Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyun 2017 10:39

Artilleriyaçıların hazırlığı möhkəmlənir

Silahlı Qüvvələrdə şəxsi heyətin döyüş ustalığını artırmaq üçün kompleks tədbirlər həyata keçirilir. İxtisas, taktiki, atəş hazırlığı dərsləri, təlimlər ordunun döyüş hazırlığının yüksəldilməsi üçün böyük əhəmiyyət kəsb edir. Bunlardan biri də ayrı-ayrı ixtisaslar üzrə döyüşçülər və bölmələr arasında yarışların keçirilməsidir.
Bu günlərdə hərbi hissələrimizdən birində "Silahlı Qüvvələrin ən yaxşı artilleriya divizionu" adı uğrunda keçirilən yarışda iştirak etdik.  Dağların ətəyində bölmələr və artilleriya qurğuları səf-səf düzülmüşdü. Yuxarı komandanlığın nümayəndələrinin iştirakı ilə şəxsi heyətin sıra baxışı keçirildi.
Bölmələrin fəaliyyətinin ayrılmaz hissəsi olan sıra baxışı zamanı topçuların  xarici görkəmindən tutmuş silah və texnikanın düzülüşünə və vəziyyətinə qədər hər şeyə diqqət yetirilirdi.
Doğrusu, bu baxımdan artilleriya divizionunda gördüyümüzlə fəxr etməyə dəyər. İllərdir ki, ölkə rəhbərliyinin orduya göstərdiyi böyük diqqət və qayğının nəticəsini görmək mümkün idi. Təzə avtomobillər, artilleriya qurğuları, şux  geyimli topçular Silahlı Qüvvələrimizin əbəs yerə Cənubi Qafqazın ən güclü ordusu hesab edilməyini bariz şəkildə göstərir. Ölkə rəhbərliyinin ordu quruculuğuna verdiyi önəm, qoşunlarımızın maddi-texniki təminatı artıq bu gün hərbi hissələrimizin fəaliyyətində ürəkaçan reallığa çevrilib, döyüş hazırlığının daha da yüksəldilməsinə səbəb olub.
Sıra baxışından sonra komanda ilə bölmələr döyüş mövqeyi tutmaq üçün hərəkətə gəldilər. Avtomobillər müəyyən edilmiş məkanda əsas atəş mövqeyinə gəlib çıxdılar. Verilən komandaları ucadan təkrar edə-edə heyət üzvləri topları döyüşə hazır vəziyyətə gətirirlər. Belə heyətlərdən birinin fəaliyyətini yaxından izləmək imkanımız oldu.
- Döyüşə! - komandası verilən kimi top komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Elşad Abdıyev heyət üzvlərinə əmri təkrar səsləndirdi.
Tapşırıq yerinə yetiriləndə hiss edirsən ki, heyət nəfərləri öz vəzifə borclarını mükəmməl öyrəniblər.
Hər bir heyət üzvü dərhal əmri yerinə yetirməyə başladı və topçular vəzifə bölgüsünə uyğun hərəkət edərək qurğunu döyüşə hazır vəziyyətə gətirməyə tələsdilər. Baş tuşlayıcı əsgər Xaliq Qəmbərov optik cihazı cəld qılafından çıxarıb nişangahın səbətciyinə bərkitdi. Və sıfır vəziyyətinə gətirdi. Xaliq Ağdam rayonundan hərbi xidmətə çağırılıb, artıq o, əsl topçu kimi yetişib və vəzifələrini yetərincə mənimsəyib. İyulda hərbi xidmətini başa vurmağa hazırlaşır.
Digər topçular çevik hərəkətlə qundaq qolunu açdılar. Klini “döyüş” vəziyyətinə gətirdikdən sonra onlar topun arxasında öz yerlərini tutdular. Top komandiri dərhal bayrağı qaldırıb heyətin döyüşə hazır olduğunu bildirdi.
Çaxmaqçı heyət nəfəri əsgər Rüfət Fətəliyev bir il üç aydır hərbi xidmətə çağırılıb, digər heyət nəfəri Xəyyam Talıblı on aydır hərbi xidmətdədir. Əslən Bakıdandır, atıcı Xəyal Məmmədov isə Füzuli rayonundandır, altı aydır ki, ordu sıralarındadır. Müxtəlif çağırış dövründə orduya gəlsələr də, kollektivin mehriban  üzvlərinə çevriliblər, ümumi uğur naminə bilik və bacarıqlarını əsirgəmirlər. Topu döyüşə hazırlayarkən onlar öz bacarıqlarını bir daha nümayiş etdirdilər. 
Müdafiə Nazirliyi tərəfindən təsdiq edilmiş döyüş hazırlığı planına uyğun il ərzində nəzərdə tutulan tədbirlər qrafikə uyğun həyata keçirilməkdədir. Gündəlik döyüş hazırlığı məşğələlərində topçular ixtisas, taktiki və atış bacarıqlarını artırmaqla məşğul olurlar. Artilleriyaçılar bu məşğələlərdə silahların taktiki-texniki xüsusiyyətlərini həvəslə öyrənir, doldurucudan tutmuş tuşlayıcılara qədər, heyətdən tutmuş diviziona qədər vahid mexanizm kimi hərəkət etmə vərdişlərini mənimsəyirlər. İstənilən zaman həyəcan siqnalı ilə divizion istənilən cəmləşmə rayonuna çıxmağa və döyüş aparmağa qadirdir.
Döyüş hazırlığı dərslərində, məşq və təlimlərdə əgər şəxsi heyət yüksək ixtisas və taktiki hazırlığa yiyələnirsə, yəni, öz gücünə və döyüş bacarığına inam qazanırsa, deməli,  həm də mənəvi-psixoloji hazırlığını artırır. Eyni zamanda hərbçi olaraq Vətəni qorumağın şərəfli peşə sayıldığını, Azərbaycanımıza xidmət etməyin  hər bir vətəndaşın müqəddəs borcu olduğunu əsgərlərə başa salmaq, torpaqlarımıza təcavüz etmış düşmənə nifrət tərbiyə etmək komandir heyətinin başlıca vəzifəsidir. Ona görə topçularımızın döyüş ruhu yüksəkdir və onlar qarşılarına qoyulan tapşırıqları yerinə yetirməyə qadirdirlər.
- Hazırda atəş mövqeyi tutulub, - batareyanın baş zabiti, birinci artilleriya taqımının komandiri baş leytenant Əfqan İsmayılov dedi. - Atəş aparmağa hazırlıq haqqında atəşi idarəetmə məntəqəsinə, yəni, divizionun  qərargah rəisinə məruzə edilib. Növbəti komandaları gözləyirik.
Bölmələr yarışın şərtlərinə uyğun olaraq atış hazırlıqlarını nümayiş etdirirlər.
Azərbaycan Ordusunun dünyanın ən müasir ordularından olmasının daha bir nümunəsini  "Silahlı Qüvvələrin ən yaxşı artilleriya divizionu" adı uğrunda keçirilən yarışda bir daha gördük. Aprel döyüşlərində ordumuza məxsus pilotsuz uçuş aparatları havada düşmən üzərində üstünlüyümüzü təmin etmişdi. Bu gün PUA-lardan dünyanın qabaqcıl ordularında geniş istifadə edilir və bu uçuş aparatları Silahlı Qüvvələrimizdə də döyüş hazırlığı prosesinin ayrılmaz tərkib hissəsidir. Yarış zamanı məhz PUA-ların köməyilə müvafiq imitasiyalardan sonra artilleriya atəşinə korrektə edilirdi. Bu da topların hədəfləri dəqiqliklə məhv etməsi üçün mühüm amil kimi dəyərləndirilir.
- Divizion birliyin ən yaxşı divizionu adına layıq görüldüyü üçün bu yarışlara qatılıb, - zabit Vəli Ələsgərov bizimlə söhbətində dedi. - Bu kollektiv həmişə yüksək döyüş bacarığı ilə fərqlənib. Bölmə əvvəllər də "Silahlı Qüvvələrin ən yaxşı artilleriya divizionu" adı uğrunda keçirilən yarışda iştirak edib və yüksək yerlər tutub. İndi də şəxsi heyət döyüş hazırlığı dərsləri və praktik məşğələlərdə qazandıqları bilik və bacarıqlarını nümayiş etdirir. Kollektivin qazandığı uğurlarda, təbii ki, ilk növbədə zabitlərin zəhmətini qeyd etmək yerinə düşər.  Zabitlərdən  Ramil Qasımov, Rəşad Rəşidov,  Mirqafar Ələkbərov, Əfqan İsmayılov və başqalarını nümunə göstərmək olar.  Belə zabitlər şəxsi heyətin döyüş ustalığını artırmaq üçün əllərindən gələni əsirgəmirlər. Onların rəhbərliyilə topçular həvalə edilmiş qurğuları lazımınca  mənimsəyiblər və praktik olaraq onlardan istifadə etməyi bacarırlar.
Qəflətən ərazidə "mərmilər" partlayır, divizion üçün həyəcan siqnalı verilir. Komanda ilə bölmələr çevik qaydada topları “səfər” vəziyyətinə gətirərək atəş mövqeyini tərk edir. Bütün şəxsi heyət əraziyə çıxaraq yenidən atəş mövqeyi tutur, verilən komandalara uyğun tapşırıqları yerinə yetirir. Burada da bölmələrin fəaliyyəti yoxlanılır və normativlərin yerinə yetirilməsi yuxarı komandanlığın nümayəndələri tərəfindən qeyd edilir.
- Artilleriyaçılar bütün tapşırıqları yarış zamanı ustalıqla icra etdilər, -  zabit Rəşad Rəşidov yarış yekunlaşdıqdan sonra dedi. - Əvvəlcə əsas atəş mövqeyində, sonra ehtiyat atəş mövqeyinə çıxaraq topçular  meteo şərait nəzərə alınmaqla tapşırıqları icra etdilər. Hesab edirəm ki, öz vəzifələrinin öhdəsindən bacarıqla gəlməyi bacardılar. Top komandirlərindən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Vüqar Mahmudov, Müşfiq Məsiyev,  Elşad Abdıyev və başqaları  heyətlərilə birlikdə yüksək hazırlıq nümayiş etdirdilər.
Təxminən bir həftə davam edən yarışlara Əlahiddə Ümumqoşun Ordusunun,  bütün birliklərin ən yaxşı artilleriya bölmələri cəlb ediliblər. Onların yarışda göstərdiyi nəticələr yekunda dəyərləndiriləcək və ən hazırlıqlı bölmələr qaliblər sırasında yer alacaqlar.

Əbülfət QASIMOV, "Azərbaycan Ordusu", fotolar müəllifindir