Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyun 2017 09:47

Tankçılarımızın da döyüş əzmi yüksəkdir

Səfərimiz Azərbaycanın şimal-qərb hissəsində yerləşən günü-gündən müasirləşən rayonlardan birinədir. Bakıdan çox uzaqda yerləşən rayonda abadlıq və təmir-tikinti işləri aparılıb. Əlverişli təbii-coğrafi mövqedə yerləşən rayon təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda ən qədim insan məskənlərindən biridir.
Həmişə eşitmişəm ki, bu rayonun maraqlı təbiəti var. Doğrudan da, eşitdiklərim gerçək imiş. Səhər vaxtı sıx duman, narın yağış müşayiət olunurdusa, günortaya yaxın hər tərəf günəş şüalarının təsiri altında işıldayırdı.
Qərargahda şəxsi heyətin mənəvi-psixoloji hazırlığına cavabdeh zabit polkovnik-leytenant Elşən Yusifovla görüşdük. Zabit son illər dövlət rəhbərliyi tərəfindən Silahlı Qüvvələrə göstərilən diqqət və qayğıdan ağızdolusu danışdı.
- Doğrudan da, son zamanlar Azərbaycanda ordu quruculuğu inkişaf edir. Hazırda müasir silah və hərbi texnika ilə təchiz edilmiş, yüksək döyüş hazırlığına malik ordumuz var. Təkcə onu vurğulamaq yetər ki, Ali Baş Komandan    İlham Əliyev ordu quruculuğu məsələsini dövlətin əsas prioriteti elan edib. Bunun nəticəsidir ki, ordumuz qısa müddətdə böyük inkişaf yolu keçib, - deyə zabit bildirdi.
Tankçılarımızın yanına can atırıq. Taqım komandiri leytenant Elşən Şahverdiyev texnikalara qulluq edildiyini bildirdi, vaxt itirmədən onunla tankların yanına gedirik. Söhbətimizdən məlum olur ki, zabit 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Bir ilə yaxındır bu hərbi hissədə tank taqım komandiri kimi xidmət edir. Bu müddət ərzində öz nümunəvi xidməti ilə komandanlığın rəğbətini qazanıb. İstər bölmə komandiri, istərsə də hərbi hissə komandanlığı gənc zabitdən öz razılıqlarını bildirdilər.
Zirehli texnikanı və onun qayğısına qalan şəxsi heyəti gördükdə ümummilli liderimiz Heydər Əliyevin dediyi "Orduda, hər bir hərbi hissədə yuxarıdan aşağıyadək qanun-qayda, nizam-intizam, yüksək tələbkarlıq olmalıdır" sözlərini xatırlayıram. Leytenant Elşən Şahverdiyevlə söhbətimiz də şəxsi heyət və hərbi texnika haqqındadır. Taqım komandiri bildirir ki, bu gün ön xətdə xidmət edən şəxsi heyətin bütün qayğıları ordu rəhbərliyinin diqqət mərkəzindədir.
- Şəxsi heyətin məişətinə, qidalanmasına ciddi önəm verilir, - deyir taqım komandiri. - Hərbi hissəmizdə peşəkar döyüşçü kimi yetişmək üçün hər bir şərait yaradılıb. Təcrübəli tank heyətlərimiz var.
Taqım komandirinə görə, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Hər kəs Vətənimizin müdafiəsində iştirak etməyin mənəvi məsuliyyətini dərindən dərk edir və bu vəzifəni yerinə yetirməsindən qürur duyur.
Yaradılan yüksək şəraitə görə razılığı tankçılarımızın dilindən də eşidirəm. Tovuz rayonundan olan tuşlayıcı-operator müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rafael Mirzəliyev söhbətimiz zamanı deyir ki, indi əşya-ərzaq təminatı baxımından heç bir çatışmazlıq yoxdur. "İki ildən çoxdur ki, bu hərbi hissədə xidmət edirəm. Müddətli həqiqi hərbi xidmətimi başa vurduqdan sonra, taleyimi yenidən ordu həyatına bağladım və torpaqlarımızı azad edənədək bu yoldan dönməyəcəyəm. Tuşlayıcı-operator kimi döyüşlərdə düşməni məhv etməyə hazıram. Keçirilən təlimlərdə bölməmiz də fəal iştirak edib, tək məqsədimiz var - döyüş meydanından qalib çıxmaq. Bu səbəbdən bölməmiz təlimlərdə həmişə yüksək nailiyyətlər əldə edir. Hər an döyüşə hazırıq. Aprel döyüşlərində qazanılan qələbəni davam etdirmək və işğal altında olan torpaqlarımızı azad etmək arzusu ilə yaşayırıq."
Növbəti həmsöhbətim mexanik-sürücü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Beyrək Aydəmirovdur. O, əsgərliyini 2008-2010-cu illərdə sülhməramlı qüvvələrdə həyata keçirib. Şabran rayonundan olan tankçı artıq dörd ilə yaxındır bu hərbi hissədə xidmət edir. Onunla söhbət etdikcə "Kitabi-Dədə Qorqud" dastanındakı Beyrək obrazı bir anlığa gözümün önündə canlandı. Baybörənin oğlu olan Bamsı Beyrək - gənc oğuz qəhrəmanlarından biri olub. Salur Qazanın inandığı, ən güvəndiyi adamlarından biri olan Beyrək hələ Dədə Qorqud ona bu adı verməmişdən əvvəl Bamsı ləqəbi daşıyıb. Qəhrəmanlıq göstərdikdən sonra ona Beyrək adı verilib. İnanırıq ki, döyüş meydanında Beyrək Aydəmirov da dəmir atının belində hünər göstərəcək, öz qəhrəmanlığı ilə dillərə dastan olacaq.
O, söhbətimiz zamanı da qeyd etdi ki, işğal altındakı torpaqlarımızı azad etməyə, qəhrəmanlığını düşmənə sübut etməyə tam hazırdır.
- Yuxarı komandanlığın orduya göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün ordumuz dünya orduları sırasında yer alır. Hər cəhətdən təmin olunan ordumuzun şəxsi heyəti yalnız bir amal haqqında düşünür - Qarabağımızı azad edib, ermənilərin işgəncə verdikləri qocaların, qadınların, uşaqların qisasını almaq. Düzdür, aprel döyüşlərində düşmənə lazım olan cavabın bir hissəsini verdik. Amma bu hələ son deyil. Hamımız Ali Baş Komandanın "İrəli" komandasını səbirsizliklə gözləyirik.
Tankçılarımızla söhbət etdikdən sonra bir daha əmin oldum ki, onlar da düşmənə qarşı əzmlə mübarizə aparmağa hazırdırlar. Hər kəsə xidmətlərində uğurlar arzulayıb, xoş təəssüratla hərbi hissədən ayrılırıq.

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR