazırlığının təmin edilməsi üçün

Nəzarət-buraxılış məntəqəsində növbə aparan əsgər qərargaha məlumat verdikdən sonra hərbi hissənin ərazisinə daxil oldum. Səhərin erkən çağlarından səliqə-sahmanın hökm sürdüyü ərazidə hamı gündəlik xidmət qayğılarıyla məşğul idi.
Çoxdan tanıdığım zabit Azər Ağayev bir qədər qayğılı görünürdü. Digər hərbi hissəyə ezam edilən təmir qrupu çoxməqsədli yüngül zirehli maşınların təmirini qısa zamanda həyata keçirmək barədə qrup rəhbərinə göstərişlərini verirdi.
- Əsas vəzifəmiz təminat işlərini yerinə yetirmək, həmçinin texnika və silahlarda üzə çıxarılmış nasazlıqları aradan qaldırmaqdır, - söhbət zamanı zabit Azər Ağayev dedi. - Buraya gətirilməsi mümkün olan texnikanı burada təmir edirik, gətirilməyəni isə mütəxəssislərimiz ezam edilərək hadisə yerində bərpa edib sıraya qoyurlar. Hazırda hərbi kollektivimizdə öz işini bilən və vəzifəsini məharətlə yerinə yetirən təcrübəli mütəxəssislərimiz var. Onlar döyüş növbəsi aparan bölmələrin köməyinə istənilən vaxt getməyə hazırdırlar.
"N" hərbi hissəsində təmirçilərin fəaliyyəti hərbi hissələrimizdə bilavasitə döyüş hazırlığının təmin edilməsinə yönəldilib. Əgər avtomobil və ya zirehli döyüş texnikası qarşıya qoyulan hərbi  tapşırıqları yerinə yetirməyə imkan verməzsə, yüngül və ya ağır silahlarda nasazlıq yaranarsa, hərbi kollektivin döyüş qabiliyyəti də aşağı düşər. Ona görə də təmirçilər üzərlərinə düşən hər bir vəzifənin yerinə yetirilməsinə və bununla da hərbi hissələrimizin döyüş potensialının möhkəmlənməsinə öz töhfələrini verirlər.
Hərbi hissədə silah, zirehli texnika və avtomobillər, eyni zamanda xüsusi qurğular üzrə  təmir qrupları var. Ehtiyac olduqda sifarişə əsasən müvafiq ixtisas üzrə mobil təmir qrupu bölmələrə yollanır və yerində təmir işlərini yerinə yetirir.
Onu da qeyd edim ki, son zamanlar hərbi hissə yeni və müasir  avtomobillər, xüsusi təmir emalatxanaları, nəzarət-ölçü cihazları və digər maddi vəsaitlərlə təchiz edilib. Əgər vaxtilə alət və avadanlığın primitivliyi səbəbindən  hansısa iş çətin görülürdüsə, bu gün müasir avadanlıqların vasitəsilə mütəxəssislər həmin işi rahatlıqla, dəqiq və tez bir zamanda başa çatdırırlar.
İndiki texnika və avadanlıqlar həm də daha geniş imkanlara malikdir. Bu maşınların keçid imkanları böyük, idarə edilməsi isə asandır. Bütün bunlar təmirçilərə öz işlərini yeni səviyyədə və daha keyfiyyətlə görməyə imkan verir.
- Təmir qruplarının hamısı bacarıqlı, öz işini bilən mütəxəssislərdən ibarətdir, - mayor Rövşən Məhərrəmov dedi. - Təcrübəli zabitlərimiz, gizirlərimiz, müddətdən artıq hərbi qulluqçularımız var. Onlar texnika və silahların üzərində təmir işinin sirlərini mükəmməl mənimsəyiblər. Son zamanlar mütəxəssislərin müddətdən artıq hərbi qulluqçu vəzifələrinə götürülməsi xidmətin və işin səmərəliliyini xeyli artırıb.
Əvvəllər adi əsgərlər öyrədilərək mütəxəssis kimi təmir işində istifadə edilirdilər və bir müddət sonra isə xidmətləri başa çatdığına görə ordu sıralarından tərxis edilirdilər. Yenilərini mütəxəssis kimi yetişdirmək  vaxt və əlavə zəhmət tələb edirdisə, indi müqavilə prinsipi ilə ordu sıralarına cəlb edilən müddətdən artıq hərbi qulluqçular mütəxəssis kimi silah və texnikanın üzərində səylə çalışırlar. Onlar ilbəil öz təcrübələrini artırırlar ki, bu da ümumi işin xeyrinədir.
- Onlar burada həm də ixtisaslaşırlar, - zabit Azər Məmmədov  bildirir. - Akkumulyatorçu, elektrik, qaynaqçı və sair peşələrə yiyələnirlər. Bu da təmir işlərinin tez və keyfiyyətli yerinə yetirilməsinə şərait yaradır. Belə mütəxəssislərdən baş gizir Murad Əhmədovun, müddətdən artıq hərbi qulluqçular Pərviz Məmmədovun, Əlizamin Əhmədovun, Vüqar Şumalovun, Amil Bəkirovun adlarını çəkərdim. Təmir işlərinin səmərəli yerinə yetirilməsi belə mütəxəssislərin bilik və bacarığı hesabına mümkün olur. 
Zabit Məmmədovla avtomobil parkına baş çəkdik. Burada da təmirçilər "N" hərbi hissəsindən gətirilmiş UAZ markalı avtomobildə aşkar edilmiş nasazlıqları aradan qaldırmaqla məşğul idi. Mühərrikdə nasazlıq olduğundan mütəxəssislər artıq onu sökmüşdülər və lazımi detalların yenilərilə əvəz edilməsilə məşğul idilər, bir sözlə, maşının üzərində gərgin iş gedirdi.
- Avtomobili qısa zamanda təmir edib sıraya qaytaracağıq, - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İmadəddin İsmayılov dedi.
Öyrənirəm ki, əslən Qubadlı rayonunun məşhur Dəmirçilər kəndindəndir. Artıq 20 ilə yaxındır ki, ordu sıralarında xidmət edir və avtomobil texnikasını mükəmməl mənimsəyib. Onunla birlikdə UAZ-ın üzərində işləyən əsgər Xəyal Mahmudov da müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur,  avtomobil təmirilə burada 2014-cü ildən məşğul olur. Texnikaya uşaq yaşlarından göstərdiyi maraq onun peşə seçimində önəmli olub.
Parkda xüsusi ayrılmış sahədə işləyən digər bir müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri kiçik çavuş Arif Zeynalovla tanış oluram. Onu bacarıqlı dülgər kimi təqdim edən zabit Məmmədov həm də vurğuladı ki, kiçik çavuş məsuliyyətli, nümunəvi xidmətilə seçilən hərbi qulluqçudur. Söhbət zamanı məlum oldu ki, hərbi hissədə onun qardaşı da xidmət edir. Gizir Müşfiq Zeynalov taqım komandiridir. Komandirlər onun da xidmətindən razılıq hissilə danışdılar.
Ümumiyyətlə, hərbi hissədə nümunəvi xidmətilə seçilən hərbi qulluqçular, təmirçi mütəxəssislər çoxdur. Onlardan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Pərviz Məmmədov, Xəyal Kərimov, Vüqar Şumalov və başqalarını göstərmək olar. Təmirçilərin qazandığı uğurlarda onların da zəhməti az deyil.
Əbülfət QASIMOV, "Azərbaycan Ordusu",
foto müəllifindir