Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyun 2017 09:23

Kursantların qiraət məharəti yüksək qiymətləndirildi...

Şeiri yazmaq da, oxumaq da xoşdur. Onu dinləmək isə başqa bir aləmdir. Qulaq asdığımız şeirin misralarından qəlbimizə hopan fikirlər bizi bir anlıq düşüncələr dünyasına aparır. Elə bir dünyaya ki, orada üzümüzə kamillik qapısı açılır.
Bu günlərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə "Azərbaycan Əsgəri" qiraət müsabiqəsi keçirildi. Müsabiqə zamanı kursantlar görkəmli şairlərimizin vətənpərvərliyi, qəhrəmanlığı və Azərbaycan əsgərini tərənnüm edən şeirlərini söylədilər, qiraət bacarıqlarını göstərdilər.
Bu yarışma Azərbaycan Həmkarlar İttifaqı İcraiyyə Komitəsinin C.Naxçıvanski adına Hərbi Liseylə 2014-2018-ci illər üçün mədəni hamilik üzrə tədbirlər planına əsasən keçirilir. Qaydalara uyğun olaraq, yarışmada qalib gələn kursantlar sözügedən qurumun rəhbərliyi tərəfindən mükafatlandırılır.
Ümumiyyətlə, vətənpərvərlik mövzusunda həm inşa, həm də qiraət müsabiqələrinin keçirilməsi Cəmşid Naxçıvanski adına Hərbi Liseydə ənənə şəklini alıb. Hərbi Liseyin rəhbərliyi kursantların hərbi vətənpərlik ruhunda tərbiyə olunması üçün bundan başqa da müxtəlif məzmunlu yarışmalar tez-tez təşkil edir.
Qiraət yarışmasını giriş sözü ilə müsabiqə komissiyasının sədri, Azərbaycan dili və ədəbiyyatı müəllimi Sahib Əsədov açıq elan edərək bildirdi ki, belə tədbirləri keçirməkdə məqsəd kursantlara vətənpərvərlik hisslərini aşılamaqdır.
Daha sonra Azərbaycan Həmkarlar İttifaqı İcraiyyə Komitəsinin nümayəndəsi Xoşqədəm Bağırova çıxış etdi və gələcəyin zabitlərinə uğurlar arzuladı.
Sonra qiraət müsabiqəsi başlandı. Zala sükut çökdü. Hamı diqqətini şeir söyləyən kursantlara yönəltdi. Növbə ilə səhnəyə çıxan kursantlar şeir söylədikcə özlərini bir anlıq böyük teatr salonlarında hiss edirdilər. Onların dilindən qopan şeirlər misra-misra, söz-söz ətrafa yayılırdı. Müxtəlif illərdə, müxtəlif şairlərin yazdıqları şeirlər sanki burada bir axında birləşmişdi. Kursantlar daha çox Vətəni, qəhrəmanlığı tərənnüm edən şeirlər söyləyirdilər. Onların özləri kimi, səsləri də bir-birinə oxşayırdı.
Kursantlar səhnədə bir-birini əvəz edir. Komissiya üzvləri kursantların bacarıqlarını qiymətləndirir, müvafiq qeydlər aparırlar. Hiss olunur ki, kursantlar bu dəfə də yarışa çox böyük həvəslə hazırlaşıblar. Həyəcanlı anlar isə davam edir...
Qiraət yarışmasında iştirak edən kursantlardan Tapdıq Mənsurov, Azər Əhmədov, Beyrək Quliyev, Ziya Hacıyev, Bəybala Bəşirov, Rəşid Məmmədzadə  və başqaları ilə söhbət edib ürək sözlərini dinlədim. Hiss etdim ki, onların poeziyaya maraqları böyükdür.
Yarışı diqqətlə izləyib qiymətləndirən əməkdar artist Qəmər Məmmədova fikirlərini bölüşərək dedi:
- Ötən il də qiraət yarışmasında iştirak etdim. Kursantları dinləmək mənim üçün çox xoşdur. Onların çıxışları ürəyimcə oldu. Müəllimlərin seçimlərinə afərin! Şeirləri də çox yaxşı idi. Mənim üçün kursantların hamısı qalibdir. Mən onları təbrik edir, gələcək xidmətlərində uğurlar arzulayıram.

Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey