Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyun 2017 09:21

“Azərbaycanın xilas günü”

İyunun 14-də Azərbaycan Hərb Tarixi Muzeyində 15 iyun -Milli Qurtuluş Gününə həsr olunmuş "Azərbaycanın xilas günü" adlı tədbir keçirilib. Tədbirdə Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları, həmçinin hərbi hissələrin və ictimaiyyətin nümayəndələri iştirak edirdi.
Əvvəlcə Ulu Öndərimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan həmvətənlilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni səsləndirildi.
Muzeyin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə tədbiri açıq elan edərək "15 İyun - tariximizin parlaq səhifəsidir" mövzusunda məruzə ilə çıxış etdi. Polkovnik  Milli Qurtuluş Gününün Azərbaycanın dünənini, bu gününü və gələcəyini təyin edən tarixi bir gün olduğunu qeyd edərək dedi:
- Müstəqilliyin ilk illərində ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, hakimiyyət uğrunda gedən qardaş qırğınları, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycan dövlətini parçalanmaya doğru aparırdı. Vətənin bu dar günündə xalqın təkidli tələbi ilə Bakıya gələn ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Azərbaycanın böyük oğlu Heydər Əliyev ölkəmizi ictimai-siyasi böhrandan, xaosdan, hərc-mərclikdən xilas etdi. Beləliklə, dövlət quruculuğumuzun ən mühüm tarixi mərhələsi olan 15 iyun, Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Heydər Əliyev irsinin ordu quruculuğuna verdiyi töhfələrdən də söz açan muzey rəisi, bu gün müstəqilliyimizin, dövlətçiliyimizin dayağı olan doğma ordumuzun əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd etdi. Bugünkü gündə Ümummilli Liderin ordu quruculuğu siyasətinin Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və nizami ordumuzun hərbi qüdrətinin günü-gündən artdığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Sonra muzeyin elmi işçisi tarix elmləri  üzrə fəlsəfə doktoru Vahid İsmayılov "Heydər Əliyev və beynəlxalq güclərin Azərbaycanda maraqları" mövzusunda məruzə ilə çıxış etdi. O, Ümummilli Liderin bütün fəaliyyətinin müstəqil Azərbaycan dövlətinin təşəkkül etməsinə kökləndiyini vurğulayaraq dedi:
- Dövlət quruculuğu mürəkkəb prosesdir. Müstəqil dövlət quruculuğundan danışarkən ölkənin xarici siyasət kursuna nəzər salmamaq mümkün deyildir. Heydər Əliyev mürəkkəb qlobal və regional vəziyyətin mövcud olduğu bir şəraitdə elmi baxımdan əsaslandırılmış xarici siyasət kursu müəyyənləşdirdi. Bu, Azərbaycan dövlətçiliyi üçün tarixi töhfə idi. Ulu Öndər ölkənin xarici siyasətinin bütün əsas istiqamətlərini müəyyənləşdirdi. Həmin istiqamətlər üzrə siyasi-diplomatik fəaliyyətin məzmunu və məqsədini dəqiqləşdirdi. Onun konkret tövsiyyələri və tapşırıqları əsasında xarici siyasətdə bir-birinin ardınca uğurlar əldə edildi.
Məruzəçi hər kəsin haqqında danışdığı "balanslaşdırılmış xarici siyasət kursu"nun  əsasının məhz Ümummilli Lider tərfindən qoyulduğunu və həmin kursun nəticəsi olaraq ölkəmizin Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Müstəqil Dövlətlər Birliyi (MDB) və çoxlu sayda digər təşkilatlara üzv olmasını qeyd etdi.
Tədbirin sonunda Milli Qurtuluş Gününə həsr olunmuş sənədli film nümayiş olundu.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"