Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyun 2017 10:45

Silahlı Qüvvələrimiz torpaqlarımızın toxunulmazlığına təminatdır

“Ən yaxşı artilleriya divizionu”
2017-ci il üçün nəzərdə tutulan döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Silahlı Qüvvələrində ən yaxşı artilleriya divizionlarının müəyyən edilməsi, raket və artilleriya birləşmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirildi.
Divizion komandirinin tapşırıqlarından sonra əvvəlcədən hazırlanmış atəş mövqelərinin və komanda-müşahidə məntəqələrinin tutulması üçün heyətlər silah və texnika ilə birlikdə hərəkət etdilər. Bu zaman fərdi və qrup halında normativlərin yerinə yetirilməsi yoxlanıldı. Normativləri yerinə yetirən şəxsi heyətə yeni atəş mövqelərinin və komanda-müşahidə məntəqələrinin tutulması tapşırığı verildi və bundan sonra artilleriyaçılar yerdəyişmə etdilər. Bir neçə mərhələdə həyata keçirilən təlimdə müdafiə əməliyyatlarının aparılması, düşmənin hücumunun dayandırılması və əks-zərbə endirilməsi ilə düşmənin məhv edilməsi və hücumun inkişaf etdirilməsi tapşırıqları icra olundu. Təlimin planına əsasən, şərti düşmənin komanda məntəqələrinə və artilleriyasına atəş zərbələri endirildi. Əks-zərbə atəş hazırlığı komandasından sonra artilleriya qurğuları düşmənin aşkar edilmiş qruplaşmalarını, hərbi və inzibati obyektlərini məhv etdi. Təlimdə hədəflərin artilleriya vasitələri ilə dağıdılması təmin olundu.
Döyüş atışlı təlimdə iştirak edən şəxsi heyətin bacarığını və qarşılıqlı fəaliyyətini izlədikdən sonra onlarla söhbət etmək imkanı qazandıq.
Kapitan Ramil Abduləzizov söhbətə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təlim haqqında dediyi "Silahlı Qüvvələrin birlik, birləşmə və hərbi hissələrində bütün səviyyələrdə müasir döyüş üsullarının istifadəsi ilə genişmiqyaslı təlimlərin keçirilməsi düşmənə bir xəbərdarlıqdır, bizim üçün isə əsgəri həyat normasına çevrilibdir"  fikri ilə başladı.
- Keçirilən təlimlər ordumuzun gücünün, qüdrətinin artırılmasına xidmət edir, - deyə zabit söhbətə davam etdi.  - Şəxsi heyətimiz plana uyğun olaraq ən yaxşı artilleriya divizionunun müəyyən edilməsi məqsədilə Silahlı Qüvvələrimizin raket və artilleriya birləşmələrinin döyüş atışlı təliminə cəlb edilib. Bu təlimlərdə iştirak etməklə döyüş qabiliyyətlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirmək, müasir silah və hərbi texnikanın nümunələri ilə yaxından tanış olmaq, düzgün istifadə və istismar qaydalarını bilmək imkanı əldə edib.
Döyüş atışlı təlimlər ilk olaraq birlik daxilində həyata keçirildi və divizion birinciliyi qazandıq. Həmin təlimdə divizionlarımız arasında fərqləndiyimizdən bu mühüm sınaqda iştirak etmək bizə nəsib olub. Bütövlükdə birinciliyin əldə edilməsi şəxsi heyətin il ərzində gərgin əməyinin nəticəsidir. Təlimlər zamanı fədakarlıq göstərən bir neçə nəfərin - baş leytenant Zəfər İbrahimovun, əsgərlərdən Pərviz Hüseynovun, Arzuman Feyzlinin adlarını qeyd etmək istəyirəm. Təlimin müvəffəqiyyətlə başa çatmasında fərqlənənlər komandanlıq tərəfindən mükafatlandırılıb.
Kapitan Ramil Abduləzizov onu da qeyd etdi ki, ordunun döyüş qabiliyyətinin və şəxsi heyətin peşəkarlığının artırılmasında hərbi təlimlərin mühüm rolu var. "Torpaqlarımızın işğal altında, ölkəmizin isə müharibə şəraitində olması hərbi təlimlərin planlı keçirilməsini, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin yüksəldilməsini zərurətə çevirib. Bugünkü hərbi təlimlər bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı uğurla yerinə yetirmək, torpaqlarımızı işğaldan azad etmək qüdrətindədirlər."
- Bu gün keçirilən hərbi təlimlərin nəticəsidir ki, Azərbaycan əsgərinin döyüş hazırlığı yüksək səviyyədədir, - deyə top komandiri əsgər Arzuman Feyzli də fikirlərini bölüşdü. - Əldə etdiyimiz nailiyyətlərdə komandirlərimizin zəhməti danılmazdır. Onlardan öyrəndiklərimizin və gərgin əməyin, zəhmətin hesabına uğur qazananlar sırasındayıq. Eyni zamanda şəxsi heyətdə hərbi xidmətə böyük maraq, Vətənə sonsuz bağlılıq olmalıdır.
Əsgər Şair Ağazadə də silahdaşının dediklərinin davamı olaraq bildirdi ki, bizim bir arzumuz, bir istəyimiz var - torpaqlarımızı işğalçılardan azad etmək. “Torpaqlarımızın müdafiəsi bizə tapşırılıb. Bu, müqəddəs vəzifənin təmin edilməsi məqsədilə nümunəvi xidmət etmək, müasir silah və texnikalardan istifadə qaydalarını dərindən mənimsəmək, nizam-intizama əməl etmək və bununla da döyüş qabiliyyətimizi daim artırmaq əsas vəzifəmizdir. Aprel zəfərini məhz döyüş qabiliyyətinin gücü hesabına qazandıq.”
Əsgər Məhəmməd İmamyarovun fikrincə, Azərbaycan Ordusunun yenilməzliyini bütün dünyaya nümayiş etdirən aprel döyüşləri Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında olduğunu bir daha sübuta yetirdi: "Həmin döyüşdə artilleriyaçılarımız düşmənə sarsıdıcı zərbələr vurulmasında fədakarlıqla iştirak etdilər. Keçirilən təlimlərin hesabına növbəti döyüşlərdə də biz artilleriyaçılar bilik və bacarıqlarımızı, döyüş hazırlığımızı nümayiş etdirəcək və xalqımıza Qələbə sevinci bəxş edəcəyik."
Əsgərlər Samir Məhərrəmov və Elnur Rəsulov hesab edirlər ki, bu təlimlər və qazanılan uğurlar şəxsi heyətin ruh yüksəkliyi üçün əsas amillərdir. Döyüşlər olarsa, Vətən sevgisinə, vətənpərvərlik ruhuna köklənən Azərbaycan əsgərinin qarşısını almaq mümkün olmayacaq.  Bütün qoşun növlərində döyüş hazırlığının gücləndirilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və döyüş əzminin yüksəldilməsi məqsədilə daim keçirilən döyüş atışlı təlimlər, məşqlər Qələbə gününün uzaqda olmadığına sübutdur.
Döyüş atışlı təlimi izlədikdən sonra tam əminliklə deməyə əsasımız var ki, bundan sonra da nəzərdə tutulan bütün işlər, qarşıya qoyulan məqsədlər uğurla yerinə yetiriləcək və Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın toxunulmazlığının əsas təminatıdır.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"