Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyun 2017 09:20

Müstəqilliyimizin dayağı - xalqımızın qürur mənbəyi

Silahlı Qüvvələrimizin ildönümü ərəfəsində, yəni iyunun 15-də Azərbaycan xalqı müstəqil dövlətçiliyimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin ölkədə ikinci dəfə siyasi hakimiyyətə qayıdışının ildönümünü - Milli Qurtuluş Gününü böyük təntənəylə qeyd etdi. Müstəqilliyimizin qorunub möhkəmləndirilməsində misilsiz xidmətləri olmuş dahi rəhbərin Vətənimizin gələcəyi naminə həyata keçirdiyi əsas islahatlardan biri də Silahlı Qüvvələrimizin yaradılması idi.
Müdrik siyasətçi və qətiyyətli sərkərdə bildirirdi ki, müstəqil dövlətin qüdrətini, gücünü ifadə edən əsas amillərdən bəlkə də ən vacibi onun güclü orduya malik olmasıdır. "Azərbaycan Ordusu, Silahlı Qüvvələrimiz böyük gələcəyə baxmalıdır. Ancaq bu böyük gələcəyi təmin etmək üçün bu gün Azərbaycanın güclü ordusu olmalıdır. Bu ordu sabah ondan güclü, beş il sonra ondan da güclü, on il, on beş il sonra daha da güclü olmalıdır. Azərbaycan Prezidenti və Ali Baş Komandan kimi, mən bu siyasəti aparıram və sizdən onu tələb edirəm. Buna nail olmaq üçün öz tərəfimdən əlimdən gələni etmişəm və bundan sonra da edəcəyəm".
Əslində dahi rəhbərimiz hələ sovet dönəmində  xalqımızın nə vaxtsa müstəqil olacağını düşünərək məqsədyönlü islahatlara başlamışdı. İndiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması da bilavasitə müdrik şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Belə bir təhsil müəssisəsinin həmin dövrdə yaradılması böyük risk tələb edirdi və yalnız xalqının gələcəyi üçün narahat olan bir siyasi xadim belə cəsarətli addımı atmağa cürət edərdi.
Azərbaycan xalqının əsl bayram coşqusu ilə qeyd etdiyi əlamətdar günlər sırasında Silahlı Qüvvələr Gününün də yer alması təsadüf sayıla bilməz. Çünki ordu dövlətçiliyimizin, müstəqilliyimizin etibarlı dayağıdır. Bu əlamətdar hadisənin 26 iyun tarixinə təsadüf etməsi də tarixi zərurətdən irəli gəlir və xalqımızın keçmişinə verilən yüksək dəyərdir. Azərbaycan Ordusunun mövcudluğundan qürur duyan hər bir Azərbaycan vətəndaşı yaxşı bilir ki, ordumuzun güclənməsi əslində müstəqilliyimizin möhkəmlənməsinə və qorunub saxlanmasına güclü təminatdır.
XX əsrin əvvəllərində müstəqillyinə qovuşan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay mövcud olmasına baxmayaraq, belə qısa zaman ərzində öz ordusunu yaratmağa imkan tapdı. Məşhur hərb xadimlərimizdən Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov ilk ordu qüvvələrinin yaradılmasına və ölkədə hərbi strukturların formalaşmasına böyük əmək sərf etmişdilər. Paytaxt Bakıda və Gəncə şəhərində hərbi hissələrin, hərbi məktəblərin yaradılması, ölkədə hərbi çağırış sisteminin formalaşması, qısa  vaxtda əldə edilmiş uğurlar idi.
Doğru deyiblər ki, tarix təkrar olunur. Ötən əsrin sonlarına yaxın xalqımız yenidən dövlət müstəqilliyini bərpa etdi və azad yaşamaq arzusunu gerçəkləşdirdi. Azərbaycanda dövlət və ordu quruculuğu sahəsində tarixi ənənələrin bərpa edilməsi zərurətə çevrildi. 
Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir və belə ağır şəraitdə Azərbaycan xalqı haqlı olaraq dünya şöhrətli siyasətçi, müdrik şəxsiyyət Heydər Əliyevə üz tutdu, onu təkidlə siyasi hakimiyyətə dəvət etdi. Dahi rəhbərin 1993-cü ilin iyununda Azərbaycanın siyasi  rəhbərliyinə qayıdışı  bütöv bir xalqı bütün təhlükələrdən, xüsusən də müstəqilliyini itirmək təhlükəsindən xilas etdi.
Bir faktı da qeyd etmək lazımdır ki, millətinin gələcəyini düşünən dahi rəhbər siyasi nüfuzundan istifadə edərək gənclərin keçmiş ittifaqın müxtəlif hərbi məktəblərinə oxumağa göndərilməsinə şərait yaradırdı. Belə gənclər hərbi peşələrə yiyələnərək müstəqillik dövrümüzdə ordu quruculuğuna dəyərli töhfələrini verdilər. Göründüyü kimi, müdrik siyasi xadim zamanında Azərbaycanın gələcəyi üçün çox mühüm addımlar atdı və ordu quruculuğunda qazanılan uğurların səbəbini də belə uzaqgörənliklə əlaqələndirmək çox düzgündür.
Müharibədə əsaslı dönüşün başlanğıcı da Heydər Əliyevin adı ilə bağlıdır, çünki ölkənin ağır vaxtında xalqı səfərbər etməyi bacaran lider çox qısa vaxtda on minlərlə gəncin döyüşən orduya göndərilməsini təmin etdi. O, bir komandan olaraq cəbhə xəttinə müntəzəm səfər etdi və döyüşçülərlə görüşdü. Müstəqil Vətənimizin taleyində hər kəsin mühüm rolunu dəyərləndirərək əsgər və zabitlərin qarşısında ən müqəddəs vəzifənin - torpaqlarımızın işğalçılardan qorunmasının dayandığını bildirdi. Bilavasitə səngərlərdə hərbi qulluqçularla görüşən rəhbər onlara şəxsən hədiyyələr təqdim edirdi, Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunu artırmaq üçün konkret addımlar atırdı. Məhz belə səfərlərdən sonra Azərbaycan Ordusunun əks-hücumları baş verdi və Beyləqan-Füzuli istiqamətində onlarla yaşayış məntəqəsi işğaldan azad edildi.
Cəbhədə məğlubiyyətlə üzləşən işğalçı Ermənistan 1994-cü il mayın 12-də atəşkəs haqqında sazişə imza atdı. Bu fasilədən isə Azərbaycan rəhbərliyi müdrikcəsinə bəhrələnərək ordu quruculuğunu inkişaf etdirdi, hərbi hissələrin döyüş hazırlığı və maddi-texniki bazası əhəmiyyətli dərəcədə yüksəldildi.
Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə Silahlı Qüvvələrimizin tərkibində yaradılan sülhməramlı bölmənin şəxsi heyəti dünyanın münaqişə bölgələrində - İraqda, Kosovoda və Əfqanıstanda müqəddəs missiyanın - əmin-amanlığın və sabitliyin qorunmasına öz dəstəyini əsirgəmədi. İnkişaf etmiş ölkələrin dövlət bayraqları ilə bir cərgədə Azərbaycanımızın da üçrəngli bayrağının dalğalanması, doğrudan da, hər bir vətəndaşımızda sonsuz qürur doğurmaya bilməzdi.
Yaxşı yadımdadır, bir dəfə münaqişə bölgəsindən qayıtmış bir qrup sülhməramlı əsgərimizlə görüşəndə onların qürurlu baxışları marağıma səbəb olmuşdu. NATO-nun sülhyaratma qüvvələrinin komandanlığı tərəfindən keçirilmiş döyüş hazırlığı təlimində azərbaycanlı hərbi qulluqçular ABŞ və Kanada kimi nüfuzlu dövlətlərin sülhməramlılarından sonra üçüncü yeri tutmuşdular. Həmin vaxt NATO dövlətlərinin bir sıra nüfuzlu qəzet və jurnallarında Azərbaycan sülhməramlıları barəsində məqalələr dərc edilmişdi.
Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılmasını daim diqqətində saxlayan Ümummilli Liderimiz gənc nəslin vətənpərvərlik tərbiyəsinə böyük əhəmiyyət verirdi. O, ordu quruculuğunu inkişaf etdirməyi ümumxalq vəzifəsi hesab edərək ailədən tutmuş pedaqoji və ictimai kollektivlərə qədər hamının bu vacib sahədə rolunu əhəmiyyətli sayırdı və tövsiyə edirdi ki, Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimiz və dövlətə, Vətənə sədaqət ruhunda tərbiyə edilməlidir. "Qəhrəman Azərbaycan əsgəri, müqəddəs Azərbaycan torpağının, müstəqil Azərbaycan Respublikasının müdafiəsi yolunda irəli!" - deyən Ulu Öndərin çağırışından ruhlanan gənc nəsil həvəslə hərbi peşələrə yiyələnərək taleyini dövlətçiliyimizin dayağı olan orduya həsr edirdi.
Dahi sərkərdənin fikrinə görə, güclü, qüdrətli ordu Azərbaycanın dövlət müstəqilliyini əbədi etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün əsas amildir, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşamasının təminatıdır. Bu cəhətdən də Azərbaycan Ordusunun döyüş potensialının gücləndirilməsi onun siyasi kursunda əsas istiqamətlərdən idi.
Xalqımız fəxr edir ki, müasir dövrdə Ulu Öndərin irsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqil dövlətçilik kursunu inkişaf etdirən ölkə başçısı həm suverenliyimizin, həm də ərazi bütövlüyümüzün qarantı olan Azərbaycan Ordusunun hərbi qüdrətinin artırılmasına daim diqqət yetirir. Dövlətin yüksək qayğısı sayəsində doğma ordumuzun bölgədə nüfuzu daha da artıb və beynəlxalq səviyyəli hərbi ekspertlər də bu qənaətdədirlər ki, artıq Azərbaycan Silahlı Qüvvələri dünyanın güclü orduları sırasında yer tutur.
 Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bir qayda olaraq bütün çıxışlarında ordu quruculuğu məsələlərinə toxunaraq bildirir ki, bir sahədə qazanılan uğurlar dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini və vətənpərvərliyini nümayiş etdirir. "Dəfələrlə demişəm, bu gün də deyirəm, bütün sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində Azərbaycanın üstünlüyünü görməmək mümkün deyil. Aprel döyüşləri də göstərdi ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və istənilən vəzifəni icra edə bilər".
Əlbəttə, 2016-cı ilin aprel zəfəri tək düşmənlərimizə deyil, beynəlxalq aləmə də bir həqiqəti sübut etdi ki, dövlətin qayğısı və xalqın etimadı ilə əhatə olunan Silahlı Qüvvələrimiz qarşısında dayanan hər bir vəzifəni uğurla yerinə yetirməyə qadirdir.
Azərbaycan xalqını böyük gələcəyə aparan ən mühüm amil ulu öndərimiz Heydər Əliyevin irsidir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Akademiyada keçirilən elmi konfransda çıxışı zamanı qeyd etdi ki, Ulu Öndərimizin siyasi hakimiyyətdə olduğu illər hərb tariximizin mühüm dövrünü əhatə edir. Nazirin təbirincə, “Heydər Əliyev irsi Silahlı Qüvvələrimizin şəxsi heyətinə ən layiqli örnəkdir və buna görə də hərbi qulluqçular tərəfindən dərindən öyrənilir".

Arif PƏNAHOV, "Azərbaycan Ordusu"