Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyun 2017 10:49

“Yelkən”dən böyük dünyaya

Uşaqlıq dünyası...
Bənzərsizliyiylə, saflığıyla, səmimiyyətiylə könülə yatan, könül xoşluğuna dönən bu dünya nədən böyük dünyaya görk olmur? Uşaqlıq dünyası niyə dünyanın Dan ulduzu olmasın? Nədən uşaqların təbəssümünü insanın insana, dövlətin dövlətə münasibətinin "yolgöstərəni" bilməyək? Nədən?..
Hərbi Dəniz Qüvvələrinin nəzdində fəaliyyət göstərən "Yelkən" uşaq bağçası ötən il cari təmir olunub. Burada dənizçi hərbi qulluqçuların uşaqları üçün hər cür şərait yaradılıb. Bağça həm də əyləncələriylə, təfəkkürü inkişaf etdirən oyuncaqlarıyla, qurğularıyla uşaqların erudisiyasının ilkin inkişafı, gələcəkdə formalaşması üçün mühüm vasitələrdəndi. Bağçanın müdiri İradə Rəsulzadə deyir ki, tərbiyəçilər uşaqların maraq dünyasını müəyyənləşdirirlər, əyləncələri bu istiqamətdə təşkil edirlər. Çalışırlar ki, əyləncələr didaktik xarakterli olsun. Belə əyləncələr həm öyrədir, həm də uşaqlarda kollektivçilik ruhu yaradır ki, bu da məktəblərdə son dərəcə gərəkli olur. Tərbiyəçilərdən Bəturə Əliyeva, Qalina Doljinkova, Kəmalə Məmmədova, Yelena Yaşina və başqaları uşaq dünyasına yaxşı bələddirlər.
...Bağçada tədbirdi. 23 uşaq bu il məktəbə gedəcək. Necə deyərlər, onların buraxılış günüdü; "Əlvida, bağça!" yazısı hamını bir duyum qədərincə kövrəldir...
Uşaqların baxışları çiçək-çiçək gülümsəyir...
Bağçanın uşaqları bayram tədbirlərində çox olub. Bugünkü tədbir onların özlərinə ad olan bayram ovqatlı tədbirdi. Bu günün sevincini, fərəhini heç biri heç zaman unutmayacaq.
Aparıcılar da uşaqlardı. Leyli də, Mətanət də o qədər şirin, o qədər intonasiyalı, o qədər emosional danışır ki! Bağçada keçirdikləri xoş günlərdən danışırlar, məktəbə gedəcəkləri günün həyəcanından, sevincindən danışırlar. Mahnılar rəqslərlə müşayiət olunur. Uşaqlar Fəxriyyə müəllimin öyrətdiklərini dəqiqliklə yerinə yetirirlər. Rəqs elementlərinə adi baxışla baxmaq mümkün deyil. Riyad, Yusif, Yaqut, Şəms, Cahan, ... o qədər plastik rəqs edirlər ki!..
Gülay şərti məktəb zəngini çalır. Sevinci, qüruru yerə-göyə sığan deyil. "Vaxt gələcək, oxuduğu məktəbdə də son zəngi o çalacaq" - düşünürəm. "Məktəbin əlaçı şagirdi kimi...".
Oğlanlara baxıram - Azərbaycanımızın sabahkı əsgərlərini görürəm.
Məqam tapıb Yusiflə kəlmələşirəm. "Azərbaycanın Milli Qəhrəmanlarını tanıyırsanmı?" - soruşuram. "Yusif Mirzəyev, Mübariz İbrahimov, Murad Mirzəyev, Samid İmanov, Çingiz Qurbanov, ..." - deyir. 6 yaşlı uşağın Milli Qəhrəmanlarımıza bu biçim sevgisi ürəyimi dağa döndərir...
...Dünyanı uşaq təbəssümü xilas edəcək qənaətində israrlıyam. Hərbi Dəniz Qüvvələrinin nəzdində fəaliyyət göstərən "Yelkən" uşaq bağçasında gördüklərimin zəmanətiylə...
Rəşid HÜSEYNOV, əməkdar jurnalist