Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyul 2017 13:16

Əsgər anasının məktubu

Canım oğlum... Əsgər oğlum... Məktubunu "Azərbaycan Ordusu" qəzetində oxudum. Kövrəldim də, duyğulandım da, qürurlandım da. Nə danım, göz yaşlarım üzümü yandırdı da.
Yazdığın kəlmələr elə bil ruhumu sığallayır. Bu məktubu təkcə mən yox, minlərlə Azərbaycan vətəndaşı da oxuyub yəqin. Yəqin ki, çoxlarının ruhuna hopub. Atanla birlikdə üzüm çardağının altında oxuduğum məktubuna cavab yazmaq qərarına gəldim.
İlk dəfədir səndən bu qədər uzun müddətdə ayrı düşmüşük. Bu, ana üçün o qədər də asan deyil. Elə bil qəlbimdə bir ocaq qalanıb. Ancaq Vətəni qorumağın könlümə bir təsəllidi. Bilirsən, oğlum, sən Allahın bizə verdiyi həm paysan, həm də əmanət. Valideynlərin borcu bu əmanəti layiqincə qorumaqdı. Məqamı yetişdi ki, qoruduğum, nəvazişlə, vətənpərvərlik duyğuları ilə, əsl vətəndaş kimi böyütdüyüm, Allahın mənə əmanəti olan oğlumu - səni Ordumuza həvalə etdim. Ona görə ki, bu torpağı Azərbaycan övladı, Azərbaycan gənci, Azərbaycan əsgəri qorumalıdı. Bu gün sənin də öhdənə düşüb Vətənin keşikçisi olmaq!
Unutma, sən torpaqlarımızın bütövlüyü uğrunda vuruşmuş bir atanın oğlu olmaqla yanaşı, qazi olmuş bir əminin qardaşı oğlusan. Unutma, sən Vətənin bölünməzliyi və bütövlüyü uğrunda vuruşmaq üçün oradasan. Əsgər yoldaşlarınla xoş davran, komandirlərinin əmrlərinə sözsüz əməl et.
Unutma ki, orada, anasız-atasız əsgər qardaşların da var... Bəlkə də elə əsgər var ki, onu heç kim gözləmir. Vətən hamınızdan çox şeylər gözləyir, oğlum, unutmayın... Onu da unutmayın ki, qələbə sizin birliyinizdən, bir-birinizə sevginizdən, dövlətimizə, xalqımıza məhəbbətinizdən də qaynaqlanır.
Mənə deyirlər ki, cavan yaşda əsgər anası oldun. Bəli, səni hərbi formada görmək mənə də nəsib oldu. Andiçmə mərasimində oğlunu əsgərlərin sırasında görmək ana üçün elə bir hisdir ki, onu sözlə ifadə etmək olmur. Arzu edirəm, bütün analarımız bu hissi yaşasınlar. Onda anladım və gözlərindən oxudum ki, öhdənə düşən borcunu layiqincə yerinə yetirəcəksən. O gözlər mənə dedi ki, narahat olma, ana, mən bu gün Azərbaycan vətəndaşı kimi, Azərbaycan Ordusunun əsgəri kimi Vətən qarşısında bütün həyatımı, bütün varlığımı qurban verməyə, atamın, əmimin yolunu getməyə hazıram. Bu fikirləri təkcə sənin deyil, bütün gənc əsgərlərin gözlərində oxudum. Arxayın oldum ki, sizlərin timsalında Vətənin keşiyində duran, bizləri hər an canıyla, qanıyla müdafiə etməyə hazır olan oğullarımız var!
Ona görə sevinirəm ki, sən güclü bir ordunun əsgərisən. Həmin tədbirdə gördüklərim məni bir ana kimi çox rahatlandırdı. Məişət şəraitinizlə, yeməkxananızla, yataqxananızla tanışlıqdan sonra necə narahat ola bilərəm. Azərbaycan Ordusu bu gün dünyanın güclü orduları sırasındadır, müasir standartlara uyğun formalaşıb. Ona görə də bu baxımdan çox rahatam, oğul. Mənim narahatlığım, əslində, torpaqlarımızın hələ işğal altında olmasından irəli gəlir. Hər birinizin borcu bu torpağı işğaldan azad etmək, əzəli və əbədi torpaqlarımızda qalib əsgər olmaqdır. Şuşa, Xankəndi, Ağdam, Füzuli... işğal olunmuş bütün torpaqlarımız sizləri gözləyir. Arzumdur ki, qalibiyyət bayrağını əzəli torpaqlarımıza sancan əsgərlərin arasında sən də olasan, oğlum.
Ruslan, bacın deyir ki, qonşumuzun qızı da səni tez-tez soruşur. Onun da gözlərindən hiss etdim ki, səni mənim qədər o da səbirsizliklə gözləyir. Anası da hərdən səninlə maraqlanır. İndi başa düşürəm ki, səni niyə qapıdakı tut ağacımızdan, daş hasardan aşağı salmaq mümkün olmurdu. Niyə qonşunun qızı dərsin yerini öyrənmək adı ilə bizə gəldi. Axırıncı dəfə qızın qardaşının toyunda sevgi baxışlarının da şahidi olmuşdum. Özümü o yerə qoymamışdım. Gözəl qızdı, oğlum. Həm gözəl qızdı, həm də ağıllı. Atanla razılaşmışıq, gələn kimi səni nişanlayacağıq. 
Mənə elə gəlir ki, dünyanın ən xoşbəxt anası mənəm. Ən başlıcası, mən əsgər anasıyam. Ona görə xoşbəxtəm ki, məni qoruyanların sırasında mənim oğlum da var. Əslində, özümü ömrünü torpaqlarımızın bütövlüyü üçün yaşayan bütün oğullarımızın anası hesab edirəm. Ona görə də sənin simanda bütün əsgər yoldaşlarının gözlərindən öpürəm... Çox sağ ol ki, mənə belə xoşbəxtlik yaşadırsan.
Ümummilli lider Heydər Əliyev deyirdi ki, hərbi xidmət şərəfli işdir. Bu peşə dünyada olan bütün peşələrdən şərəflidir - Vətəni, xalqı, torpağı qorumaq peşəsidir. Əziz əsgər balalarım, ona görə də siz yüksək hörmətə layiqsiniz.
Bu məktubu Ana Vətəni qoruyan oğulların anasının adından yazıram.