Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyun 2017 09:50

“Təlimdə tər - döyüşdə zəfər”

Bu günlərdə akademik Zərifə Əliyeva adına Liseydə "Təlimdə tər - döyüşdə zəfər" adlı hərbi idman yarışının yarımfinal və final mərhələləri keçirildi. Liseyin geniş həyəti bayramsayağı bəzədilmişdi. Komanda üzvləri son məşqlərini edirdilər. Dalğa-dalğa ətrafa yayılan şən musiqi sədaları eşidənlərdə xoş təəssürat oyadırdı.
Yarış Dövlət himninin səsləndirilməsi ilə başlandı. Sonra ümummilli liderimiz Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildi. 
Tədbirə dəvət olunmuş qonaqlar və yarış iştirakçıları yerlərini tutduqdan sonra Liseyin çağırışaqədərki hazırlıq fənninin müəllimi Qılman Eyvazov yarışın başlanmasını bildirən fiti səsləndirdi. Yarış iştirakçıları şən musiqi sədaları altında meydana daxil oldular. Yarımfinal mərhələsinə 9 komandadan 4-ü yüksəlib - "103", "Tornado", "Turan" və "İstehkamçı". Qalib bu komandalardan biri olacaqdı. Amma hansı komanda? Bax, bu yarışın gedişində bilinəcəkdi. Mövcud qaydalara uyğun olaraq məktəblilər 3 mərhələdən keçməli idilər. Birinci mərhələdə fiziki hərəkətlər, sıra hazırlığı, avtomat darağına patronların yığılıb boşaldılması, zəhərlənmiş zonanı əleyhiqaz geyinməklə dirsəklə sürünmək, ikinci mərhələdə qalın parçalardan düzəldilmiş tunellərdən keçmək, təkərlərdən hazırlanmış maneələri dəf etmək, sonuncu mərhələdə isə qaçaraq halqalardan tullanmaq və qısa müddət ərzində yaralıya ilk tibbi yardım göstərmək nəzərdə tutulmuşdu.
Məktəblilər tapşırıqları qüsursuz və vaxtında yerinə yetirməyə çalışırdılar. Hərəkətlərə uyğun olaraq musiqi səsi meydanı doldurur. Musiqi sədası məktəbliləri daha da ruhlandırır. Azarkeşlər də boş dayanmır, rəğbət bəslədikləri komandanın idmançılarını qələbəyə ruhlandırırlar. Alqış sədaları dalğa-dalğa ətrafa yayılır.
Yarımfinal mərhələsində iki komanda - "Turan" və "103" komandaları qalib gəlir. Final yarışı məhz bu komandalar arasında keçirilir.
Qısa fasilədən sonra yarışın final mərhələsi başlandı. Yarış meydanı həyəcana bürünmüşdü.
Liseyin direktor müavini Həcər İsrafilova söhbətimizdə bildirdi ki, məktəblilər arasında belə yarışların keçirilməsi onların vətənpərvərlik ruhda böyümələrinə müsbət təsir göstərir. Müşahidə edib gördünüz ki, komanda üzvləri avtomat darağına patronları necə də cəldliklə yığıb-boşaltdılar. Münsiflər heyəti də məktəblilərimizin hazırlığını yüksək qiymətləndirdilər. Belə yarışlar şagirdlərdə həm də hərbi vərdişləri formalaşdırır.
... Çox keçmədi ki, "Təlimdə tər - döyüşdə zəfər" idman yarışı başa çatdı. Nəticələr ümumiləşdirildikdən sonra qalib komanda elan edildi. Daha yüksək hazırlıq nümayiş etdirən "Turan" komandası qalib adını qazandı. Komanda üzvlərinin sevinci yerə-göyə sığmırdı. Hamı onları alqışlayıb təbrik edirdi.
Akademik Zərifə Əliyeva adına Liseyin direktoru Mehriban Vəliyeva çıxış edərək qalibləri təbrik etdi, onlara gələcək həyatlarında uğurlar arzuladı.
İkinci və üçüncü yeri tutan komandalara fəxri fərmanlar təqdim olundu. Qalib komandaya isə kubok verildi. Yarışın hazırlanmasında və keçirilməsində yüksək peşəkarlıq nümayiş etdirdiyinə görə çağırışaqədərki hazırlıq fənninin müəllimi Qılman Eyvazov da fəxri fərmanla mükafatlandırıldı.

Vahid MƏHƏRRƏMOV