Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyun 2017 09:44

Müasir Azərbaycan Ordusunun qurucusu

15 İyun - Milli Qurtuluş Günüdür


Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin fəaliyyətinin tariximizdə müstəsna yeri vardır.
Tarixin çətin sınağı qarşısında qalan bir xalqı həmin sınaqdan alnıaçıq çıxara biləcək ən vacib amil o xalqın həmin şəraitdə nə qədər müdrik qərar qəbul etməsidir. 1993-cü ilin iyun günlərində, yəni, Azərbaycan xalqı taleyinin ən çətin, ağır dönəmində, yenicə bərpa edilmiş müstəqilliyimizin müqəddəratının həll olunduğu bir vaxtda son dərəcə düzgün qərar qəbul etdi: dünya şöhrətli siyasi xadimi - Heydər Əliyevi respublika rəhbərliyinə dəvət etdi.
24 il bundan öncə ulu öndər Heydər Əliyevin titanik siyasi kursu ətrafında sıx birləşən və Milli Qurtuluşa, dövlət müstəqilliyinin xilasına nail olan Azərbaycan xalqı sosial firavanlığa, xoşbəxt gələcəyə aparan davamlı inkişaf yoluna səfərbər olundu. Məhz 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Azərbaycanın suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, müstəqilliyimizin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, beynəlxalq nüfuzunun artması, respublika iqtisadiyyatının dayanıqlı inkişafının təmin olunması, xalqın rifah halının mütəmadi olaraq yüksəlməsi və digər nailiyyətlər silsiləsi məhz dahi rəhbər Heydər Əliyevin xalqın çağırışı ilə Azərbaycana rəhbərliyə qayıdışından başlanır.
Müdrik şəxsiyyət olan Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi. Bütün həyatını xalqına, onun xoşbəxt gələcəyinin qurulmasına həsr edən Ümummilli Liderimiz Azərbaycanın müasir qüdrətli ordusu üçün də böyük işlər gördü, ordu quruculuğuna, ölkənin hərbi kadr potensialının gücləndirilməsinə diqqət yetirdi. Heç də təsadüfi deyildir ki, Ulu Öndər özünün son kütləvi görüşlərindən birini də məhz hərbi liseyin kursantları ilə keçirmişdi.
Hələ Sovet dönəmində respublika rəhbərliyinə gəldiyi ilk gündən Ulu Öndər dövlət siyasətinin digər sahələri kimi, gənclərin vətənpərvərlik tərbiyəsini də önə çəkib. Məhz müdrik siyasətçi Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində Bakıda xüsusiləşdirilmiş hərbi təmayüllü orta internat məktəb (indiki Cəmşid Naxçıvanski adına Hərbi Lisey) yaradıldı. Bu gün ordumuzun zabit heyətinin, demək olar ki, əsasını məhz həmin məktəbin məzunları təşkil edir.
Ulu Öndərin dahiyanə idarəçiliyi, güclü strateji bacarığı sayəsində ordu quruculuğunda qısa vaxtda böyük işlər görüldü. Silahlı Qüvvələrimiz dünya standartlarına uyğun olaraq vahid komandanlıqdan idarə olunan mütəşəkkil hərbi struktura çevrildi. Ordunun maddi təminatı və təchizatı xeyli gücləndirildi. Ümummilli Liderin adını daşıyan Azərbaycan Ali Hərbi Məktəbi də müstəqillik dövründə yenidən quruldu. Təkcə Azərbaycanın deyil, xarici ölkələrin hərbi məktəblərində də Silahlı Qüvvələrimiz üçün yüzlərlə təcrübəli mütəxəssis hazırlandı. Bu gün Azərbaycan Ordusunda xidmət edən zabitlərimizin əksəriyyəti məhz ulu öndər Heydər Əliyevin qayğısı sayəsində Türkiyənin, Rusiyanın, Ukraynanın, Pakistanın, Çinin, İtaliyanın, Rumıniyanın və digər ölkələrin akademiyalarında təhsil alıblar.
Ümummilli Lider 1998-ci il 13 mart tarixində C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının açılması haqqında sərəncam imzaladı. Bu gün həmin təhsil müəssisəsi Heydər Əliyev adına Hərbi Lisey kimi fəaliyyətini davam etdirir.
Dahi rəhbərin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün, yəni 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi.
Bir il sonra 1999-cu il fevralın 20-də Azərbaycanda Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması hərb tariximizdə əlamətdar hadisə oldu.
2003-cü il aprelin 21-də Respublika sarayında C.Naxçıvanski adına Hərbi Liseyin 30 illik yubileyinə həsr olunmuş mərasimdə respublika Prezidenti, Ali Baş Komandan Heydər Əliyev fəxrlə bəyan etdi ki, mən C.Naxçıvanski adına məktəbi yaradarkən həsrətində olduğum arzuma çatmışam, ona görə özümü çox xoşbəxt hesab edirəm.
2003-cü il iyunun 26-da doğma ordumuzun yaradılmasının 85 illiyi ilə əlaqədar müdrik rəhbər Heydər Əliyev Silahlı Qüvvələrin şəxsi heyətinə müraciətlə deyib: "Azərbaycanın güclü ordusu bu gün də, sabah da, 10 il, 100 il bundan sonra da lazımdır. Azərbaycan Ordusu, onun Silahlı Qüvvələri böyük gələcəyə baxmalıdır. Böyük gələcəyin təminatçısı isə yalnız güclü, sarsılmaz ordu ola bilər".
Bəli, bu gün Azərbaycanın güclü, sarsılmaz ordusu var. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun müasir standartlara tam uyğunlaşdırılması məqsədilə gərgin və səmərəli iş aparılıb və nəticədə Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib.
Bu gün qətiyyətlə deyə bilərik ki, tək silahlanma sahəsində deyil, mənəvi-psixoloji hazırlıq cəhətdən də fərqlənən ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Ötən ilin aprelində ordumuzun əks-hücum əməliyyatı zamanı düşmənə sarsıdıcı zərbələri də dediklərimizin bir daha təsdiqidir.
Ali Baş Komandan İlham Əliyev aprel döyüşlərinin əhəmiyyətini qeyd edərək bildirir ki, aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın ordumuzun gücünü göstərən qələbədir. "Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcəkdir."

"Azərbaycan Ordusu"