Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyun 2017 10:43

Cəsurlarımızla qürur duyuruq

Vətən keşiyində dayanan əsgərlərimizin görüşünə yollanırıq. Zabit Murad Muradov söhbətimizdə qeyd edir ki, şəxsi heyət Müdafiə Nazirliyinin təsdiq etdiyi plana əsasən, döyüş tapşırıqlarını yerinə yetirir. “Bizə etibar olunan ərazilər mərdliklə qorunur. Əsgər və zabitlərimiz sayıqlıqlarını müntəzəm artırırlar. Keçirilən məşğələlər, dərslər, təlimlər göstərir ki, ordumuz bu gün yüksək döyüş ruhuna, qələbə əzminə malikdir. Ölkə rəhbərliyinin və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə hərbi bölmələrimizdə nümunəvi xidmət üçün hərtərəfli şərait yaradılıb. Göstərilən diqqət və qayğıdan ruhlanan şəxsi heyətimiz fədakarlıq nümayiş etdirir.”
Ön xəttə yollanırıq. Hər tərəf təbiətin gözəlliyi ilə əhatələnib.  Kənd adamları təsərrüfat qayğıları ilə məşğuldurlar. Düşmənlə yaxın məsafədə yaşayan insanlar da iş-güclərindən qalmır, sabaha böyük inamla baxırlar. Onlarda bu inamı Vətən keşiyində dayanan mərd oğullar yaradıblar.
Baş leytenant Şamxal Abışovun sözlərinə görə, son vaxtlar düşmənlə təmas xəttində heç bir hadisə baş verməyib.
- Vətən oğulları düşmənin bütün hərəkətlərini dəqiqliklə izləyirlər. Əgər hər hansı bir hadisə olarsa, qabaqlayıcı tədbirlər həyata keçirilir. Şəxsi heyətin hər bir üzvü Vətənimizin müsəlləh əsgəridir. Bizə etibar olunan əraziləri göz bəbəyi kimi qoruyuruq. Ən böyük amalımız, məqsədimiz işğal olunmuş torpaqlarımızı azad etməkdir.
Sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elşad Qasımovu göstərərək deyir ki, belə mətin, qorxmaz övladları olan Vətən torpaqları işğaldan azad ediləcək. Öyrənirik ki, Elşad Qasımov Tovuz rayonunun Ağdam kəndindəndir. Milli Qəhrəman Naiq Yusifovun adını daşıyan orta məktəbin məzunudur. O da qəhrəmanların davamçısıdır, Vətən andına daim sədaqətlidir. Uşaqlığı müharibə illərinə təsadüf edib. Əli silah tutandan doğma yurdun müdafiəsində olmağa çalışıb. Elə buna görə də əsgəri xidmətini başa vurduqdan sonra yenidən hərbi həyata qayıdıb.
Kiçik çavuş Elşad Qasımov deyir:
- Mən sərhəd kəndində böyümüşəm. Həmişə hərbçilərlə təmasda olmuşuq. Kəndlərimiz, yaşayış məntəqələrimiz etibarlı müdafiə olunub. Əsgəri xidmətdən sonra Vətən müdafiəçiləri sırasına qoşulmaq qərarına gəldim. Qürur hissi keçirirəm ki, mən də mətin müdafiəçilər sırasındayam.
Qarşı tərəflərə baxırıq. Tam sakitlikdir. Baş atıcı Seymur Muxtarov bildirir ki, düşməni daim nəzarətdə saxlayırıq. "Onlar dərk edirlər ki, Azərbaycan əsgəri istənilən döyüş əmrini yerinə yetirməyə qadirdir. Ötən ilin aprel döyüşləri onlara yaxşı dərs oldu. Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etməyə hazırıq".
Əsgərlərdən Ruhid Rüstəmov, İsgəndər Teymurov, Tural Hüseynzadə, Seymur Muxtarov və başqaları da Vətənə xidmətdən qürur duyduqlarını dedilər. Gördüklərimiz, eşitdiklərimiz deməyə əsas verir ki, Vətənimizin keşiyini çəkən, torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərə hazır olan cəsarətli oğullarla biz də qürurlanırıq.
 
Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"