Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 May 2017 10:30

“Vətənə xidmətdən şərəfli peşə yoxdur”

Təlim meydanında həyat qaynayırdı. Səhər tezdən dağların ətəyində tərtəmiz, sərin yaz havası adamın könlünü oxşayırdı. Ayrı-ayrı təlim yerlərində bölmələr komandirlərin rəhbərliyilə dərslərə cəlb edilmişdilər.  Müxtəlif hərbi hissələrin bölmələri həm müxtəlif ixtisaslar üzrə praktik məşğələlərdə iştirak edir, həm də atışları yerinə yetirirdilər. Taqım komandiri leytenant Cavidan İbadov da burada  gənc əsgərlərlə məşğələ aparırdı.
- Döyüş hazırlığı planında nəzərdə tutulmuş bütün tədbirlər tərəfimizdən həyata keçirilir və gənc əsgərlər kursunda öyrədilənləri əsgərlər  yüksək səviyyədə mənimsəyirlər, - leytenant Cavidan İbadov deyir. - İndi də ixtisas üzrə nəzərdə tutulan bütün bilik və vərdişləri qazandırmağa çalışırıq. Bir müddət sonra onlar digər hərbi hissələrə göndəriləcəklər. İnanıram ki, gənc əsgər kimi öyrəndiklərini əsas xidmət yerlərində məharətlə tətbiq etməyi bacaracaqlar.
Məlum olduğu kimi,  gənc əsgərlər öncə hərbi  hazırlıq keçir, sonra müəyyən ixtisaslar üzrə seçilir və həmin ixtisaslar üzrə hazırlaşırlar.  Hər şeydən öncə gənc əsgərlər sıra hazırlığı ilə məşğul olublar. Bundan əlavə, onlar hərbi qanunvericilik və  nizamnamələrin tələblərilə tanış ediliblər, hüquq saatlarında hərbi xidmət əleyhinə cinayətlər və bu cinayətlərə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətlər barədə bilgi alıblar. Döyüş hazırlığı dərslərində gənc döyüşçülərə əsgəri peşə ilə bağlı lazımi bilgilər verilib, ictimai-siyasi hazırlıq dərslərində isə ölkəmizdə və regionumuzda baş verən hadisələr barədə məlumatlandırılıblar. Əsgərlərimiz hərbi intizama alışıblar və əsgəri peşənin sirlərini həvəslə öyrənirlər.
- Hər bir gənc Vətənə övladlıq borcunu verir, - nümunəvi xidmətilə fərqlənən əsgərlərdən manqa komandiri Cavid Quliyev deyir. - Yaşı çatanda hər kəs Vətənin keşiyində dayanır, anasını qoruduğu kimi, qoynunda böyüdüyü torpağı müdafiə edir. Həm də orduda xidmət gənclərə məsuliyyət, intizam, dözüm,  mərdlik kimi keyfiyyətlər aşılayır.
Taqımdakı döyüşçülər təlim meydanında keçirilən dərsdə  silahların xüsusiyyətlərinə yiyələnirdilər. Bir qədər sonra gənc əsgərlər RPK-dan atış çalışmasını yerinə yetirəcəkdilər. Bundan əvvəl isə onlar döyüş hazırlığı planına əsasən, iki dəfə atışda olublar. İndiyədək yalnız avtomatdan atmışdılar, indi pulemyotdan atacaqdılar.
Məşğələ zamanı o da  məlum oldu ki, atışdan qabaq taqım komandiri döyüşçülərə komandir yeşiyində olan cihazlardan istifadə edərək  silahlardan düzgün nişanalma qaydalarını öyrədirdi. Əsgərlərə silahların sıfırlanmasını izah edir, bunu praktik qaydada əsgərlərin bilavasitə iştirakı ilə təkrar-təkrar yerinə yetirirdi ki, mövzunu tamam mənimsəsinlər.
Leytenant Cavidan İbadov 2016-cı ilin noyabrından zabit kimi xidmətdədir. Azərbaycan Dövlət Pedaqoji Universitetini müvəffəqiyyətlə  bitirib və Vətənə övladlıq borcunu vermək üçün ordu sıralarında xidmət edir.
Leytenant İbadov deyir:
- Vətənə xidmətdən şərəfli peşə yoxdur. Mən də fəxr edirəm ki, Azərbaycan Ordusunun zabitiyəm.

Əbülfət QASIMOV, "Azərbaycan Ordusu", fotolar müəllifindir