Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 May 2017 10:30

“Bu, Vətən sevgisidi”

Qarabağımıza da yaz gəlib... Yazın gəlişindən ilham alan dağ-dərə, eniş-yoxuş - hər tərəf yamyaşıldır. Buludların arasından boylanan günəşin zəif şəfəqləri yaşıllığa elə bil sığal çəkir. Ruhumun dərinliyindən gələn, izaholunmaz özəl bir sevgi duyuram. Bu, Vətən sevgisidi... Dayandığım yüksəklik sanki ruhumun yüksəkliyidi. Bu mənada dayandığım postu - səngəri qəlbimin ruh qalası bilirəm. Ancaq bu səngərin timsalında bütün səngərlərimiz nəinki bizim qəlbimizin, eyni zamanda Azərbaycanımızın ruh qalasıdır. Elə buna görə də ruhi-mənəvi mübarizəmiz səngimək bilmir. Uca dağların, polad biləkli, qartal baxışlı oğulların hesabına səngimir...
Həmin postlarda Vətənimizin keşiyini çəkən oğullardan biri - gizir Maarif Abbasovla həmsöhbət olanda öyrənirəm ki, İmişlidən olan gəncin yenidən hərbi xidmətə qayıtmağa vasitə olan amil qonşusu və qohumu kapitan Nəcməddin Savalanovun aprel döyüşlərində şəhid olmasıdır. Gizir Abbasov onu da qeyd etdi ki, şəhidlik ruhu ölməzdir. Şəhidliyə ucalan oğul, torpağına baş qoyan övlad, Vətəninə görə həlak olan əsgər əbədi yaşayır: "Onun kimi bir çox oğullarımızın getdiyi yolu seçmək qərarına gəldim. Düzdür, Nəcməddinin ölümü nə qədər ağrılı, acılı və iztirablı olsa da, hesab etdim ki, kədərə köklənməyəcəm. Yeri boşalmış hərbçimizin yerini tutacam. Onun ruhu qarşısında içdiyim anda sadiq olmaq üçün həmin hadisədən bir neçə gün sonra sənədlərimi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə təqdim etdim. Bu gün torpaqlarımızın keşiyində dayananlardan biriyəm".
Vətənin keşiyində durmaq peşəsinə üstünlük verdiyindən qürur duyduğunu deyən gizir inandığını bildirdi ki, bu işğala yaxın vaxtlarda son qoyulacaq, onun da iştirakı ilə torpaqlarımız alınacaq, bax, yalnız onda şəhidlərimizin ruhu rahatlıq tapacaq. Bunun tezliklə xalqımızın igid oğullarının, Silahlı Qüvvələrimizin şəxsi heyətinin Prezident, Ali Baş Komandan  İlham Əliyevin komandanlığı altında baş tutacağına inandığını da qeyd etdi.
8 aydan çoxdur ki, gizir kimi hərbi xidmətdədir. O hesab edir ki, əsl hərbçi gərək bu peşənin mahiyyətini, məsuliyyətini dərk etsin və bu peşənin qədrini bilsin: "Mən fəxr edirəm ki, hərbçi olmuşam. Amma yaxşı hərbçi olmaq əsasdır. Hər kəs öz peşəsini, işini sevməlidir. Belə müqəddəs bir peşəni seçən şəxs hərbçi nüfuzunu qorumalıdır. Öz əsgərini bir şəxsiyyət kimi qəbul edən, ona hörmət bəsləyən, əsgərinin layiqli formalaşmasını, hərbi təcrübəsini, təhsilini görən, hər bir əsgərə öz övladı kimi qayğı göstərən komandir yaxşı komandirdir".
Taqım komandirinin müavini şəxsi heyət arasında daxili qayda-qanuna və hərbi intizama xüsusi önəm verdiyini, manqa komandirlərinin və bütün şəxsi heyətin hərbi intizama riayət etmələrinə diqqət yetirdiyini də qeyd etdi: "Bunun üçün ilk növbədə tabeliyimdə olan hər bir əsgəri yaxından tanımağa, onların şəxsi keyfiyyətlərini öyrənməyə çalışıram. Fəxr edirəm ki, leytenant Rəşad Süleymanov kimi zabitlərimiz və manqa komandiri Emin Lətifzadə kimi əsgərlərimiz az deyil. Belə oğullarla dağı dağ üstə qoymaq olar".
Vaxtdır, xüdahafizləşib yola çıxıram. Ancaq yolboyu beynimə bir fikir hakimdir: "Bu gün ruhi-mənəvi mübarizəmiz səngiməyib... Uca dağların, polad biləkli, qartal baxışlı oğulların hesabına səngiməyib... O oğullardan da biri Maarif Abbasovdu...".

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR