Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyul 2017 13:15

Həmişə öndə olacaqlarına söz verdilər

"N" hərbi hissəsində olarkən Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasən, hərbi xidmət müddətini başa vuran hərbi qulluqçularla görüşdük. Onlar bildirdilər ki, xidmət müddətləri başa çatsa da, yenə özlərini Vətənin müsəlləh əsgərləri hesab edirlər. "Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi hər bir vətəndaşın müqəddəs borcudur", - deyən hərbi qulluqçular hər zaman döyüşə hazır olacaqlarını qətiyyətlə bildirdilər. Xidmət etdikləri müddətdə Hərbi anda sadiq qalan, Vətənin müdafiəsində sayıq dayanan oğullar ordu həyatında mətinlik, dözüm, əyilməzlik kimi mənəvi keyfiyyətlərə nail olublar.
Mayor Rəsul Yusibov bildirir ki, onlar Vətənin fədakar, mərd, yenilməz övladlarıdır, onların Vətən, torpaq sevgisini heç nə əvəz edə bilməz.
Goranboy rayonundan olan Aslan Əkbərov uşaqlıq illərindən müharibənin dəhşətlərini görüb. Tarix boyu havadarlarından dəstək alan düşmənin çirkin niyyətlərindən xəbərdar olub. Onda Vətənə tükənməz sevgilə yanaşı, düşmənə kəskin nifrət hissi də baş qaldırıb. Tibb Universitetini bitirdikdən sonra xidmətə çağırılıb. Nümunəvi xidmətilə seçilən əsgərlər deyir:
- Mən və silahdaşlarım Vətən torpaqlarının müdafiəsində iştirak etdik. Hərbi həyata alışdıq. Ordu həyatı bizə Vətəni müdafiə etməyi, qorumağı, döyüş silahlarının sirlərini öyrətdi. Əsl kişilik, mətinlik məktəbi keçdik. Biz heç vaxt özümüzü ordudan kənarda hiss etməyəcəyik. Torpaqlarımızın azadlığı uğrunda döyüşlərə istənilən vaxt hazır olacağıq.
Elxan Həmidli isə Azərbaycan Texniki Universitetinin məzunudur. Ali təhsilini bitirdikdən sonra hərbi xidmətə çağırılıb, Sumqayıt şəhərindəndir. Ön xətdə xidmət edib. Səngər həyatından ayrılsa da, yenə döyüşçülər sırasına qayıtmağa hazır olduğunu deyir:
- Vətənimizin hər bir guşəsi bizə doğma və əzizdir. Qədim şeir, sənət diyarı sayılan bu yerlər bizə daha da doğmalaşdı. Vətən keşiyində durmaq şərəfini yaşadıq. Ordu həyatında əsl dostluğun, qardaşlığın nə olduğunu öyrəndik. Bu dostluğumuz, qardaşlığımız həmişə davam edəcək.
Murad Hacıyev də xidmətdə həmişə fərqlənib. Komandanlıq tərəfindən fəxri fərmana, qiymətli hədiyyələrə layiq görülüb. Ordumuzun qüdrətli inkişafından qürur hissi keçirdiyini deyən Murad Hacıyev Silahlı Qüvvələrimizin düşmən ölkənin ordusundan qat-qat güclü olduğunu diqqətə çatdırır. Bildirir ki, biz əsgər olaraq xalqımızın əsas arzusunun reallaşması üçün döyüşlərə hazır olacağıq.
Həmsöhbət olduğumuz digər əsgərlər də silahdaşları ilə həmrəy olduqlarını bildirdilər. Qeyd etdilər ki, onlar da Vətənin çağırışına həmişə hazırdırlar.
Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"