Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 İyul 2017 11:20

“Biz əsgərik”

Bu bölgənin yazı da, yayı da gözəldir. Gözəllikləri bəxş edən təbiət bu yerlərdən heç nəyini əsirgəməyib. Ölkəmizin mədəni həyatında da töhfələri çoxdur. Xalqımızın qədim adət-ənənələri şərəflə davam etdirilən bu yerləri Vətən övladları yadellilərdən həmişə mərdliklə müdafiə ediblər.
Vətənsevər insanlar bu günümüz və gələcəyimiz naminə vətəndaşlıq borclarına ləyaqətlə əməl edirlər. Bu sırada öndə duranlar Vətənimizin müdafiəsində dayanan mərd oğullardır. Onların xidmətləri həmişə yüksək qiymətləndirilir. Təcrübəli zabit Fuad Ələkbərov da söhbət zamanı deyilənlərlə həmrəy olduğunu bildirir. Vətən uğrunda döyüşlərdə fədakarlıqlar, qəhrəmanlıqlar göstərən igidlərin əvəzsiz xidmətlərini diqqətə çatdırır.
Son illər ölkəmizin qüdrətli inkişafı, ordu quruculuğuna Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən göstərilən böyük diqqət və qayğı qələbəyə inam hissini daha da artırıb. Ali Baş Komandanın cəbhə bölgələrinə səfərləri, ordu rəhbərliyinin cəbhə bölgələrində həyata keçirdiyi tədbirlər hərbi qulluqçuların vətənpərvərlik hisslərini gücləndirməklə döyüş əzmini artırır.
Zabit söhbət zamanı ordu sıralarında gənc əsgərlərin hazırlığına ciddi fikir verildiyini önə çəkdi. Onların kifayət qədər hərbi biliklərə malik olduqlarını, ordu həyatına alışdıqlarını bildirdi.
Mayor Rəsul Yusifov gənc əsgərlərə nümunəvi xidmət üçün hərtərəfli şəraitin yaradıldığını qeyd etdi.
Məmməd Bağırov Bakı şəhərindən xidmətə çağrılıb, ali təhsillidir, qısa müddət ərzində atıcı ixtisasına yiyələnib. O deyir:
- Vətən oğullarının sücaətlərindən bəhs edən televiziya verlişlərinə baxmışdım. Arzusunda olmuşam ki, soydaşlarım kimi mən də cəbhə bölgəsində xidmət edim. Atalar doğru deyib ki, "niyyətin hara, mənzilin ora".
Mühəndis-istehkamçı ixtisasına yiyələnmiş Sarvan Qurbanzadə əslən Zəngilan rayonundandır. Doğma torpaqlarına tezliklə qayıdacaqlarına inam ifadə edən Sarvan Lənkəran Dövlət Universitetinin məzunudur. O deyir:
- Qürur hissi keçiririk ki, ordumuz Qafqaz regionunun ən güclü, qüdrətli ordusu hesab olunur. Artıq bir neçə gündür ki, xidmətimizi cəbhə bölgəsində davam etdiririk. Fəxr edirik ki, müstəqil dövlətimizə, xalqımıza xidmət edirik. İnanıram ki, bizə göstərilən etimadı doğruldacaq, doğma torpaqların işğaldan azad edilməsində iştirak edəcəyik.
Gənc əsgərlər sırasında idmançılar da az deyil. Onlar yeniyetməlik çağlarından idmanın müxtəliv növləri ilə məşğul olublar. İsmayıl Kərimov Yunan-roma güləşi üzrə respublika səviyyəli yarışların iştirakçısıdır. Bir neçə dəfə qaliblər sırasında olub. 2015-ci ildə Bakı şəhəri üzrə keçirilən yarışda birinci yerə layiq görülüb. Rövşən Rüstəmov da qaydasız döyüşlə məşğul olur. Müxtəlif yarışlarda iştirak edib. "Burda da idmanla məşğul olmaq üçün hər cür şərait var. Fiziki hazırlıq döyüş hazırlığının tərkib hissəsidir. Çalışacağıq ki, yarışlarda hərbi hissəmizin idman şərəfini qoruyaq. Əsgərlərdən Kamran Hacıyev, Əhməd İbrahimli və başqaları da silahdaşları kimi Vətənə sədaqətlə xidmət edəcəklərini qürurla dedilər. Hər biri qürurla deyir: “Mən əsgərəm!”
Mübariz MUSAYEV, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR