Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyun 2017 10:50

“Horadiz halayı”ndan “Qələbə halayı”na

Sözə ömür verə-verə sözdən ömür umanların yazdığı şeirlər duyğuluların könül sirdaşına dönür. Söz şeirləşəndə gözəlləşir. Məzmununa uyarlı musiqiylə təqdim edilən şeir daha təsirli olur. Hər şeir, hər musiqi könülə yatmır - duyğuları titrətmir, düşüncələri tərpətmir. Musiqinin məzmunu şeirin məzmununu (və poetikasını!) ifadə edirsə, ifanın peşəkarlığı əsərin qayəsini tamamlayırsa, belə musiqi əsərini möhtəşəm əsər bilirik.
Əməkdar İncəsənət xadimi Abdulla Qurbaninin sözlərinə Qara Qarayevin tələbəsi olmuş Azad Zahidin yazdığı "Horadiz halayı" musiqi əsərini ruhumun ruhu kimi dinləyirəm. Səssizlikdə hərdən əsən, hərdən kəsən yel ağacların yarpaq yüklü budaqlarına necə sarılırsa, "Horadiz halayı" dinləyənin ruhuna elə hopur; o ünsiyyətlə bu ünsiyyət arasında ecazkar bir eynilik duyulur...
"Horadiz halayı" tarixi əsər kimi də dinlənilir.
Horadiz işğal olunmuşdu. 1994-cü ildə xalqın tələbiylə hakimiyyətə qayıdan Heydər Əliyevin xeyir-duasıyla Azərbaycan əsgərləri üzərində "Heydər Əliyev uğrunda!" sözləri yazılmış tanklarla müqəddəs döyüşə atıldılar. Horadiz qəsəbəsinin və daha 20-dən çox yaşayış məntəqəsinin yaxasından yapışmış əllər biləyindən kəsildi...
Qəsəbənin xarabalıqlarında yeni Horadiz salındı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Horadizə şəhər statusu verildi. İndi şəhərin gözəlliyinə baxmaqla doymaq olmur.
Bu gün Cocuq Mərcanlının, sabah işğaldan azad edəcəyimiz bütün yaşayış məntəqələrinin görkəmində Horadizlik görəcəyik...
"Horadiz halayı" musiqi əsəri dinləyənlərə nə deyir? - əsər məfkurə ətrafında birliyə çağırır, "kül altından dikələn", boy göstərən şəhərin timsalında yaxın vaxtlarda işğaldan azad ediləcək yaşayış məntəqələrində əhalini nə gözlədiyini xatırladır. Möhtərəm Prezidentimizin təəbirincə desək, "Biz Horadiz şəhərinin timsalında dirçələn Azərbaycanı, qüdrətli Azərbaycan Ordusunu, ulu öndər Heydər Əliyevin siyasətini görürük"...
Şeirdə simvollar düşündürücüdü: payızı qubara, qışı ayrılığa, həsrətə rəmz bilmək suç deyil. Yaz ifadəsi şeirdə təkcə fəsil məzmununu ifadə etmir. 2016-cı ilin apreli anılır, aprel zəfəri xatırladılır. Şeir deyir ki, yaz payızın, payız qışın son nəfəsidi, yaz (qələbə, zəfər) işğalın son nəfəsi olacaq! "Horadiz halayı" niyyət, muraz, arzu halayıdı. "İgid əsgər, səngərində oyaq dur!" öyüdüylə, "qələbə yoluna - izinə çıx" tövsiyəsiylə, "Lələtəpədən dəriləcək güllərin-çiçəklərin Cıdır düzünün güllərinin-çiçəklərinin ətrinə qarışması" təmənnasıyla...
"Horadiz halayı" Horadizə çağırır. Horadizdən Şuşaya nə qalır ki? - "bir at mənzili" (şeirdə "kəhərlərin yəhərlənməsi" məhz bu qənaətin poetik ifadəsidi), sülh danışıqları baş tutmasa  - bir döyüş qədərincə məsafə.  "Horadiz halayı" bu inamın söz, musiqi, söz-musiqi biçimli təzahürüdü. Dinləyirsən, özünü halayda hiss edirsən. Sənə elə gəlir ki, bu  musiqi əsəri indicə ürəyini çəkib Qarabağa aparacaq. Abdulla Qurbaninin sözünün (şeirinin), Azad Zahidin musiqisinin qüdrətidi bu! Davulun coşqusu qara zurnanın harayına qarışır, haray oxumaların bənzərsizliyinə. Təqdimatda mətləb möhtəşəmdi: Vətən sevgisi! Dövlət! Dövlətçilik!..
Abdulla Qurbaninin ssenarisi və rejissorluğuyla keçirilən tədbirlərin birində səsləndirilən fikirlərin ("Vətənin mehi ilə, yeli ilə vətənləşin!", "Coşub-daşan seli ilə vətənləşin!", "Tər çiçəyi, hər çiçəyi, gülü ilə vətənləşin!", ...) məntiqi davamıdı "Horadiz halay"ı. "Horadiz halayı" Vətən kəlməsini ürəyində cücərdənlərin halayıdı...
"Horadiz halayı" günümüzü sabahlarımıza ad eləyən kompozisiyadı...
"Horadiz halayı" həm də düşüncələr üçündü...
"Horadiz halayı" Azərbaycan əsgərinin ruhunun can ortağıdı...
"Horadiz halayı"nın göylərində qürurla dalğalanan üçrəngli bayrağımızı görürəm...
"Horadiz halayı" dönməz inamla qələbə halayının uzaqda olmadığını deyir...
Qurtuluş Günü Horadizdə ictimailəşdiriləcək "Horadiz halayı"...
"Horadiz halayı" ömrünü Vətənə ad edənlərin halayıdı...
Amalın, əqidənin, məqsədin, niyyətin halayı olan "Horadiz halayı" hamımızı bir halayda - Qələbə halayında birləşdirəcək...
Cıdır düzündə səslənəcək "Qələbə halayı"nın başlanğıcıdı "Horadiz halayı"...
"Horadiz halayı"ndan "Qələbə halayı"na uğur üstəsiniz, Azərbaycan əsgəri! Bu əsər qoruduğunuz torpağa sevgidi, özünüzə ehtiramdı...

Rəşid HÜSEYNOV, əməkdar jurnalist