Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyun 2017 09:49

Ordu idmançılarının uğurları

Ordu idmançılarının ölkəmizdə və beynəlxalq arenalarda qazandığı qələbələrə hər birimiz sevinir, bu uğurların davamlı olmasını arzulayırıq. Bu günlərdə Mərkəzi Ordu İdman Klubu futbolçularının xoş sorağını Naxçıvandan aldıq. Ümummilli Liderimizin xatirəsinə həsr olunmuş ənənəvi "Heydər Əliyev Kuboku" uğrunda keçirilmiş turnirdə MOİK müvəffəqiyyətlə çıxış edərək qalib adını qazanıb.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə keçirilən yarışda 4 peşəkar komanda - "Araz Naxçıvan", MOİK, "Mil-Muğan" və "Zaqatala" iştirak edirdilər. Hər komanda yarışda üç görüş keçirib. Həlledici qarşılaşmada MOİK və "Araz Naxçıvan" komandası ilə üz-üzə gəlib və Ruslan Nəsirlinin vurduğu qol ordu idmançılarına qələbə gətirib. Beləliklə, "hərbçilər"  rəqiblərilə qarşılaşmalarda iki qələbə və bir heç-heçə ilə 7 xal toplayaraq turnirin kubokuna yiyələniblər.
Yarışın yekununda, həmçinin bir neçə nominasiya üzrə turnirin ən yaxşı oyunçuları da müəyyən edilib. Xoşdur ki, MOİK-in iki futbolçusu - qolkiperi Əli Həsənli ən yaxşı qapıçı, hücumçu Rəhman Musayev isə ən yaxşı bombardir seçilib. Turnirin qızıl medallarını və Heydər Əliyev Kubokunu qalibə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov təqdim edib. Digər komandaların  üzvləri ilə də görüşən Vasif Talıbov onlara gələcək yarışlarda uğurlar arzulayıb.
Xatırladaq ki, Heydər Əliyev Kuboku uğrunda ötən il keçirilmiş turnirdə MOİK gümüş medala layiq görülmüşdü.
- Hər şeydən öncə onu qeyd edim ki, Ulu Öndərimizin xatirəsinə həsr edilmiş yarış yüksək səviyyədə təşkil edilmişdi, - bizimlə söhbətində  Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun rəisi polkovnik-leytenant Rəşad Quliyev öz təəssüratlarını bölüşdü. - Bizim üçün sevindirici haldır ki, ordu futbolçuları belə bir mötəbər yarışda qalib adını qazandı. Həlledici qarşılaşmanı izləmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov stadiona gəlmişdi və komandamıza mükafatı da o təqdim etmişdi. Ona görə futbolçularımız bu qədim Azərbaycan diyarından olduqca xoş duyğularla qayıdıblar. Hazırda 2017-2018-ci mövsüm çempionatına hazırlaşan klub üçün bu nailiyyət əlavə stimul oldu.
Gələn ildən ənənəvi olan "Heydər Əliyev Kuboku" uğrunda turnir beynəlxalq səviyyədə təşkil ediləcək və digər ölkələrdən də komandalar qatılacaq.
Gələn il Silahlı Qüvvələrimizin yaradılmasının 100-cü ildönümü tamam olur. Qarşımıza məqsəd qoymuşuq və çalışacağıq ki, komandamız Silahlı Qüvvələrimizin yubiley ilində Azərbaycan futbol çempionatının premyer liqasına vəsiqə qazansın və ordumuzu ölkə çempionatında layiqincə təmsil etsin.
Ordu idmançılarının ölkə və beynəlxalq səviyyəli yarışlarda  çıxışlarına toxunan MOİK-in rəisi bildirdi ki, Müdafiə Nazirliyini təmsil edən idmançılar bir sıra uğurlara imza atıblar. Hələ də təəssüratları ilə yaşadığımız Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında komanda hesabında fəxri birinci yeri tutmuş Azərbaycan yığmasının qələbəsində  ordu idmançılarının da payı, zəhməti var. Onlar bu mötəbər yarışlarda ikisi qızıl, biri gümüş və biri bürünc olmaqla dörd medala yiyələniblər. Azərbaycan millisinin tərkibində iki futbolçumuz İslamiadanın qalibi oldu, yunan-Roma güləşçisi leytenant Rafiq Hüseynov gümüş, onun həmkarı Murad Məmmədov isə bürünc medala sahib çıxdılar.
MOİK-in rəisi polkovnik-leytenant Rəşad Quliyevin sözlərinə görə, hazırda ordu güləşçiləri və taekvondoçuları qarşıdakı beynəlxalq yarışlara hazırlaşırlar. Beynəlxalq Hərbi İdman Şurasının (SİZM) himayəsi ilə sentyabrda Litvada hərbçilər arasında güləş üzrə, oktyabrda isə taekvondo üzrə dünya çempionatları keçiriləcək. İnanırıq ki, bu yarışlarda hərbçi pəhləvanlar ölkəmizi və Silahlı Qüvvələrimizi layiqincə təmsil edəcəklər. Belə hesab etməyə daim əsas var. Ordu taekvondoçuları ölkə çempionatlarında daim uğurla çıxış ediblər. Güləşçilərimiz isə ötən ilin sentyabrında Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilmiş güləş üzrə hərbçilərin 31-ci dünya çempionatında 2 qızıl, 4 gümüş və 3 bürünc olmaqla 9 medal qazanmış, ümumi komanda hesabında 53 xal toplayaraq yarışları ikinci yerdə başa vurmuşdular.
Hərbi idmançıların bu uğurunu yüksək qiymətləndirən Müdafiə naziri general-polkovnik  Zakir Həsənov Azərbaycanın dünyanın aparıcı idman ölkələri sırasında olduğunu qeyd etmişdi. O bildirmişdi ki, yarışlarda Azərbaycanı təmsil edən hərbi qulluqçular Silahlı Qüvvələrin nümayəndələri kimi Makedoniyada ölkənin bayrağını yüksəltmək və Dövlət himnini səsləndirməklə Azərbaycan əsgərinin döyüş əzmini və qələbə ruhunu bir daha sübut ediblər.
- İdmançılarımız hər dəfə beynəlxalq yarışlarda uğurla çıxış etdikdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən beləcə qəbul edilib, mükafatlandırılıblar, - Mərkəzi Ordu İdman Klubunun rəisi polkovnik-leytenant Rəşad Quliyev bildirdi. - Ordu idmançılarının  nəticələri bir daha göstərir ki, Silahlı Qüvvələrdə  fiziki hazırlıq və idmana lazımınca diqqət və qayğı göstərilir, belə münasibət onları yeni-yeni uğurlara ruhlandırır.

Əbülfət QASIMOV, "Azərbaycan Ordusu"