Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyun 2017 09:48

“Əsgərlərimizlə qürurlanıram”

Bütün peşələrdən üstün sayılan zabit peşəsini seçmək, Vətənə, xalqa nümunəvi xidmət etmək əsl vətənpərvərlikdir. Zabit Şamxal Abışov da nümunəvi zabitlərdəndir. Vətənə, xalqa xidməti həmişə uca tutan, həyatını orduya həsr edən zabit dağlar diyarının yetirməsidir. Onun da uşaqlıq, yeniyetməlik çağları ağrılı-acılı illərə düşüb. Yaşıdları kimi müharibə məhrumiyyətlərini erkən yaşlarından hiss edib.
Orta məktəb həyatı ona çox şey verib. Vətənimizin tarixindən, ölkəmizə düşmən tərəfindən törədilən böyük xəyanətlərdən, faciələrdən xəbərdar olub. Hərb tariximizə həmişə böyük maraq göstərib, sərkərdələrin həyatlarını, döyüş yollarını öyrənib. Vətən, torpaq, azadlıq uğrunda şəhid olanların xatirəsinə ehtiram göstərib. Qəhrəman oğulların davamçısı olacağına söz verib.
Uşaq yaşlarından onda zabit peşəsinə böyük maraq yaranıb. Vətən keşiyində dayanan hərbçilərə rəğbətlə yanaşıb. Beləliklə, Şamxalın orta məktəb həyatını hərbi həyat əvəz edib. O, görkəmli hərb xadimi Cəmşid Naxçıvanskinin adını daşıyan Hərbi Liseyə daxil olub. Arzuladığı həyata qovuşduğu o günlər yaddaşına əbədi yazılıb. Nümunəvi kursant kimi tanınıb. Liseyi müvəffəqiyyətlə başa vuraraq, ümummilli lider Heydər Əliyevin adını daşıyan Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Hərbi məktəbi 2012-ci ildə bitirib. Təlim və Tədris Mərkəzində təkmilləşdirmə kursunu müvəffəqiyyətlə başa vurub. Həmin gün onun həyatının dönüş nöqtəsinə çevrilib. 
Şamxal zabit kimi xidmətə Silahlı Qüvvələrdə önəmli yer tutan hərbi hissələrdən birində  başlayıb. Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə həyata vəsiqə alan hərbi hissənin keçdiyi döyüş yolu, dövlətçiliyin, müstəqilliyin qorunmasında şəxsi heyətin xidmətləri yüksək qiymətləndirilib. Buna görə də Şamxal göstərilən etimadı həmişə doğrultmağa çalışıb. Tabeliyindəki şəxsi heyəti məsuliyyətlə xidmət etməyə ruhlandırıb.
Gənc zabit xidmətini cəbhə bölgəsində davam etdirir. Bölük komandiri kimi vəzifəsinin öhdəsindən bacarıqla gəlir.
Onunla ön xətdə görüşdük.  Bölmədə səliqə-sahman, nizam-intizam diqqəti cəlb edir. Şəxsi heyət günün nizam qaydalarına uyğun xidmət aparır. Yüksək döyüş hazırlığına malik olan bölmə qarşıya qoyulan döyüş tapşırıqlarına müntəzəm əməl edir. Bölük komandiri bildirir ki, döyüş və mənəvi-psixoloji hazırlıq dərslərinə xüsusi önəm verilir.
Son illərdə həyata keçirilən islahatlar nümunəvi xidmət üçün hərtərəfli şərait yaradıb. Ordu rəhbərliyinin cəbhə bölgələrinə tez-tez səfərləri, diqqət və qayğısı şəxsi heyətin döyüş ruhunu, vətənpərvərlik hissini daha da artırıb. Şəxsi heyətin hər bir üzvünün məqsədi işğal altında olan torpaqlarımızın azad edilməsində iştirak etməkdir.
Əsgərlər Kənan Dəmirov, Seymur Muxtarov, Tural Hüseynzadə və başqaları intizamlı əsgərlərdir. Zabit Şamxal Abışov bildirir ki, komandir əsgərləri ilə həmişə fəxr etməlidir. Onları qələbəyə ruhlandırmalı və nümunə göstərməlidir. Azərbaycan Respublikasının Milli Qəhrəmanları Qasım Rzayev, Naiq Yusifov, Çingiz Qurbanov kimi qəhrəmanlar yetirən hərbi hissədə xidmət etməyin qürurverici olduğunu deyən zabit qəhrəmanların davamçıları olacaqlarını, ölkəmizin ərazi bütövlüyünü təmin edəcəklərini deyir:
- Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bizim başqalarının torpaqlarında gözümüz yoxdur. Biz tarixi torpaqlarımızı düşməndən azad etmək əzmindəyik. Nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad etməklə, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik.
Baş leytenant Şamxal Abışovun xidmətləri komandanlıq tərəfindən də yüksək qiymətləndirilib. Fəxri fərmanlara, mükafatlara layiq görülüb. Silahlı Qüvvələrin yubiley medalı ilə təltif olunub.
Hər zabit tabeliyində olan əsgərlərinə şəxsi nümunədir. Əsgər zabitin vətənpərvərliyindən də öyrənir, hərbi biliklərindən də. Belə əsgərlərin döyüş ruhu, əlbəttə, yüksək olacaq. Zabit tabeliyində olan əsgərlər haqqında danışanda “Mən əsgərlərimlə qürur duyuram!” - deyirsə, bu nümunəvi xidmətin nəticəsidir...

Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"