Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyun 2017 09:55

Vətən övladlarına xidmət əvəzsizdir

Silahlı Qüvvələrimizin inkişaf etdirilməsinə dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğı, həyata keçirilən məqsədyönlü tədbirlər cəmiyyətimiz tərəfindən ruh yüksəkliyi ilə qarşılanır. Müstəqilliyimizin ilk illəri ilə müqayisədə Silahlı Qüvvələrimiz qüdrətli inkişaf yolu keçib. Ordumuz ən müasir ordular sırasındadır. Hərbi qulluqçuların sosial məişət şəraiti gündən-günə yaxşılaşdırılır. Yeni hərbi şəhərciklər, yaşayış kompleksləri istifadəyə verilir və bu istiqamətdə işlər uğurla davam etdirilir. Yaşadığım cəbhə bölgəsində də əsgər və zabitlərimiz üçün şərait yaradılıb. Buna görə də hər bir kəs çalışır ki, Vətən qarşısında vətəndaşlıq borcunu yüksək məsuliyyətlə yerinə yetirsin. İgid Vətən oğullarının qəhrəmanlıqları sayəsində torpaqlarımız mətinliklə qorunur. Vətən müdafiəçilərinin  əvəzsiz xidmətləri bizi hədsiz sevindirir. Qürur hissi keçiririk ki, Vətənimizin qəhrəman övladlarının layiqli davamçıları var.
Zabit Şamxal Abışovla əsgərlərə yaradılan şəraitlə tanış olmaq üçün qərargaha gəlirik. Yaradılan nizam-intizam diqqəti cəlb edir. Əsgərlər gün cədvəlinə uyğun olaraq xidmət aparırlar. Yataqxanada onlar üçün hər cür şərait yaradılıb.
Yeməkxanada milli, dadlı yeməklər hazırlanır. Bütün işlər mülki vətəndaşlar tərəfindən həyata keçirilir. Bibinisə Rüstəmova təcrübəli, diqqətli baş aşpazdır. Yeməklərin hazırlanmasına xüsusi fikir verir. O deyir:
- Bir ana kimi qürurluyam ki, Vətən keşiyində dayanan övladlarımıza xidmət edirik. Əsas məqsədimiz onları dadlı və ləzzətli yeməklərlə təmin etməkdir. Buna görə hər cür ərzaq təminatımız var.  
Aşpaz köməkçisi Mahirə Həsənova, zal işçiləri Bakina Raxima, Kəmalə Sadıqova, Laçın Abbasova, Təranə Həsənova və başqaları da işlərinin öhdəsindən bacarıqla gəlirlər. Aşpaz köməkçisi Mahirə Həsənova ürək sözlərini belə ifadə edir:
- Əsgərləri öz övladlarımız kimi sevirik. Onlar təkcə ata-analarının yox, Vətənimizin övladlarıdırlar. Həmişə ana Vətən deyilib. Ananı sevmək, Vətəni sevmək deməkdir, Vətən sevgisi tükənməzdir. Əsgər balalarımız bu ruhda böyüyüblər. Biz də öhdəmizə düşən işləri ana sevgisiylə görürük və yaxşı bilirik ki, bu sevgi əsgərlərimizi daha da ruhlandırır.
Vətən müdafiəçilərinə xidmət göstərənlərdən ayrılırıq. Onların da zəhmətləri həmişə yüksək qiymətləndirilir. Çünki onlar layiqili Vətən müdafiəçilərinə xidmət göstərirlər.

Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"