Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 May 2017 10:30

“Vətənimdir, Vətənim!”

Aprel döyüşləri tarixdi. Aprel döyüşləri tarixə yazıldı. Aprel zəfəri dərsliklərə salınacaq...
Azərbaycan əsgəri bu qürurlarla xidmət edir. Bu qürur ön xətdə daha qətiyyətlə yaşanılır.
Əsgər dayandığı səngəri Vətənin bir parçası kimi deyil, Vətən kimi qoruyur. Səngərin o üzü düşməndi. Müşahidə müdafiənin tərkib hissəsidi - düşmənin hər tərpənişi izlənilir. Relyefdən asılı olmayaraq Azərbaycan əsgərinin dayandığı mövqe ucalıqdı. Əsgərlərimiz Vətən ucalığını ucalıqdan uca amallarla qoruyurlar...
Mirdaməd Lətifzadə hərbi xidmətə Ağdaş rayonundan çağırılıb. 4 aydı hərbi xidmətdədi. İntizamlı əsgərdi. "Hərbi and hərbi xidmət dövrü üçündü, Vətən andı - ömürlük. Anda sədaqəti hər birimiz mənəvi borc bilirik", - əsgər Mirdaməd Lətifzadənin bu nurlu düşüncələrini Böyük Qələbəyə aparan yolun işığı bilirik...
Əsgər Mirdaməd Lətifzadə ona tapşırılmış ərazini böyük məsuliyyətlə, əsgəri intizamla qoruyur. Ürəyinin genişliyini Vətən torpağının genişliyinə qatmaq istəyir. Dünyaca məşhur müğənnimiz Rəşid Behbudovun oxuduğu "Azərbaycan" mahnısını xatırlayırıq. Eyni məqamı o mahnının tele-səslənişində  də görmüşük. "...Bir anamdan, bir də səndən doya bilmirəm, ey Vətən!" - deyir. Əsgər Mirdaməd Lətifzadənin baxışları da deyir ki, Vətən, nə anamdan, nə də səndən doya bilmərəm! Bu da anddı. Hərbi andı tamamlayan bu and mənəvi hazırlığın səviyyəsinin təsdiqidi...
Vətən sevgisi var! Vətən sevgisini ömür çırağı bilən əsgərlərimiz var!
Döyüş hazırlığını mənəvi-psixoloji hazırlığı tamamlayan əsgər nəyi qoruduğunu yaxşı bilir. Sevir - qoruyur, qoruyur - sevir. Hər əsgərimiz həm döyüş hazırlığıyla, həm də Vətən sevgisiylə qüdrətlidir. Bu qüdrət torpaqlarımızın azad olunmasını təmin edəcək. ...İşğal Vətənin genişliyini qısaldıb. Əsgərlərimiz o genişliyi bərpa edəcək. Həm də yaxın vaxtlarda. Əsgər Mirdaməd Lətifzadənin də xidmət yolunu, xidmətdən sonrakı ömür yolunu  bir misra işıqlandırır: "Vətənimdir, Vətənimdir, Vətənimdir, Vətənim!"...

"Azərbaycan Ordusu", foto Coşqun CƏFƏROVUNDUR