Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 İyul 2017 11:15

Hamı bir amalın əsgəridir

Hər dəfə ön xətdə yerləşən hərbi hissələrə gedəndə, torpaqlarımıza keşik çəkən məğrur döyüşçülərimizlə tanışlıq ürəyimi qürurlandırır. Yenə də həmkarımla birlikdə "N" hərbi hissəsinə gedirik.
Yaşayış məntəqələrini keçdikdən sonra dağlı-dərəli yollar başlanır. Elə bil səhranın ortasında yaradılan bu hərbi hissə bir daha ölkə rəhbərliyinin orduya göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Burada şəxsi heyətin nümunəvi xidməti üçün hər cür şərait yaradılıb.
Hərbi hissənin nəzarət-buraxılış məntəqəsinə yaxınlaşıb, əsgərlərlə salamlaşırıq. Növbətçiyə gəlişimizin məqsədini deyib sənədlərimizi göstərdikdən sonra, onunla birlikdə qərargaha gedirik. Burada zabit Şövqü Məmmədovla görüşürük. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına cavabdeh olan zabit burada yaradılan şəraitdən, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığından ağızdolusu danışır. “Bu gün ölkəmizin hər bir bölgəsində yerləşən hərbi hissələrdə təmir və yenidənqurma işləri görülüb. Təbii ki, bu ilk növbədə Ali Baş Komandan cənab İlham Əliyevin orduya diqqətinin sübutudur. Şəxsi heyət ruhlanaraq daha da ürəklə xidmət edir. Döyüş postlarında da hər cür şərait var. Ona görə də xidmət yüksək səviyyədə təşkil olunur. Əsgər postlda ayıq-sayıq dayanır, Vətən torpağını göz bəbəyi kimi qoruyur.”
Döyüş postuna - Vətən keşikçiklərinin yanına yola düşürük. Daşlı-çınqıllı dağ yolları ilə hərəkət edirik. Sürücümüz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fərid Nəbiyevdir. Beyləqan rayonundan olan Fərid neçə vaxtdır ki, ön xətdə xidmət edir. "Ön xətdə xidmət etmək ən qürurverici hissdir. 5 övladımın biri oğlandır. Gələcəkdə istərdim ki, o da zabit olsun. Çünki ən şərəfli iş, ən şərəfli peşə doğulduğun, böyüyüb boya-başa çatdığın Vətəni qorumaq, müdafiə etməkdir."
Təhlükəli və sərt döngəsi olan dağ yollarında avtomibili məharətlə idarə etməsi onun yetərincə təcrübəli olmasını deməyə əsas verir. Səmimi söhbət əsnasında orduya bağlılığının səbəbini soruşuram.
- Hər bir Azərbaycan vətəndaşının ürəyində bir nisgil var - Qarabağ, - deyir. - Mən də hamı kimi torpaqlarımızın düşməndən azad olunmasını arzu edirəm, bu yolda əlimdən gələni etməyə hazıram.
Gizir Rəfail Səmədov Şabran rayonundandır. 1 ildir ki, ordu sıralarındadır. 2015-ci ildə ön xətdə yerləşən "N" hərbi hissəsində Vətənə övlad borcunu yerinə yetirdikdən sonra hərbçi olmaq qərarına gəlir. Söhbətimiz zamanı öyrənirəm ki, onun hərbçi olmasında dayısı, şəhidlik zirvəsini fəth etmiş Milli Qəhrəman Samir Zülfüqarovun şərəfli döyüş yolu əsas rol oynayıb.
- Uşaqlıqdan hərbçi olmaq istəmişəm. Bu peşədə xalqıma sədaqətlə xidmət etmək əsas arzumdur. Hər zaman ordu sıralarında olmaq, hərbi geyim daşımaq əsas amalım olub. Orduya, hərbi formaya olan maraq, sevgi mənə ailədən aşılanıb. Uşaqlığım Azərbaycanın Milli Qəhrəmanı olan dayım Samir Zülfüqarov və onun silahdaşlarının qəhrəmanlıq hekayələrini dinləməklə keçib. Anam mənə tez-tez dayımdan danışar, onun kimi vətənpərvər, igid olmağımı arzu edərdi. Bu gün onun adına layiq xidmət etməyə çalışıram.
Post başçısı ilə söhbətimizdən sonra kiçik çavuş Adil Vəliyevlə görüşürük. Növbəni dəyişirdi. Elə fürsətdən istifadə edib onunla həmsöhbət oldum. Adil 2011-2012-ci illərdə "N" hərbi hissəsində əsgəri xidmətini başa vurduqdan sonra, hərbçi olmaq qərarına gəlib. Artıq 4 ilə yaxındır ki, burada manqa komandiridir.
Elə manqa komandiri ilə söhbət edirdik ki, mayor Aydın Osmanovun gəldiyini gördük. Bizimlə salamlaşdıqdan sonra gəlişimizə şad olduğunu bildirdi. Tabeliyindəki döyüş postlarını yoxlamaqdan gələn zabit yorğun görünsə də bizimlə həmsöhbət oldu.
- Döyüş postlarında xidmət etmək məsuliyyətlidir. Əsgərlərimiz də, biz də bunun fərqindəyik. Düşmən atəşkəsi vaxtaşırı pozur. İgid əsgərlərimiz onları layiqincə susdururlar. Biz düşməndən qorxmuruq. Onlara gücümüzü ötən ilin aprel ayında göstərdik. Azərbaycan əsgərinin mübarizliyini, igidliyini təkcə düşmən deyil, bütün dünya gördü. Hər an Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə torpaqlarımızı işğaldan azad edib, üçrəngli bayrağımızı başqa bölgələrə də sancmağa hazırıq. 
Daha sonra döyüş növbəsindəki əsgərlə söhbət edirəm. Elə ilk ünsiyyətimizdən nikbin ovqatını hiss edirəm.
Bakı şəhərinin Nizami rayonundan xidmətə çağırılan Aslan Məmmədov 12 aydır xidmət edir. O, deyir ki, xidmətdə üzləşdiyi ilk çətinliklər artıq geridə qalıb. "Komandirlərimiz hər birimizə diqqət və qayğı ilə yanaşırlar. Dağ şəraitində xidmət etmək çətin görünə bilər. Lakin burada Vətənimizin müdafiəsində dayanmağımız üçün hər cür şərait yaradılıb. Mən və digər əsgər yoldaşlarım hər an Ali Baş Komandanın əmri ilə döyüşə atılmağa hazırıq."
Əsgər Ceyhun Məmmədov 7 aydır ki, doğulub boya-başa çatdığı Ağsu rayonundan ayrılıb. Vətənin keşiyində ayıq-sayıq dayanan əsgər deyir:
- Hər gün barıt qoxulu səngərdə döyüş növbəsinə çıxanda Mübarizi, Fəridi, Çingizi xatırlayıram. Onların simasında bütün şəhidlərimizin qisasının alınacağı günü səbrsizliklə gözləyirəm. Əlbəttə, o günə çox az qalıb. İnşallah, qısa vaxtda döyüş əmri verilər və biz də torpaqlarımızı azad edib ailəmizin yanına qələbə sevinci ilə qayıdarıq.
... Artıq geri qayıdırıq. Və burada tanış olduğum döyüşçülər ölkəmizin müxtəlif rayonlarından olsalar da, onları tək bir amal birləşdirir - Vətən torpaqlarını müdafiə etmək və Ali Baş Komandanımızın döyüş əmrinə hər an hazır olmaq.
Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR