Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyun 2017 10:46

Kursantlar hüquqi biliklərini artırırlar

İnsan Hüquqları Günü ölkəmizdə də təntənə ilə qeyd edilir. Bununla bağlı "İnsan Hüquqları Aylığı" keçirilir, vətəndaşlara hüquqi məsləhət və tövsiyələr verilir.
Silahlı Qüvvələrdə də İnsan Hüquqları Günü ilə bağlı tədbirlərdə hərbi qulluqçular fəal iştirak edirlər. Belə tədbirlər onların hüquqi biliklərini daha da artırır.
Bu günlərdə C.Naxçıvanski adına Hərbi Liseydə "İnsan hüquq və azadlıqları", "İnsan Haqları" və "Beynəlxalq humanitar hüquq" mövzularında dərslər keçirildi, kitab sərgiləri təşkil edildi. Hərbi liseyin kitabxanasında keçirilən tədbirlərin birində mayor Natiq Rəhimov kursantlara mövzu ilə bağlı geniş məlumat verərək bildirdi ki, yer üzündəki bütün insanların irqindən, dilindən, dinindən və cinsindən asılı olmayaraq, hüquqi bərabərliyi vardır.
Dərsi Hərbi liseyin kitabxana müdiri Zenfira İsmayılova davam etdirdi. O qeyd etdi ki, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi istiqamətində çox mühüm tədbirlər görüldü. "İnsan hüquq və azadlıqlarının daha da etibarlı qorunması üçün əsaslı islahatlar başlandı. Dövlət müstəqilliyi haqqında Konstitusiya aktında Azərbaycan Respublikası Ümumdünya İnsan Hüquqları Bəyannaməsini tanıdığını bəyan etdi və beynəlxalq paktlarda əksini tapmış insan hüquq və azadlıqlarının təsbitinə böyük önəm verildi. 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiyanın qəbul edilməsi ilə insan haqlarının qorunması istiqamətində çox mühüm addımlar atıldı. Azərbaycan Respublkasının Əsas Qanunu insan və vətəndaş azadlıqlarının, hüquqlarının təmin olunmasını dövlətin ali məqsədi olduğunu elan etdi. Bu da ölkədə aparılan irimiqyaslı islahatlar üçün möhkəm, dayanıqlı qanunvericilik bazası yaratmağa imkan verdi. Konstitusiyanın 26-cı maddəsinə əsasən, hər bir vətəndaşın qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququ vardır. Vətəndaşı olduğumuz Azərbaycan dövləti hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir".
Çıxışlar başa çatdıqdan sonra kursantlar kitab sərgisində iştirak etdilər.

Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey