Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 May 2017 10:30

Cəbhə xəttindəki hərbi hissədə bir gün...

Əsgər anasının ürəyi daim övladı ilə döyünür. Evlərindən kənarda olan övladlarının məişət şəraiti daim düşündürür anaları. Lakin əvvəlki illərdən fərqli olaraq hər bir əsgər anası indi yaxşı bilir ki, müasir ordumuzda əsgərlərin xidmət etməsi üçün hər cür şərait yaradılıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun orduya göstərdiyi diqqət və qayğının nəticəsində əsgərlərin məişət şəraiti tamamilə yaxşılaşdırılıb. Şəxsi heyətin sosial təminatı yüksək səviyyəyə çatdırılıb. Silahlı Qüvvələrimizdə aparılan uğurlu islahatlar nəticəsində əsgərlər ərzaq və geyimlə tam şəkildə təmin olunublar.
"N" hərbi hissəsinin düşmənlə təmas xəttində yerləşən bölməsində ezamiyyətdə olarkən əsgərlərə yaradılmış yüksək məişət şəraiti ilə tanış olduq.
Baş gizir Zülfüqar Abbasovla yeməkxanaya daxil oluruq. Yeni tikilmiş yeməkxananın dizaynı göz oxşayır. Girişdə yerləşən əl-üzyuma yeri, salondakı səliqə-sahman, maraqlı təbiət mənzərələri, müasir televizor, yeni mətbəx avadanlıqları və s.  diqqətimizi cəlb edir. Yeməkpaylama yerinə qoyulan ağ-qırmızı rəngli təbii qızılgüllərin ətri uzaqdan duyulur. Yeməkxananın gözəlliyindən daha vacib orada çalışanların səliqə-sahmanı, bişirilən xörəklərin dadlı və keyfiyyətli olmasıdır. Deməli, ağ formalı aşpazlar da səliqəli  geyimləri və hazırladığı dadlı yeməkləri ilə sanki yeməkxanaya bir gözəllik qatırlar.
İçəri daxil olanda yeməkxana növbətçisi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Taleh Vəliyev nahar üçün ərzaq normalarına uyğun milli yeməklərin hazırlandığını deyir. "Bacarıqlı aşpazlarımız menyuya uyğun olaraq milli yeməklər bişirirlər. Hazırlanan yeməklərin keyfiyyətinə ciddi nəzarət edilir. Əsgərlərimizə milli mətbəximizin  gözəl təamlarından bişirilir. Dadlı yeməklər, fəslə uyğun salatlar, şirələr də  hazırlanır. Əsgərlərə yaxınlaşıb yeməklərin keyfiyyətini soruşuram. Heç vaxt da narazı qalan olmur. Əsgərlərin qeydinə qalmaq, onlara qayğı göstərmək bizim borcumuzdur", - Taleh deyir.
Nahar zamanı bir neçə masaya yaxınlaşıb əsgərlərlə salamlaşıram. Onların fikirlərini qeydə alıram ki, qoy əsgər anaları hərbi hissələrdə göstərilən yüksək qayğı və diqqəti övladlarının dilindən eşitsinlər. Bilsinlər ki, övladlarının layiqli xidmət etməsi üçün düşmənlə təmas xəttində yerləşən bölmələrdə də yüksək şərait yaradılıb.
Əsgər Elvin Məmmədov  küftəni elə iştahla yeyir ki, tox adamın da iştahı çəkir. Hərbi xidmətə Bakı şəhərindən çağırılan əsgər İdman Akademiyasının məzunudur. Yaradılan şəraitdən razılığını bildirir. "Mən xidmətimi başa vurmağa hazırlaşıram. Hərbi xidmətdə bizim üçün hər cür məişət şəraiti yaradılıb. Sağ olsun aşpaz analarımız, çox dadlı yeməklər hazırlayırlar. Küftə, dolma, plov və s. milli yeməkləri eyni ilə evdə anam hazırladığı kimi hiss edirəm. Belə qayğının əvəzində borcumuz ancaq layiqli xidmət etməkdir", - əsgər Məmmədov deyir.
Növbəti həmsöhbətim əsgər Məhəmməd Tağıyevdir. Məhəmməd hərbi xidmətə Sabunçu rayonundan çağırılıb. 14 aydır xidmət edən əsgər də yaradılan şəraitin yüksək səviyyədə olduğunu deyir:
- Şəraitimiz çox yaxşıdır. Gördüyünüz kimi, müasir yeməkxanamız, bişirilən dadlı yeməklər bunlara nümunədir. Mən də fəxr edirəm ki, Azərbaycan Ordusunun əsgəriyəm. Bütün komandirlərimə və qulluğumuzda duran insanlara təşəkkürümü bildirirəm. Belə yüksək qayğı bizə döyüş ruhu aşılayır, dövlətimizlə, ordumuzla qürur duyuruq.
Baş aşpaz kiçik çavuş Nərgiz Abdullayeva 2014-cü ildən burada xidmət edir:
- Yaradılan hər bir şərait əsgərlər üçündür. Oğlumun 12 yaşı var, İnşallah, o da şanlı ordumuzun əsgəri olacaq. Lakin mən  artıq 4 ildir özümü əsgər anası hiss edirəm, çünki buradakı hər bir əsgər bizim övladımızdır. Bir ana kimi tam əminliklə deyə bilərəm ki, Azərbaycan Ordusunda əsgərlərə yüksək qayğı göstərilir. Biz bunun hər gün şahidi oluruq. Mən və bütün yeməkxana işçiləri əsgərlərə xidmət etdiyimiz üçün, xüsusən də ön xətdə yerləşən bölmədə xidmət etdiyimiz üçün ikiqat qürurlanırıq. Əsgər balalarımıza dadlı yeməklər bişiririk.
Əsgər yataqxanasına daxil oluruq. Yataq otaqları ilə yanaşı, müasir avadanlıqlarla təchiz olunmuş trenajor otağı, ideoloji sinif, məişət otağı da var.
Yataq otağı ilə tanış oluruq. Burada ikimərtəbəli çarpayılar, yun adyallar,  təmiz və ağappaq mələfələr, əl-üz dəsmalları gözə dəyir. Əsgər Famil Yarəliyev otağın səliqə-sahmanı ilə məşğul olur. Əsgəri xidmətə Quba rayonundan çağırlıb. "Burada bizim üçün hər cür şərait yaradılıb. Gördüyünüz kimi, yataq otağımızda hər cür ləvazimatla təmin olunmuşuq. Göstərilən bu diqqətin qarşılığında bizim öhdəmizə düşən tək vəzifə, Vətənə sadiq əsgər olmaq, layiqli xidmət etməkdir", - əsgər deyir.
Növbəti otaqda əsgər Elçin Rüstəmzadə və Fərid İsmayılov fiziki hazırlıqla məşğul olurlar. Hər ikisinin də idmanın sərbəst güləş növü ilə məşğul olduğunu deyirlər. Onlarla söhbət əsnasında öyrənirəm ki, güləş üzrə keçirilən yarışlarda Elçin  Ağdam və Bərdə rayonu üzrə, Fərid isə Salyan rayonu üzrə birinci yeri tutub.
Müasir idman avadanlıqları ilə təchiz olunmuş trenajor otağından sonra məişət otağına gedirik. Otaqda paltar ütüləmək və saç kəsdirmək üçün şərait yaradılıb. Bu bölmədə elə yüksək məişət şəraiti ilə qarşılaşırıq ki, sanki cəbhə xətdində yox, şəhərin mərkəzində yerləşən bölmədəyik.
Paltar ütüləyən əsgər Süleyman Əhmədovla salamlaşırıq. Hərbi xidmətə Salyan rayonundan çağırılıb. Əl saxlayan əsgər deyir:
- Mən Azərbaycan əsgəri olduğum üçün, xüsusən də ön xətdə yerləşən bölmədə xidmət etdiyim üçün, qürurlanıram. Yaradılan belə yüksək şərait, komandirlərimiz tərəfindən göstərilən diqqət və qayğı vətənpərvərliyimizi daha da artırır, bizə mənəvi güc olur.
Bacarıqlı bərbər əsgər Fərid Məhərrəmli əsgər yoldaşı İzzət  Zeynallının saç düzümünü səliqəyə salır. Hərbi xidmətə Sumqayıt şəhərindən çağırılan Fəridin üç ildən çox bu sənətlə məşğul olduğunu öyrənirəm. "Mən bu sənətin həm həvəskarı, həm də peşəkarıyam. Asudə vaxtlarımda əsgər yoldaşlarımın saç düzümünü səliqəyə salıram. Mən düşünməzdim ki, cəbhə xəttində sənətimi davam elətdirmək üçün belə şərait olsun. Lakin bölməyə gəlib məişət otağını, saç kəsmək üçün ləvazimatları gördükdə çox sevindim. Bərbərlikdən əlavə mənim müqəddəs bir vəzifəm var - Vətən torpaqlarını qorumaq. Mən də bütün əsgər yoldaşlarım kimi, bu vəzifənin öhdəsindən layiqincə gəlmək üçün əlimdən gələni edirəm. Təcrübəli və savadlı komandirlərim tərəfindən vətənpərvər əsgər kimi yetişirəm", - əsgər Məhərrəmli deyir.
Hər dəfə dövlətin, ordu rəhbərliyinin diqqət və qayğısı nəticəsində əsgərlərin məişət şəraitinin tamamilə yaxşılaşdırıldığının, şəxsi heyətin sosial təminatının yüksək səviyyəyə çatdırıldığının, əsgərlərin ərzaq və geyimlə tam şəkildə təmin olunduğunun şahidi oluruq. Yaradılan belə yüksək şərait isə əsgərlərə sağlam mənəvi-psixoloji ruh aşılayaraq onların qələbə əzmini daha da artırır. Belə şəraitdə xidmət edən gənclərimizi yalnız bir məsələ düşündürür: döyüş vərdişlərini möhkəmlədərək qarşıda dayanan mühüm tapşırıqları yerinə yetirmək!

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
fotolar Coşqun CƏFƏROVUNDUR