Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyul 2017 13:00

“Şərəfli vəzifəmi yerinə yetirirəm”

Ön xətdə xidmət edən əsgərlərimizlə söhbətləşəndə Lənkəran rayonundan orduya çağırılan təcrübəli əsgər Murad Nəsirli ilə tanış oldum. Öyrəndim ki, zəhmətkeş bir ailədə təlim-tərbiyə görmüş  gəncin hərbi xidmətini başa vurmasına sayılı günlər qalıb. Bu məqsədlə onunla söhbətimə "Hərbi xidmət sənə nə verdi?" sualı ilə başladım.
- 15 aydır ki, doğulub boya-başa çatdığım bir məkandan dağların qoynuna, Vətənimizin keşiyində dayanmağa gəlmişəm, - deyir əsgər. - Bəlkə də bəzilərinə elə gəlir ki, ön xətdə xidmət etmək çətindir, amma belə deyil. Vətən keşiyində durmaq şərəflidir. İstiyə-soyuğa məhəl qoymadan Vətən sevgisi ilə düşmənin gözünə dik baxırıq, çünki ürəyimizdəki Vətən sevgisi bizə güc, qüvvə verir. Elə buna görə də bütün çətinliklərə sinə gəririk. Əslində, cəbhədə xidmət etmək həyatda vacib olan mənəvi keyfiyyətlər aşılayır. Vətən torpağının hər qarışının nə demək olduğunu anlayır, qorxmazlığı, mərdliyi öyrənirsən. Hərbi xidmətdən öncə, “ordu kişilik məktəbidir” ifadəsini tez-tez eşidirdim. Həqiqətən də belədir, burada nizam-intizamlı olmaq, hərbi qaydalara riayət etmək, döyüş növbətçiliyində düşmənlə üz-üzə, qəhrəmancasına dayanmaq lazımdır.
Baş leytenant Turab Kərimov tabeliyində olan təcrübəli əsgər haqqında ürəkdolusu danışdı. Qeyd etdi ki, nizam-intizamlı, xidmətini düzgün qurmağa çalışan, silahların sirlərini bilib, tutduğu vəzifənin öhdəsindən layiqincə gələn bir əsgərdir. "Doğrudur, Murad Nəsirlinin xidmət müddətini başa vurmasına az qalıb, lakin döyüş olarsa, bizimlə çiyin-çiyinə döyüşəcəyinə söz verib".
Ulu öndər Heydər Əliyev deyirdi: "Orduya çağırılan gənclər bilməlidir ki, onlar öz şərəfli vəzifələrini yerinə yetirməyə çağırılırlar. O gənclərin valideynləri bilməlidirlər ki, onların övladları ölkə, dövlət qarşısında öz vətəndaşlıq borclarını layiqincə yerinə yetirməlidirlər". Böyük həqiqətdir, doğrudan da, ürəyində Vətən sevgisi olan hər bir gənc Vətən keşiyində durmağa can atmalı, torpaqlarımızın düşməndən azad edilməsinə bir döyüşçü kimi hazır olmalıdır. Haqqında danışdığımız təcrübəli əsgər Murad Nəsirli də Ulu Öndərin kəlamlarını qürurla yaşadır, “Şərəfli vəzifəmi yerinə yetirirəm”, - deyir. Əlbəttə, inanmaq lazımdır ki, bu gün öz xidməti ilə hamının rəğbətini qazanan əsgər Nəsirli gələcək həyatında da Vətənə, xalqa, millətə layiqli vətəndaş olacaq!


Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR