Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyun 2017 10:57

Tankçı olmaq uşaqlıq arzusu idi

Doğma Azərbaycanımızın bütün sahələrində olduğu kimi, ordu quruculuğunda da yüksək inkişafın hər addımda şahidi oluruq. Ali Baş Komandanın və Müdafiə nazirinin orduya göstərdiyi diqqət və qayğı sayəsində regionda sözünü deyə bilən, müasir silah və texnika ilə təmin olunan qüdrətli ordumuz formalaşıb. Belə güclü və müasir orduda xidmət edən zabitlərin üzərinə şəxsi heyətə döyüş vərdişlərini, silah və texnikadan istifadə qaydalarını öyrətmək, həmçinin onlara döyüş ruhunun aşılanması, mənəvi-psixoloji hazırlığının yüksək tutulması kimi mühüm vəzifələr düşür. Onlar hərb sənətinə olan sevgiləri, vətənpərvərlikləri, dövlətimizə bağlılıqları ilə tabeliklərində olan əsgərlərə həm şəxsi nümunə olur, həm də bilik və bacarıqlarını öyrədirlər. Belə bacarıqlı zabitlərdən biri ilə ön xətdə ezamiyyətim zamanı tanış oldum.
Qərargahda polkovnik-leytenant Elşən Yusifovla söhbət edərkən, tank taqım komandiri leytenant Elşən Şahverdiyevdən ağızdolusu danışdı. Onun bilikli, məsuliyyətli və vəzifəsinin öhdəsindən bacarıqla gələn zabit olduğunu dedi. Daha sonra zabitlə birlikdə gənc leytenantı yaxından tanımaq üçün parkda texnikalara qulluq göstərən şəxsi heyətin yanına getdik. Leytenant Elşən Şahverdiyev tabeliyindəkilərlə birgə həm texnikalara qulluq göstərir, həm də texnikanın üzərinə quraşdırılmış silah və top haqqında heyət üzvlərinə məlumat verirdi. Yaxınlaşıb onunla həmsöhbət oldum.
Tanışlıqdan məlum oldu ki, gənc zabit Salyan rayonundandır. 2012-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olan zabit 2016-cı ildə leytenant rütbəsi alaraq tank bölməsinin taqım komandiri kimi "N" hərbi hissəsində xidmətə başlayır.
- Necə oldu ki, hərbçi olmaq qərarına gəldin? - deyə ondan soruşdum.
- Atam Qarabağ döyüşlərində iştirak edib. Mən hər dəfə onun ağrılı-acılı müharibə xatirələrini eşidəndə gözlərim dolurdu. Ermənilər xalqımızın başına olmazın müsibətlər açıb, torpaqlarımızı işğal ediblər. Belə bir şəraitdə qəti qərara gəldim ki, hərbçi olacam. Fikrimi bir gün atama bildirdim. O, çox sevindi. Atam məni hərbçi kimi görmək istəyini gizlətmirdi. Həmişə deyərdi ki, əgər yaxşı bir zabit və yaxşı bir insan olmaq istəyirsənsə, onda bu torpaqları çox sev, onun üzərində nə varsa, hamısını daha çox sev. İndi özümü xoşbəxt hesab edirəm, çünki həyatda məqsədim, məramım müqəddəsdir. Hər dəfə atama da dönə-dönə minnətdarlığımı bildirirəm. Vətənimizin qorunmasında bir övlad, bir vətəndaş, bir hərbçi kimi iştirakımla qürur duyuram.
Elşənin dediyinə görə, tankçı olmaq onun yeniyetmə yaşlarından arzusu idi. Ürəkdən gələn bu istək, arzu isə onu pillə-pillə ucaldır. Zamanında hərbi bilikləri mənimsəyib, döyüş təcrübəsi qazanmaq üçün yorulmadan çalışıb. Elə buna görə də əsl komandirə xas xüsusiyyətlər onda cəmləşib. Gənc zabit öz bilik və bacarığına görə istər bölmə komandirinin, istərsə də hərbi hissə komandanlığının rəğbətini qazanıb.
Tabeliyindəkilərə son dərəcə tələbkar və qayğıkeş olan zabit bildirdi ki, hər bir komandir tabeliyindəkilərin təlim-tərbiyəsi ilə yanaşı, onların problemlərini də öyrənməli, onlarla komandir-əsgər münasibətləri qurmağı bacarmalıdır. "Çalışıram ki, tabeliyimdə olan hər kəs ürəyindəkiləri məndən gizli saxlamasın. Ona görə də boş vaxtlarımda onlarla mütəmadi söhbət edirəm. Belə münasibət şəxsi heyətdə inam və etibar hisslərini, döyüş vərdişlərini gücləndirir. Yalnız belə olan halda onların döyüş ruhu da yüksək səviyyədə olur."
Zabitlə söhbətim qəlbimdə xoş hisslər yaratdı. Doğrudan da, belə hazırlıqlı, vətənpərvər zabitlərimizlə tanış olanda fərəhlənirəm. Onlara "Vətən sizin kimi oğullarla fəxr edir", deyərək, çətin, məsuliyyətli və bir o qədər də şərəfli hərbçi həyatında uğurlar arzulayıram. Əlbəttə, belə zabitlərimizin hesabına ordumuz daha da qüdrətlənir.

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR