Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyun 2017 10:50

“Mərmilərin heç biri hədəflərdən yayınmadı”

Tarix boyu hərbi əməliyyatlarda artilleriya divizionları böyük rol oynayıb. Digər qoşun növlərindən arxada mövqe tutan artilleriyaçılar düşmənə ağır zərbə endiriblər. Bu gün də Silahlı Qüvvələrimizdə artilleriyaçılar üzərlərinə düşən böyük və məsuliyyətli tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirirlər. Fərəhlə qeyd etmək lazımdır ki, ordumuzda kifayət qədər savadlı və bacarıqlı artilleriyaçılar xidmət edirlər. Mütəmadi olaraq keçirilən irimiqyaslı təlimlərdə artilleriya bölmələri də daim yüksək nəticələr göstərir. Bu yaxınlarda baş tutan təlimdə bunun bir daha şahidi olduq.
"Həyəcan" siqnalı ilə qaldırılan şəxsi heyət təyin edilmiş rayona çıxarılıb. Cəmləşmə rayonunda yerləşdikdən sonra bölmələr ixtisas üzrə praktik məşğələdə iştirak edib və artilleriya qoşunlarında silahlanmaya qəbul edilmiş müasir texnika və vasitələr barədə təlimatçı zabitlər məlumat veriblər.
Artilleriyaçılar yuxarı komandanlığın tapşırığına əsasən, müxtəlif döyüş tapşırıqlarını icra ediblər. Təlimin sonuna doğru hər bir divizion artilleriya silahlarından döyüş atışlarını yerinə yetirib. Müxtəlif məsafələrdə hərəkət edən və hərəkətsiz hədəflərin məhv edilməsi üçün döyüş mərmilərindən istifadə edilib ki, bu da topçuların praktik vərdişlərinin möhkəmləndirilməsi istiqamətində növbəti addım olub.
Təlimin yekununda "N" hərbi hissəsinin divizionu birləşmənin ən yaxşı artilleriya divizionu adına layiq görülüb. Onu da qeyd edək ki, təlimə cəlb olunmuş bölmələrin hamısı yüksək döyüş hazırlığı nümayiş etdirib.
Bölmələrin döyüş hazırlığı sahəsində əldə etdiyi uğurlar tək bir adamın deyil, bütün kollektivin zəhməti ilə qazanılıb.
Biz də təlimdə fərqlənən şəxsi heyətlə görüşmək üçün "N" hərbi hissəsinə gəldik. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına cavabdeh zabit polkovnik-leytenant İsmiyət Kərimovla görüşdük. Zabit hərbi hissənin təlimdə qazandığı nailiyyətlərdən ağızdolusu danışdı.
- "Təlimdə tər - döyüşdə zəfər". Bu hikmətli, dəyərli sözlər dəfələrlə tarixin sınaqlarından çıxıb, - deyə zabit sözə başladı. - Hərbi hissəmizin şəxsi heyəti keçirilən irimiqyaslı təlimlərdə fəal iştirak etdi. Topçularımız hədəfləri dəqiq və vaxtında vuraraq, müsbət nəticələr göstərdilər. Təbiidir ki, qazanılan uğurlar bizi arxayınlaşdıra bilməz. Zabit və əsgərlərimiz daim bilik və bacarıqlarını artırırlar. Əminəm ki, bu təlimlərin nəticəsi də gələcəkdə döyüş meydanında öz sözünü deyəcəkdir.
Zabitlə söhbətləşdikdən sonra təlimdə fərqlənən heyətlə tanış olmaq üçün divizionun yerləşdiyi əraziyə gedirik. Burada divizionun cavabdeh zabiti ilə görüşüb, həmsöhbət oluruq.
- Dövlətimizin ordu quruculuğuna diqqət və qayğısını bütövlükdə Silahlı Qüvvələrdə olduğu kimi, artilleriya qoşunlarında da hər gün hiss edirik, - mayor Qiyas Səfərov deyir. - Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı tədbirləri kompleks şəkildə yerinə yetirilir. Və bu tədbirlərin nəticəsində keçirilən döyüş atışlı taktiki təlimlər həm artilleriyaçıların nəyə nail olduqlarını nümayiş etdirir, həm də onların praktik vərdişlərinin möhkəmləndirilməsində mühüm rol oynayır. Hazırda bölmələrimiz ən müasir artilleriya silahları və digər ləvazimatlarla tam təchiz edilib. Bu, qarşımıza qoyulan bütün tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsinə imkan verir.
Təlimdə fərqlənən top heyəti ilə tanış olmaq üçün parka daxil olduq. Bir neçə gün çöl şəraitində yaşasalar da, heç kəsin üz-gözündə yorğunluq hiss olunmurdu. Əksinə, üzlərdə qələbə və mübarizlik əzmi vardı.
Mayor Kamil Batıyev bizi top komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mübariz Balakişizadə ilə tanış etdi. Şəxsi heyət topu "səfər" vəziyyətindən "döyüş" vəziyyətinə gətirmişdi. Mübariz qeyd etdi ki, istənilən an Ali Baş Komandanımızın "İrəli" komandası ilə düşmənə zərbələr endirməyə hazırıq.
Qısa tanışlıqdan məlum oldu ki, Beyləqan rayonunun Kəbirli kəndindəndir. 4 ilə yaxındır bu hərbi hissədə top komandiridir. Müddətli həqiqi hərbi xidmətini "N" hərbi hissəsində başa vurduqdan sonra yenidən taleyini ordu həyatına bağlayıb. "Sevinirəm ki, hərbi hissəmiz təlimdə fərqlənib. Təbii ki, bu hamının təlimdə göstərdiyi yüksək döyüş hazırlığının nəticəsidir. Atış zamanı əsas vəzifəm batareyanın baş zabitindən aldığım tapşırığı baş tuşlayıcıya ötürmək idi. Tabeliyimdəki şəxsi heyət isə verilən tapşırıqları dəqiqliklə yerinə yetirdi. Mərmilərin heç biri hədəflərdən yayınmadı."
Heyət üzvlərinin hər biri təlimdə vəzifəsinin öhdəsindən layiqincə gəlib. Onlar top komandirinin başçılığı altında hər bir tapşırığı layiqincə yerinə yetiriblər.
Əsgər Nurlan Məmmədov xidmətə başladığı gündən artilleriya bölməsində olub. Təhkim olunduğu topla bağlı xeyli bilik və bacarıqlara malikdir.
Baş tuşlayıcı əsgər Zaur Babayevin isə ordu sıralarından tərxis olunmağına az qalıb. "Havanın qızmar olmağına baxmayaraq təlimlər yüksək səviyyədə keçdi. Qazandığımız uğurlara görə komandir heyətimizə borcluyuq. Gündəlik keçirilən dərslərin nəticəsidir ki, bu gün təlimlərdə heyətimiz yüksək nailiyyətlər əldə etdi. Biz hər zaman düşmənə ağır zərbələr endirməyə və işğal altındakı torpaqlarımızı azad etməyə tam hazırıq. Doğmalarımın yanına qayıtmağıma az qalsa da, müharibə başlayarsa, işğalçılara qarşı döyüşə ilk atılanlardan biri olacağam."
Heyətin digər üzvləri əsgərlər Xəlil Məmmədov, Allahverdi Mahmudov da təlimlərdə öz bacarıqları ilə fəqləniblər.
Silahlı Qüvvələrimizin gündəlik fəaliyyətində öz yeri olan artilleriyaçılarımızın peşəkarlığı günü-gündən artmaqdadır. Böyük ənənələri olan topçularımız döyüş hazırlığı sahəsində yeni-yeni nailiyyətlər qazanırlar.

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR