Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyun 2017 11:00

Sürət, çeviklik, əzmkarlıq

Silahlı Qüvvələrin atletika birinciliyi keçirilib
Silahlı Qüvvələrin atletika birinciliyi də artıq arxada qaldı. İyunun 6-da Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda startı verilən yarışlarda  müxtəlif qoşun növlərindən gəlmiş kişi və qadın idmançılar bu idmanın ayrı-ayrı növləri üzrə mübarizə apardılar. Açılış mərasimində çıxış edən Müdafiə Nazirliyi fiziki hazırlıq və idman şöbəsinin rəisi polkovnik Sadiq Paşayev yarış iştirakçılarını salamladı və onlara uğurlar arzuladı.
Birincilikdə 14 komandadan 150-dən artıq  atlet yeddi növdə mübarizə aparırdı. Beynəlxalq qaydalara uyğun keçirilən birincilikdə kişi və qadın idmançılar 100, qadınlar 1000 metr, kişilər 3000 metr məsafəyə qaçış, hündürlüyə və uzununa tullanma, nəhayət, 4x400 məsafəyə estafet yarışında güclərini sınadılar. Artıq iki ildir ki, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının hakimləri yarışları idarə edir, birinciliyin ədalətli və obyektiv keçməsi üçün əllərindən gələni əsirgəmirlər. Birinciliyin baş hakimi, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının dosenti, respublikanın əməkdar məşqçisi Şirin Vəliyev idi və onun rəhbərliyilə hakimlər öz vəzifələrinə yetərincə məsuliyyətlə yanaşdılar, nəticədə ən güclü və çevik atletlər birinciliyin qalibləri adlarını qazandılar.
Təntənəli açılış mərasimindən sonra birinciliyin ilk günündə start xəttinə sprinterlər çıxdılar və hakimlərin nəzarəti altında 100 metr məsafəyə qaçdılar. Bu məsafəyə yarışda həm qadın idmançılar, həm də kişi atletlər iştirak edirdi. Qadınlar həm də 1000 metr məsafədə birinciliyin medalları uğrunda mübarizə apardılar. Əminliklə demək lazımdır ki, qadın hərbi qulluqçular əzmkarlığa görə kişi idmançılardan heç də geri qalmırdılar.
Bir sözlə, Silahlı Qüvvələrin atletika birinciliyi yüksək ovqatla keçirildi və daha çox layiq olanlar adlarını mükafatçılar sırasına yazdırdılar.
Yarışların yekununda polkovnik Sadiq Paşayevin birinciliklə bağlı fikirlərini öyrəndik.
- Yarış maraqlı idman mübarizəsi şəraitində keçdi, - polkovnik dedi. - Hiss olunur ki, həm idman mütəxəssisləri, həm də idmançılar birincilik ərəfəsində ciddi  hazırlaşıblar. Nəticələr də ürəkaçandır. Bir növdə, hündürlüyə tullanmada özünüz də gördünüz ki, iki idmançı eyni yüksək nəticə göstərdi. Hakimlər təklif etdilər ki, beynəlxlaq qaydalara uyğun olaraq hər iki atletə qızıl medal verilsin. Biz onların qərarı ilə razılaşdıq. Bu həm də yarışların ədalətli keçməsini göstərir. Doğrudan da, bu birincilikdə də ən güclülər qalib adını qazandılar və adlarını yarışların tarixinə yazdırmağı bacardılar.

100 metr məsafəyə qaçış
Ən qısa məsafəyə kişilərin yarışı da gərgin idman mübarizəsi şəraitində keçdi və atletlər qısa aralanmalarla finiş xəttini keçdilər. Yarışda da qərb bölgəsinin nümayəndəsi əsgər Cahangir Əlimərdanov finişə hamıdan tez çatdı və məsafəni 11.49 saniyəyə qaçaraq qalib adını qazandı. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı Elçin Fərəcov ikinci nəticə ilə birinciliyin  gümüş medalına yiyələndi. Hərbi Hava Qüvvələrinin atleti Kamran İbrahimov üçüncü nəticə göstərdi.
Qadınlar arasında 100 metr məsafəyə qaçışda "Şəmkir" komandasının idmançısı kiçik çavuş Ülkər Sadıqova bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatdı. Qeyd etmək lazımdır ki, ötənilki birincilikdə də kiçik çavuş Ülkər Sadıqova mükafatçılar sırasına düşmüş, ikinci olmuşdu. O zaman Ülkər söz vermişdi ki, növbəti birinciliyə yüksək səviyyədə hazırlaşacaq və birinci yeri tutacaq. Kiçik çavuş verdiyi sözə sadiq qaldı, iradə və əzmkarlıqla yarışaraq qızıl medala sahib çıxdı. Bu növdə "Bərdə" komandasının atleti  əsgər Zəhra Babayeva finişə ikinci çatdı. "Mühafizəçilər"in yetirməsi əsgər Gülnarə Məmmədova isə üçüncü nəticə göstərməklə birinciliyin bürünc medalını qazandı.  

1000 metr məsafəyə qaçış
Qadınların 1000 metr məsafəyə qaçışı da idman mübarizəsi şəraitində keçdi. Əsgər Firəngiz Kərimova (HHQ) daha yaxşı çıxış edərək bütün rəqiblərini qabaqlamağı bacardı. Firəngiz ikinci ildir ki, Silahlı Qüvvələr birinciliyinin qalibi olur və komandasına vacib xallar qazandırır. "Beyləqan" komandasının atleti qadın hərbi qulluqçu Samirə Əhmədli yarışı ikinci yerdə başa vurdu və birinciliyin gümüş medalını qazandı. Təlim və Tədris Mərkəzinin zabiti Cəmilə Rəfiyeva mübarizəni üçüncü başa vurdu və mükafatalayiq yeri özünə təmin etdi.    

3000 metr məsafəyə qaçış
Kişilərin 3000 metr məsafəyə qaçışında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı Qəşəm Səfərov komandasına  birinciliyin  qızıl medalını  qazandırdı. Ondan sonra finişə Hərbi Hava Qüvvələrinin idmançısı gizir Fəqət Quliyev çatdı. “Şəmkir” komandasını təmsil edən kiçik çavuş Adil Qiyasov sonuncu mükafatçı oldu və komandasına vacib xallar qazandırdı.     
Uzunluğa tullanmada Hərbi Hava Qüvvələrinin idmançısı leytenant Kamran Hüseynov  hamıdan yaxşı nəticə göstərərək qızıl medal qazandı. Gənc zabit ötənilki birincilikdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı kimi çıxış edərək birinci olmuşdu. İkinci yeri əsgər Mahir Əliyev tutaraq gümüş medala yiyələndi. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı Hicran Kərimli isə bürünc medala layiq görüldü. 

Hündürlüyə tullanma
Hündürlüyə tullanma atletika yarışlarında ən baxımlı növlərdəndir. Bu növdə idmançının texniki ustalığı da, gücü də, çevikliyi də dərhal nəzərə çarpır və tamaşaçıda rəğbət oyadır. Ona görə  yarışı stadionda hamı maraqla izləyirdi və nəticələr də yetərincə maraqlı oldu. Digər rəqiblər mübarizəni dayandırdıqdan sonra əsas mübarizə "Şəmkir" komandasını təmsil edən, birinciliyin ötənilki qalibi əsgər Ələs Zeynalovla "Bərdə" komandasının atleti gizir Samir Xəlilov arasında getdi. Hər iki idmançı eyni hündürlüyə tullandıqlarına görə, hakimlərin qərarına əsasən birinciliyin qızıl medalını qazandılar. Əsgər Pərvin Əsədov (HHQ) yarışı üçüncü yerdə başa vuraraq bürünc medala yiyələndi.

4x400 metr məsafəyə estafet
Nəhayət, 4x400 metr məsafəyə estafet yarışı da idmançılar və mütəxəssislər tərəfindən yetərincə maraqla izlənildi. Məlum olduğu kimi, atletikanın bu növü idmançılardan sürət, texnika, cəldlik kimi keyfiyyətlərdən əlavə, şübhəsiz, kollektivçilik hissi də tələb edir. Atletlər estafet çubuğunu bir-birinə ötürərək finiş xəttinə can atırdılar. Ötən il olduğu kimi, kursantlardan ibarət dördlük bu dəfə də ən yaxşı nəticə göstərdilər və birinciliyin qızıl medalına layiq görüldülər. "Şəmkir"in yetirmələri ikinci, Hərbi Hava Qüvvələrinin idmançıları isə üçüncü yerləri bölüşdürdülər. Ötənilki birincilikdə isə HHQ komandası ikinci, "Şəmkir" üçüncü olmuşdu.

Kubok “Şəmkir”ə nəsib oldu
Komanda yarışlarında da əsas mübarizə "Şəmkir",  Hərbi Hava Qüvvələri və "Bərdə" idmançıları arasında getdi. "Şəmkirlilər" Silahlı Qüvvələr birinciliklərində həmişə favorit kimi çıxış ediblər. Ötənilki atletika yarışlarında da onlar ikinci yeri tutmuşdular. Amma bu dəfə qərblilər  daha yaxşı çıxış edərək komanda hesabında birinci yeri tutdular. Onlar fərdi hesabda  üç qızıl, bir gümüş və bir  bürünc medal əldə etdilər və rəqibləri üçün əlçatmaz oldular. Hərbi Hava Qüvvələrinin komandası iki qızıl, bir gümüş və üç bürünc medalla ikinci oldular. "Bərdə" idmançıları isə ümumi hesabda iki gümüş medalla üçüncü nəticə göstərdilər.
Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən bağlanış mərasimində  Müdafiə Nazirliyi fiziki hazırlıq və idman bölməsinin rəisi polkovnik Sadiq Paşayev çıxış edərək qalibləri təbrik etdi, birincilikdə komanda və atletlərin iştirakını dəyərləndirdi, onlara xidmətlərində uğurlar arzuladı.  Sonra qaliblərə mükafatlar təqdim edildi. Birinciliyin kubokunu "Şəmkir" komandası qazandı. 

Əbülfət QASIMOV, "Azərbaycan Ordusu"