Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyul 2017 13:05

Tariximiz, mənəvi dəyərlərimiz təbliğ olunur

Cəbhə xəttindəki bölmənin əsgər yataqxanasında olarkən ideoloji guşə diqqətimi çəkdi. Hələ dəhlizdə aprel döyüşləri qəhrəmanlarının və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların foto guşələri bölmədə ideoloji, təbliğat və təşviqat işinin yüksək səviyyədə aparıldığını göstərirdi. Bu isə şəxsi heyətə döyüş ruhu və vətənpərvərlik hissləri aşılanmasında böyük rol oynayır.
Bölmənin sinif otağına daxil olduqda əsgərlərin mənəvi-psixoloji hazırlığını yüksəltmək üçün görülən işlərlə tanış oldum. Yüksək tərtibatla hazırlanmış otaqda zabit bir qrup əsgərə ictimai-siyasi hazırlıq dərsi keçirdi. Sinifdə Azərbaycan Silahlı Qüvvələrinin yaranması və inkişafı tarixini, hərbi hissənin yaranma tarixini, Hərbi andı, ulu öndər Heydər Əliyevin ordu quruculuğunda xidmətlərini, Ali Baş Komandanın və Müdafiə nazirinin əsgərlərlə görüşlərini əks etdirən eksponatlar göz oxşayırdı.
Baş leytenant Elsevər Həsənov "Azərbaycan Ordusu" qəzetində mövzuya aid yazıları oxuyurdu. Əsgərlər isə onu maraqla dinləyirdilər. "Əsgərlər təkcə ictimai-siyasi hazırlıq vaxtlarında deyil, asudə vaxtlarında da qəzet və hərbi jurnalları vərəqləyir, maraq doğuran yazıları oxuyurlar", - deyir zabit. O,  26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində ordu quruculuğu, Azərbaycan Ordusunun yaranması və inkşafı mövzularında ictimai-siyasi hazırlıq məşğələlərinin təşkil olunduğunu deyir:
- Əsgərlərə hələ 1918-20-ci illərdə ilk ordu hissələrinin yaranmasından, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi müxtəlif illərdə ordu quruculuğunun inkişafı məqsədilə həyata keçirdiyi uğurlu islahatlardan və müasir dövrdə Azərbaycan Silahlı Qüvvələrinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən geniş məlumat verilir. Silahlı Qüvvələrimizin keçdiyi tarixi yoldan söz açarkən hərb tariximizə adları qızıl hərflərlə yazılmış sərkərdələr - Əlağa Şıxlinski, Səməd bəy Mehmandarov, Həzi Aslanov kimi generallarımız haqqında danışırıq. Həmçinin dərsin sonunda Ali Baş Komandanın və Müdafiə nazirinin cəbhə bölgələrində əsgərlərlə görüşləri, aprel döyüşlərində şücaət göstərmiş hərbi qulluqçuların mükafatlandırılması qeyd olunur, Silahlı Qüvvələrdə keçirilən taktiki təlimləri əks etdirən video-çarxlar nümayiş etdirilir.
Zabitin sözlərinə görə, mənəvi-psixoloji hazırlıq əsgərin döyüş qabiliyyətinə təsir edən əsas amildir. Ona görə də ordu quruculuğunda əsgərlərin mənəvi-psixoloji hazırlığının artırılması məsələsinə ciddi diqqət yetirilir. Hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri təşkil olunur, hərbi qulluqçulara vətənpərvərlik, qəhrəmanlıq, dövlətçilik və müstəqillik hissləri təbliğ olunur. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına ciddi diqqət göstərilməsinin nəticəsidir ki, Azərbaycan Ordusu mənəvi dəyərlərə sədaqətli, Vətən sevgisinin, düşmənə nifrət hissinin nə olduğunu dərk edən vətənpərvər əsgərləri öz sıralarında birləşdirir. Onların hər biri torpaqlarımızı işğaldan azad etmək amalı ilə xidmət edir.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR