Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyun 2017 09:22

Aprel döyüşlərinin iştirakçılarının ailə üzvlərinə qayğı

Azərbaycan Ordusunun gücünü təsdiqləyən Aprel zəfəri heç zaman unudulmayacaq. Ali Baş Komandan İlham Əliyevin "Aprel zəfəri dərsliklərə salınmalıdır" fikri hər birimizin düşüncələrimizə hopub.
Müdafiə Nazirliyi və Yeni Azərbarcan Partiyasının maliyə dəstəyi ilə aprel döyüşlərində şəhid olan, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ailə üzvlərinin bir qrupu Lənkərana - "Palıdlı sahil" istirahət mərkəzinə yola salınmışdır. Yeri gəlmişkən, bu, artıq ənənəvi tədbirlər sırasındadır. Belə ki, YAP ötən il də belə bir tədbirin həyata keçirilməsini təşkil etmişdi. Abdulla Qurbani  yolasalma mərasimində çıxış edərək dedi ki, tədbirə dəvət olunanlar bir həftə ərzində cənub bölgəsinin gorməli yerləri ilə tanış olacaq, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı yerləri, Şəhidlər xiyabanını ziyarət edəcək, muzeylərdə olacaqlar.
Tədbir təkcə istirahətlə məhdudlaşmayacaq. Astara, Lerik, Lənkəran rayonlarında əhali qazanılan qələbə üçün şəhid olanlarımızın, sağlamlığını itirənlərimizin ailə üzvləri ilə tanış olacaqlar ki, bu da vətənpərvərlik duyğularının daha da yüksəldilməsində vəsilə olacaqdır. Tədbirin davam etdiyi müddətdə Müdafiə Nazirliyi və "Palıdlısahil" istirahət mərkəzinin birgə təşkilatçılığı ilə silsilə mədəni-kütləvi tədbirlər keçiriləcəkdir ki, bu tədbirlərin də mahiyyəti dövlətçiliklə bağlı olacaq. Belə tədbirlər ordu ilə xalq arasında münasibətlərin daha da möhkəmlənməsinə yönəldilir.
Tədbir müddətində yerli incəsənət ustaları, özfəaliyyət kollektivlərinin üzvləri, eləcə də H.Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi maraqlı konsert proqramları ilə çıxışlar edəcəklər.
Istirahətə yola düşməzdən əvvəl Silahlı Qüvvərin Təlim və Tədris Mərkəzində iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi ziyarət edildi, önünə güllər qoyuldu. Hamı bir daha əmin oldu ki, heç kim unudulmur. Xalq şairi S.Vurğunun təəbirincə desək, Vətəni canından əziz bilənlər hamının əzizidir.
Şəhid Tural Həşimlinin atası Əbdül Həşimli belə bir tədbirə, bu diqqətə, qayğıya görə təşkilatçılara minnətdarlığını bildirdi.
Yolasalma mərasimində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun atası Salman Qurbanov dedi:
- Mənim oğlum da Vətən naminə döyüşdü, şəhid oldu. Onun xidmət yoldaşlarının hər birini oğlum bilirəm. Inanıram ki, əsgərlərimiz yaxın vaxtlarda qazanacağı qələbə ilə şəhidlərimizin ruhunu şad edəcəklər. Həmin gün Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə oğlumun adı verilmiş postda olacam. Bu tədbirə görə təşkilatçılara minnətdarlığımı bildirirəm.
Nicat İsgəndərlinin (Tərtər), Müşviq Orucovun (Zəngilan), Zakir Cəfərlinin (Ağdam) ailə üzvləri də bu tədbirdən məmnun qaldıqlarını dedilər.
... Anaların baxışlarında kövrəklik qarışıq məmnunluq duyulur.
Azər Məmmədovun azyaşlı qızı hərdən atasına, hərdən tədbirin təşkilatçısı Abdulla Qurbaniyə, hərdən ayaq saxlayan zabitlərə baxır. Nə düşünür görəsən?...
C.Naxçıvanski adına Hərbi Liseyin kursantları aprel döyüşlərində şəhid olanların, döyüşlərdə sağlamlığını itirənərin ailə üzvlərini Lənkərana alqışlarla yola saldılar.
Lənkaranda "Palıdlı sahil" istirahət mərkəzinin bir həftəsi təkcə istirahət edənlərin deyil, tədbirin təşkilatçılarının da, istirahət edənlərlə ünsiyyətdə olanların da yaddaşından heç zaman silinməyəcək.

Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"