Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyun 2017 09:45

Təlimlər şəxsi heyətin döyüş ruhunu daha da artırır

“Ən yaxşı artilleriya divizionu”

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, hərbi hissələrdə və əlahiddə bölmələrdə şəxsi heyətə döyüş və atəş hazırlığı dərsləri keçirilir. Həmçinin şəxsi heyətin döyüş təcrübəsinin artırılması, hər an döyüşə hazır olması üçün irimiqyaslı taktiki təlimlər geniş vüsət alıb. Ordumuzun gücünün, qüdrətinin artırılmasına xidmət edən belə təlimlərdən birində - "Silahlı Qüvvələrdə ən yaxşı artilleriya divizionu" adı uğrunda keçirilən təlimdə artilleriyaçılar öz döyüş bacarıqlarını nümayiş etdiriblər.
Sözügedən təlimdə iştirak edən heyətlərdən biri "N" hərbi hissəsini layiqincə təmsil edib. Heyətin hər bir üzvü vəzifəsinin öhdəsindən bacarıqla gələrək hədəflərin dəqiq məhv edilməsində xüsusi bacarıq nümayiş etdirib. Mayor Mehman Ədilovun nəzarəti altında şəxsi heyətin hazırlığını müşahidə edirik.
Artıq təlim başlamaq üzrədir. Atəş mövqeyindən arxada maşınlar və şəxsi heyət düzüldü. Əvvəlcə təlim material bazalarına baxış keçirildi. Daha sonra şəxsi heyətə döyüş əmri çatdırıldı və divizion komandirinin komandası altında heyətlər maşınların yanına yığıldı. Bayraq vasitəsilə "işə sal" komandası verildi və maşınlar hərəkətə başladı. Şəxsi heyətin çevik hərəkətlərini, bacarığını, müasir və saz vəziyyətdə olan texnikaları izlədikcə Azərbaycan Ordusunun gücünün və qüdrətinin şahidi olursan.
Batareyanın baş zabitləri heyət komandirlərinə son tapşırıqlarını çatdırırlar. Artilleriyaçı komandirlər də bayraqlarını qaldıraraq hazırlıq haqqında məruzə edirlər. Növbəti mərhələdə əvvəlcədən hazırlanmış planlı hədəflərə tapşırıqlar icra olundu. Bu zaman divizion komandiri tərəfindən atəş mövqeyinin yerdəyişməsi komandası verildi. Bölmələr təyin olunmuş vaxtda öz yerlərini tutdular. Yeni hədəflər aşkar olundu və tapşırıqlar yerinə yetirildi. Həmçinin döyüş maşın komandirlərindən və ixtisasçılardan fərdi normativlər götürüldü. Sonda divizion komandiri yekun keçirərək bölmələrin döyüş hazırlığını və qarşılıqlı fəaliyyətini yüksək qiymətləndirdi: "Keçirilən bu təlimlər şəxsi heyətin döyüş qabiliyyətinin güclənməsində əhəmiyyətli rol oynayır. Gənc artilleriyaçılar yüksək bacarıq nümayiş etdirdilər. Həm fərdi normativlər, həm də komanda şəklində tapşırıqların yerinə yetirilməsi zamanı peşəkarlıq aşkar edildi. Ən yaxşısını seçmək çox çətindir. Çünki hər birinin yüksək bacarıq nümayiş etdirdiyinin şahidi oldunuz. Bu təlimdə baş leytenant Elşən Veysəllinin rəhbərlik etdiyi batareya cüzi fərqlə digərlərindən daha yaxşı nəticə göstərdi", - zabit deyir.
Təlimdə yüksək bacarıq göstərmiş həmin bölmənin heyəti ilə tanış oluram. Baş leytenant Elşən Veysəlli 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olub.
"Heyətimiz təlim zamanı bütün normativləri vaxtında və dəqiq yerinə yetirdi. Verilən tapşırıqların öhdəsindən bacarıqla gəldik. Həm təyin olunmuş yerdə atəş mövqeyinin tutulmasında, həm də texnikanın döyüşə hazır vəziyyətə gətirilməsində peşəkarlıq göstərdik. Şəxsi heyətin döyüş hazırlığı ilə yanaşı, mənəvi-psixoloji ruhu da vəzifələrinin öhdəsindən daha bacarıqla gəlmələrinə kömək etdi".
Komandir şəxsi heyətdən danışarkən gözlərindəki qüruru hiss edirdim. Zəhməti boşa getməmişdi. Hər kəs komandirlərinin öyrətdiyi bilikləri təlim meydanında layiqincə nümayiş etdirmişdi. Komandir üçün bundan böyük sevinc ola bilməzdi. Öz bacarıqları ilə komandirlərinə sevinc yaşadan əsgərləri mən də tanıyıram.
Təlim zamanı komandaları şəxsi heyətə məharətlə çatdıran, çevik hərəkətlərindən bacarıqlı əsgər olduğu hiss edilən manqa komandiri kiçik çavuş Aqşin Əlibəyli 1 ildən artıqdır ki, xidmət edir. Əsgəri xidmətə Oğuz rayonundan çağırılıb. "Belə təlimlərin keçirilməsi bizə həm təcrübə qazandırır, həm də döyüş qabiliyyətimizi artırır. Komandirimiz tərəfindən keçirilən döyüş hazırlığı dərslərində öyrəndiyimiz nəzəri bilikləri praktiki olaraq həyata keçirmək, döyüş meydanında uğur qazanmaq üçün imkan əldə edirik. Artıq döyüşə hazırlıqlı əsgərlərik, düşməni məhv etmək üçün əmr gözləyirik", - əsgər Əlibəyli deyir.
Hədəfləri dəqiq nişan alan baş tuşlayıcı əsgər Seymur Ağasalamlı isə 8 aydır ordu sıralarındadır. Əsgəri xidmətə Qəbələ rayonundan çağırılıb. Təlim zamanı Seymurun nişangah qurğusundan necə ustalıqla istifadə etdiyinin şahidi olmuşdum.
- Hədəflərin dəqiq nişan alınmasında öhdəmə böyük məsuliyyət düşür, - əsgər deyir. - Lakin xidmətim dövründə öyrəndiyim biliklər və qazandığım təcrübə bu vəzifənin öhdəsindən layiqincə gəlməyimə imkan verir. Vəzifəmi yaxşı mənimsəmişəm. Hərbi xidmətim dövründə gördüyüm diqqət və qayğı, bizim üçün yaradılan yüksək məişət şəraiti uğurlu xidmətimiz üçün zəmin yaradır. Belə şəraitdə xidmət hər birimizə döyüş ruhu aşılayır.
Heyət nəfərlərindən əsgərlər Ərşad Hümbətov və Həsən Papayevin hər biri 12 aydır xidmət edir. Təlimdə onlar da fərqləndilər.
- Təlimdə yüksək bacarıq göstərməyimizə görə ən birinci komandirimizə borcluyuq. Daim bizim qayğımıza qalır, bilik və bacarıqlarını bizdən əsirgəmir. Hər birimizin bacarıqlı döyüşçü kimi yetişməsində böyük zəhməti var. Döyüş hazırlığı ilə yanaşı, vətənpərvərlik hisslərinin aşılanması istiqamətində də söhbətlər aparır. Milli Qəhrəmanlarımızdan tez-tez söz açaraq onların adına layiq xidmət etməyi tövsiyə edir, - deyirlər.
Əsgər Ziya Abdullayev baş sürücüdür. Təlim zamanı yüksək peşəkarlıq nümayiş etdirirdi. Düzülüş yerindən atəş mövqeyinə hərəkət və rayonların yerdəyişməsi zamanı maşını ustalıqla idarə etdi. Xidmətini başa vurmağa hazırlaşan əsgər ordu həyatı haqqında fikirlərini bölüşür.
- Bu təlimdə uğurlu nəticə göstərdiyim üçün çox sevincliyəm. Başda batareya komandirimiz olmaqla bütün heyətimizi təbrik edirəm. Bir ay sonra onların arasından ayrılacağım üçün kədərlənirəm. Əsgəri xidmətim ömrümün ən mənalı günləri kimi yadda qalacaq. Çünki biz burada müqəddəs vəzifəni yerinə yetiririk - Vətənə xidmət edirik. Həmçinin bir çox üstün keyfiyyətlər qazanırıq. Xidmətim dövründə döyüş maşınları və atıcı silahlar haqqında biliklərə yiyələndim. Möhkəm dostlar qazandım. Cəmiyyətə yararlı vətəndaş kimi yetişməyimdə əsgəri xidmətimin əhəmiyyətini başa düşürəm.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
fotolar Coşqun CƏFƏROVUNDUR