Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyul 2017 13:12

Gənclik gələcəyimizdir

Həyatda insanların baxış bucağı fərqlidir. Hər kəs də bu baxış bucağında yaşadığı zamanın tələblərini, meyarlarını yerinə yetirməyə çalışır, ömür payının ilmələrini hörür, əməlləriylə ömrünə min cür naxış vurur. Bu naxışlar xalqına, millətinə layiqli ömür yaşananda həm göz oxşayır, həm də könül xoşluğuna dönür.
İmran Rzayev İqtisad Universitetinin dosenti, iqtisad elmləri namizədidi. Tovuz rayonunun Xatınlı kəndində dünyaya göz açıb. Ailədə böyüklərindən daim xalqına, millətinə xeyirli övlad olmaq tövsiyələriylə böyüyüb və illəri arxada qoyaraq ömrünün 40 ildən çoxunu auditoriyalarda keçirib. 
Gələcəyimizin sahibi olan gənc nəslin Vətənə məhəbbət, xalqa, milli-mənəvi dəyərlərə hörmət, sədaqət ruhunda tərbiyə olunmasına həmişə məsuliyyətlə yanaşan İmran müəllim "Gənclik gələcəyimizdir" - deyir. Həmsöhbətim ümummilli liderimiz Heydər Əliyevin "Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir" kəlamını özünün yaşam amalı seçib.
- Vətən borcu, Vətən sevgisi hər bir gəncin ürəyində dərin köklər salıb, - deyir. - Bütün təhsil ocaqlarında vətənpərvərlik mövzusunda müsabiqələr, tədbirlər keçirilir. Gənclərimiz hansı amal və məqsəd uğrunda yaşadıqlarını, mübarizə apardıqlarını dərk edərək Vətənimizin adını ucaltmağa çalışırlar. Yüksək mənəviyyata malik gənclərimiz torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazırdılar. 
Xalqımız şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edib. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski, Həzi Aslanov, Mehdi Hüseynzadə, Əlif Hacıyev, Yusif Mirzəyev, Mübariz İbrahimov, Samid İmanov, Çingiz Qurbanov,... kimi igid və cəsur oğullarımızın fədakarlıqları gənc nəslə örnəkdir. Xalqımız qəhrəman xalqdır. Xalqımız öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib, yetişdirir və yetişdirəcək də...  
İmran müəllim qardaşı Amil Rzayevin Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmasından fəxarət qarışıq kövrəkliklə danışdı. "Keçmiş Sovet ordusunda əsgər olmuşdu. Mənfur qonşularımız ərazi iddiaları ilə torpaqlarımıza basqın edəndə, Amil Azərbaycan Dövlət Pedaqoji İnstitutunda oxuyurdu. Vətən eşqiylə döyünən qəlbinin tək nigarançılığı əzəli torpaqlarımızın işğala məruz qalması idi. Dördüncü kursda oxuyanda könüllülərlə cəbhəyə getmişdi. Qarabağın müxtəlif ərazilərində Gədəbəydə, Laçında, Tovuzda döyüşmüşdü.
Az sonra zabit rütbəsi alaraq xidmətini davam etdirmişdi. Xidməti müddətində olduqca məsuliyyətli, nümunəvi, qorxmaz zabit kimi komandanlığın etimadını qazanmışdı..."
1992-ci ilin fevralında Bakıya on günlük ezamiyyətə göndərilən zabitin fikri cəbhə bölgəsində, döyüşçü yoldaşlarının yanında qalmışdı. İşlərini tez qaydasına qoyaraq geri qayıtmağa çalışırdı.
Cəbhədə vəziyyət gərgin idi. Ezamiyyətinin ikinci günü hərbi hissə ilə əlaqə saxlayarkən Ağdərə istiqamətində vəziyyətin gərginləşdiyini biləndə özünə yer tapa bilmirdi. Şeyx Şamilin bir kəlamını təkrarlayırdı: "Bizdən nəvələrimizə qalacaq ən böyük miras istiqlal və hürriyyət uğrunda vuruşmaq, yeri gələndə bu yolda şəhid olmaqdır".
Təcili xidməti yerinə qayıdır və məhz onun komandirliyi altinda bir qrup hərbçi Ağdərədə ağır  döyüşə atılır...
Sonuncu döyüşdə düşmənin pusqusuna düşdüklərini biləndə cəsur zabit özünü itirmədən yoldaşlarını mühasirədən xilas etməyi bacarır. Özü bu əməliyyatda şəhid olub...
Amilin toyuna 10 gün qalmışdı. Yaşadığı qısa, lakin mənalı ömründə ən böyük sevgisiydi Vətən... Fədakar zabit ölümündən sonra "İgidliyə görə" medalı  ilə təltif edilib.
- Xalqımız qəhrəmanlarımızın xatirəsini daim əziz tutur, onları böyük ehtiramla yad edir. Dövlətimiz şəhid ailələrinə diqqət və qayğı ilə yanaşır, qəhrəmanların adları əbədiləşdirilir. Vətənpərvərliyin, şəhidliyin təbliğ olunması insanların, əsasən, gənc nəslin vətənpərvər ruhda tərbiyəsində əvəzsiz rol oynayır, - İmran müəllim belə deyir. 
"1987-ci ildə Rostova ixtisasartırma kursuna göndərilmişdim. O zaman ermənilərin ərazi iddiaları yenicə alovlanırdı. Bu kursda ermənilər də iştirak edirdilər. Orada bu mövzuda geniş müzakirələr aparmışdıq və mən Qarabağ haqqında geniş məlumat verərək ermənilərə Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar ucaldılan abidəni xatırlatmışdım. Faktlar qarşısında deyiləcək sözləri qalmamışdı..."    
Bu gün Azərbaycanın güclü orduya malik olmasından olduqca qürurluyuq. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən inkişaf etdirilən ordu quruculuğu strategiyasının nəticəsi olaraq Azərbaycanda qüdrətli ordu formalaşıb.
İmran müəllim də söhbətimizdə fəxrlə bildirdi ki, 2016-cı il aprelin əvvəllərində baş verən döyüşlər ordumuzun gucünü əyani şəkildə sübut etdi və hər kəsdə ruh yüksəkliyi yaratdı. "O günlərdə yüzlərlə tələbəmiz aidiyyəti qurumlara müraciət edərək, işğal olunan torpaqlarımızın azad edilməsində əsgərlərimizlə çiyin-çiyinə olmaq istəyirdi".
İmran müəllim də zabit atasıdır. Orduda ardıcıl olaraq keçirilən "Açıq qapı" tədbirlərində də bir neçə dəfə iştirak edib. "Belə tədbirlərin keçirilməsi xalq tərəfindən çox bəyənilən hadisədir. Valideynlər övladlarının xidmət yerləri, gündəlik məişət şəraiti ilə yaxından tanış olurlar. İnanın, milli xörəklərimizin qadın aşpazlar tərəfindən hazırlanmasını görəndə sevincimi gizlədə bilmədim".
- Nəvələrim Dövlət himnini eşidən kimi əllərini ürəklərinin üstünə qoyub onu əzbərdən oxuyurlar, - deyir. -  Bu, məndə o qədər qürur doğurur ki...
Azərbaycanın uğurlarının təməlində dövlət başçısının siyasətinin dayandığını danışan İmran müəllim Cocuq Mərcanlıda yaşayışın bərpa edilməsinə toxunaraq burada inşa olunan Şuşa məscidinin düşmənə ən təsirli mesaj olduğunu da vurğuladı.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"