Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyun 2017 10:52

Gələcək uşaqlarındır

Cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Daim qayğıya, şəfqətə ehtiyac duyan balacaların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlıca sosial vəzifələrindəndir.Uşaqların Beynəlxalq Müdafiəsi Günü respublikamızın bir çox təşkilatlarında olduğu kimi, "N" hərbi hissəsində də böyük coşqu ilə qeyd olundu. Tədbirdə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin nəzdindəki şəhər mədəniyyət evinin, "Yasəmən" uşaq bağçasının kollektivləri və məktəblilər iştirak edirdi.
Öncə ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbirdə çıxış edən Milli Qəhrəman general-leytenant Rövşən Əkbərov  əlamətdar gün münasibəti ilə uşaqları təbrik edərək bildirdi ki, 1 iyun dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. "Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Onların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün ölkəmizdə zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşmasının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər "Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır" kəlamı bizlərə məsuliyyətimizi xatırladır. Uşaqlara qayğı təkcə dövlətin üzərinə düşən vəzifə deyil. Hər bir şəxs uşaqların hərtərəfli böyüdülməsi üçün səy göstərməlidir. Çünki uşaqlar təkcə bir evin deyil, bütün el-obanın ən qiymətli, ən dəyərli sərvəti, hər bir xalqın gələcəyidir. Gələcəyimizi qorumaq isə hamımızın borcudur", - deyə general çıxışında bildirdi.
- 1950-ci il iyunun 1-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər irəli sürülüb, - Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin nəzdindəki şəhər mədəniyyət evinin direktoru Elnarə Rəşidova dedi. - Həmin tarixdən etibarən dünyanın əksər ölkələrində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur... Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində də son illər ərzində məqsədyönlü işlər görülüb. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd isə 1998-ci il mayın 19-da qəbul edilmiş "Uşaq Hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunudur.
Sumqayıt şəhər mədəniyyət evinin təşkil etdiyi rəsm sərgisini, "Narbala" kukla teatrının hazırladığı tamaşanı maraqla izləyən uşaqlar daha sonra sevimli cizgi qəhrəmanları Maşa və ayı ilə görüşdülər, vətənpərvərlik, qəhrəmanlıq ruhlu şeirlər söylədilər.  
Son illər Azərbaycanda uşaqların təlim-tərbiyəsinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edən məktəb direktoru Turə Qasımova Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqların problemlərinə böyük diqqət və qayğı ilə yanaşdıqlarını bildirdi. "Gələcəyimizin təminatı olan uşaqlar vətənpərvər ruhda böyüyürlər. Ordumuzun aprel zəfəri isə onlarda Qələbəmizə inamı daha da gücləndirib. Artıq bir ildən çoxdur ki, məktəblilərin əsgərlərimizə yazdıqları məktubları davamlı olaraq ön cəbhəyə göndəririk. Onlar tezliklə Şuşaya, Cıdır düzünə, Kəlbəcərə və digər işğaldan azad ediləcək torpaqlarımıza ekskursiyaya gedəcəklərinə inanırlar".
 "Yasəmən" uşaq bağçasının müdiri Gülüş Quliyeva isə çıxışında qeyd etdi ki, müharibə dövründə yaşayan balacaların ən böyük arzusu Vətənə əsgər olmaqdır. Bu sevgi ilə böyüyən uşaqların əzəli torpaqlarımızın işğaldan azad edilməsinə öz töhfələrini verəcəklərinə inanırıq...
Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin şən mahnı və rəqsləri biri-birini əvəz etdikcə, uşaqların sevinci yerə-göyə sığmırdı. Tədbir birliyimizin və həmrəyliyimizin simvolu olan "Yallı" rəqsi ilə başa çatdı.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu", foto Namiq PƏNAHOVUNDUR