Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 İyul 2017 11:17

İctimai-siyasi hazırlıq diqqət mərkəzində

Dünyada ordu quruculuğu elə bir spesifik sahədir ki, daim fasiləsiz inkişaf tələb edir. Xüsusilə dövlət müharibə şəraitində olduğu zaman bu tələb ikiqat artır. Bütün bunların fonunda Azərbaycan öz ordusunun gücünü, kadrların hərbi peşəkarlığını daim artırır, hərbi qüdrətini yüksəldir. NATO ilə sıx və səmərəli əməkdaşlığın əsas hədəfi də məhz ordu quruculuğu prosesini sürətlə təkmilləşdirməkdir.
Ordu quruculuğunun əsas yükü peşəkar, müasir dünyagörüşlü və savadlı zabit heyətinin üzərinə düşür: Əsgərlərimizin döyüş və mənəvi-psixoloji ruhunun artırılması bilavasitə zabitlərdən asılıdır. Bunun üçün zabitlər də tarixi, siyasi,  fəlsəfi, hüquqi biliklərə malik olmalıdırlar.
Ezamiyyətdə olduğum "N" hərbi hissəsində belə zabitlərdən biri - taqım komandiri leytenant Vəlicanov Elməddin Məhyəddin oğlu ilə tanış olmaq imkanı qazandım. O, hərbçi peşəsini seçim edərək həyatda ən böyük arzusunu həyata keçirib - 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. "Uşaqlıqdan ən böyük arzum hərbçi olmaq idi. Xoşbəxtəm ki, həyatımda ən böyük arzum reallığa çevrilib. Təhsil aldığım müddətdə kursantlar arasında birincilər sırasında olmağa çalışırdım. Hərbin sirlərinə mükəmməl yiyələndim. İndi isə məqsədim əldə etdiyim bilik və bacarıqları əsgərlərə aşılamaqdır. Hansı işdə çalışırsansa-çalış, təcrübə, səriştə həmişə insanın köməyinə gəlir. Hərbi xidmətdə də belədir. Şəxsi heyətə məşğələlər, dərslər keçərkən həm təhsil illərində qazandığım bilik və səriştə, həm də hərbi xidmətdə əldə etdiyim təcrübə köməyimə çatır. Çalışıram ki, keçdiyimiz təlim-məşqlər səmərəli olsun. Yalnız yüksək hazırlıqlı əsgər döyüşdə düşməni məhv etməyə və qələbə qazanmağa qadirdir".
Bu yaxınlarda rəhbərlik etdiyi əsgər qrupunun Silahlı Qüvvələr üzrə keçirilən "Ən yaxşı ictimai-siyasi hazırlıq qrupu" yarışında birinci yer tutması ilə bağlı söhbətimi leytenant Vəlicanovla davam etdirdim. Zabit bildirdi ki, ictimai-siyasi hazırlıq ümumi hərbi hazırlığın spesifik bir sahəsidir: "İctimai-siyasi hazırlığı yüksək səviyyədə təşkil edə bilmək üçün zabit, dövlətimizin siyasi kursunu aşılamağı, ölkə rəhbərliyinin fəaliyyətini əsgərlərə düzgün təbliğ etməyi bacarmalıdır. Vətənə sevgi, düşmənə nifrət hissini formalaşdırmaq üçün vətənpərvərlik şüurunu oyatmaq tələb olunur. Bunun üçün isə, tarixi və siyasi mövzularda mütəmadi olaraq söhbətlər təşkil edilməlidir".
- Bu yaxınlarda rəhbərlik etdiyim əsgər qrupu Silahlı Qüvvələrdə birinci olmağı bacardı - deyə zabit bildirdi. - Əlbəttə, bu nailiyyət gərgin zəhmətin hesabına başa gəlib. Əsgərlərimizə hər addımda vətənpərvərlik və döyüş ruhu aşılayırıq. İgidlik göstərən, Vətən üçün şirin canından keçən qəhrəmanlarımızın da təbliğ olunması əsgərlərin vətənpərvər ruhda tərbiyəsində əvəzsiz rol oynayır. Vətəni sevən hər bir əsgər müstəqilliyin nə olduğunu dərk etməli, onu qorumağı bacarmalıdır. Vətən borcu, Vətən sevgisi hər kəsin ürəyində kök salmalıdır".
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"