Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 May 2017 10:30

Vətəni qorumaq ən şərəfli vəzifədir

Müstəqil Azərbaycan, Vətənimiz, yurdumuz ifadəsi hamımız üçün əzizdir. Amma dövlətimizin müstəqilliyini möhkəmlətmək üçün hər kəs əlindən gələni etməli, Vətən torpağına göz dikənlərə qarşı mübarizə aparmalıdır. Vətənə xidmət etmək vətəndaşın müqəddəs borcudur. Bu şərəfli borcu məsuliyyətlə yerinə yetirmək üçün üzərimizə düşən tapşırıqları, vəzifələri vaxtında və düzgün yerinə yetirməli, öz xidmətimizlə digər yoldaşlarımıza da nümunə olmalıyıq.
Ön xətdə yerləşən hərbi hissələrdən birindəyəm. Erməni qəsbkarları ilə üz-üzə mövqelərdə torpaqlarımızı qoruyan zabit və əsgərlərlə görüşürəm. Üzlərində məğrurluq, gözlərində düşmənə nifrət sezilən Vətən oğulları torpaqlarımızın müdafiəsində durmaqla yanaşı, Ali Baş Komandanın əmri ilə döyüşə hər an hazırdılar. Döyüş növbətçiliyindən yenicə qayıtmış Vətən keşikçilərindən biri ilə həmsöhbət oluram. Hərbi xidmətə gəldiyi ilk gündən döyüş vəzifəsinin, silahının sirlərini mənimsəyən əsgər Teymur Mustafayevdir. Nizam-intizamı, döyüş hazırlığı, yüksək mədəniyyəti və əxlaqı ilə seçilən Teymur haqqında post başçısı xoş sözlər deyir.
Teymur xidmət Göyçay rayonundan xidmətə çağırılıb, 11 aydır edir. Elə ilk günlərdən bacarığı və vətənpərvərliyi ilə komandirlərinin hörmətini, əsgər dostlarının rəğbətini qazanıb.
- Ordu sıralarına həvəslə gəlmişəm, - əsgər deyir. - Erkən yaşlarımdan əsgər forması geyinəcəyim günü səbirsizliklə gözləyirdim. Çünki düşmənimizə intiqam hissi ilə böyümüşəm. Valideynlərim ermənilərin xalqımızın başına açdıqları müsibətlər haqqında tez-tez danışırdılar. Uşaq və qadınların vəhşicəsinə qətlə yetirilməsi, işgəncələrə məruz qalması məndə də hiddət doğururdu. Ona görə də cəbhə xəttində xidmətə başlamaq, düşmənlə üzbəüz dayanan Vətən oğullarının sırasına qatılmaq istəyirdim. Arzuma çatdım. Vətənə əsgər oldum. Mənim üçün bundan müqəddəs, ülvi bir istək yoxdur. Bacarıqlı komandirlərimin hesabına döyüş peşəsinin sirlərinə yiyələndim, gündən-günə hazırlığımı artırdım.
Söhbətinə davam edərək bildirir ki, xidmətini başa vurduqdan sonra yenidən ordu sıralarına qayıtmaq istəyir. "Xidmətim başa çatana qədər komandirlərimdən öyrənməyə, döyüş vərdişlərinə daha da dərindən yiyələnməyə çalışıram. Çünki xidmətimi başa vurub yenidən taleyimi hərbi peşəyə bağlamaq fikrindəyəm. Torpaqlarımız azad olunana qədər Vətənin keşiyində dayanmağa söz vermişəm. Biz hər zaman döyüşə hazır olmalıyıq ki, əmr verildikdə qələbə bizim olsun".
Doğrudan da, bu gün ordu sıralarında vətənpərvər, bacarıqlı döyüşçülərimiz saysızdır. Onların hamısı bir amal üçün yaşayır - işğalda olan torpaqlarımızı düşməndən təmizləmək. Vətən müqəddəsdir, onu qorumaq isə ən şərəfli peşədir. Əsgər Vətəni üçün yaşayır...

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu", foto C.CƏFƏROVUNDUR