Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyun 2017 10:52

İdman döyüş ruhumuzu artırır

Hərbi qulluqçuların fiziki cəhətdən möhkəm, güclü olmaları onların döyüş ruhunu daha da artırır. Məhz buna görə də ordumuzda fiziki hazırlığa diqqət yüksəkdir. İstər arxa cəbhədə, istərsə də cəbhə xəttində yerləşən hərbi hissələrdə yeni idman şəhərcikləri salınır, müasir idman alətləri ilə təmin edilmiş trenajor zalları fəaliyyət göstərir.
Tank qoşunlarına məxsus olan "N" hərbi hissəsindəyik. Hərbi hissənin şəxsi heyətlə iş üzrə zabiti ilə idman şəhərciyinə yollanırıq. Hərbi hissənin ərazisində müasir idman şəhərciyi diqqətimi çəkdi: geniş ərazisi, müxtəlif idman alətləri, səliqəli futbol və voleybol meydançaları və s. Ətrafindakı yaşıllıq və uca şam ağacları idman şəhərciyinin necə əlverişli yerdə salındığını göstərir. Burada idman edən əsgərlərin çevik hərəkətlərini izlədikcə zövq alırsan. Hər biri idmançı görkəminə malik, çevik və cəlddir.
Komandirlərinin nəzarəti altında nizamla məşq edən əsgərlərə yaxınlaşıram. Taqım komandiri baş leytenant Rüfət Quluzadə və əsgərlərlə görüşürəm. "Hər bir əsgər yaxşı bilir ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün döyüşə hər an hazır olmalıdır. Döyüşdə qalib gəlmək üçün fiziki hazırlığın da yüksək olmalıdır. Güclü və möhkəm olmalısan ki, düşməni hər şəraitdə məhv edə biləsən. Bunu yaxşı başa düşən əsgərlərimiz fiziki hazırlıq dərslərinə xüsusi diqqət göstərir, idman alətlərində həvəslə məşq edirlər", - zabit deyir.
Onun dediklərinin əyani şahidi oluram. Əsgərlər komandirlərinin göstərişinə əsasən, idman şəhərciyindəki alətlərdə həvəslə, yorulmadan məşq edir, idman hərəkətlərini çox ustaqlıqla yerinə yetirirlər. Dayaqdan dartınma hərəkətini bitirib nəfəsini dərən əsgərlərlə həmsöhbət oluram. Əsgər  Kənan Əlizadə hərbi xidmətə Tərtər rayonundan çağırılıb. Bir ilə yaxın müddətdir ki, xidmət edir. Hərbi xidmətini başa vurduqdan sonra ordu sıralarında qalıb xidmətini davam etdirmək istədiyini deyir.
- Hərbi xidmətimi başa vurmağıma 7 aydan az müddət qalıb. Lakin bu formanı əynimdən çıxarmaq, komandirlərimdən ayrılmaq istəmirəm. Bütün əsgər yoldaşlarım kimi, idmana böyük marağım var. Hərbi hissədə keçirilən idman yarışlarında bir neçə dəfə iştirak etmişəm. Gördüyünüz kimi, bu meydançada idman məşqləri etmək üçün hər cür şəraitimiz var. Biz də bu şəraitdən istifadə edərək fiziki hazırlığımızı daim artırmağa çalışırıq.
Əsgər  Murad Allahverdiyev hərbi xidmətə Biləsuvar rayonundan çağırılıb. On aydır xidmət edən əsgərlə söhbətim zamanı idmanın sərbəst güləş növü ilə məşğul olduğunu öyrənirəm. Rayon üzrə keçirilən turnirin qalibi olduğunu deyir. Hərbçi olmaq arzusunda olan Murad, əsgəri xidmətini başa vurduqdan sonra gizir rütbəsi almaq üçün kursa getmək istədiyini də bildirir.
- Döyüş meydanında çevik, möhkəm, dözümlü olmaq və verilən tapşırıqları cəld yerinə yetirmək üçün fiziki hazırlığımız daim yüksək olmalıdır. Ona görə də fiziki hazırlıq məşğələlərində həvəslə iştirak edirik.
Taqım komadirinin göstərişi ilə paralel qolların yanında nizamla düzülmüş əsgərlər sıra ilə paralel qola qalxıb müəyyən təmrinləri yerinə yetirirlər. Onların maraqlı məşqini izləyirəm. Budur,  növbə axırıncı əsgərə çatır. Taqım komandirinin “Alətə” komandası ilə paralel qola qalxır. Tapşırığı bacarıqla yerinə yetirir.
Əsgər Nihat Hüseynov da  digər yoldaşları kimi idman məşğələlərində həvəslə iştirak edir. O, hərbi xidmətə İmişli rayonundan çağırılıb. Hərbi xidmətin gənclərin həyatında önəmli olduğunu deyir:
-  Əsgəri xidmətdə hərbi biliklər, döyüş hazırlığı ilə yanaşı, dözümlülük, möhkəmlik, vətənpərvərlik öyrənirsən. Həmçinin fiziki hazırlığın yüksəlir. Hərbi xidmətdən əvvəl idmanla az məşğul olurdum. Dayaqdan dartınma hərəkətini, demək olar ki, bacarmırdım. Komandirimin və əsgər yoldaşlarımın dəstəyi ilə hər gün idmanla ciddi məşğul olmağa başladım. Artıq normativə uyğun dartına bilirəm. Fiziki hazırlığımız bizə döyüş ruhu aşılayır, inam hissimizi artırır.
Əsgərlərdən Zirə Feyzullayev, Şəmistan Nəbiyev, Eşqin Rzayev və başqaları hərbi hissədə fiziki hazırlığın artırılması üçün də yüksək şərait yaradıldığını, idmanla həvəslə və yorulmadan məşğul olduqlarını qeyd etdilər. Əsgərlər Vətəni sevməyi, ona sadiq olmağı və Vətənə layiqli xidmət etməyi özlərinə müqəddəs borc bilirlər.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu", fotolar C.CƏFƏROVUNDUR