Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 May 2017 13:15

Ordu həmkarlarına qayğı əsas meyardır

Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransından qeydlər
Birləşmiş Həmkarlar İttifaqı Komitəsi ordumuzun  hərbi hissə və müəssisələrində işləyən çoxsaylı fəhlə və qulluqçuların hüquq və mənafelərinin müdafiəsini həyata keçirir. Mayın 24-də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində təşkilatın XVIII hesabat-seçki konfransı keçirildi.

Tədbirdə BHİK-in ötən beş il ərzində fəaliyyəti diqqət mərkəzində oldu. Konfransa  həmkarların üzvlərilə yanaşı, Müdafiə Nazirliyinin, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin nümayəndələri və digər qonaqlar qatılmışdılar.
Öncə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin, həmçinin dünyasını dəyişmiş BHİK-in üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
DİİXİ Hİ Respublika Komitəsi Rəyasət Heyətinin üzvü, Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Abiyat Ağadadaşova  ötən beş il müddətində həyata keçirilmiş işlər barədə hesabat məruzəsi ilə çıxış etdi. Hər şeydən öncə həmin illər ərzində ölkəmizdə və Silahlı Qüvvələrimizdə baş vermiş əlamətdar hadisələrə toxunan təşkilat rəhbəri Azərbaycan xalqının milli-mənəvi sərvəti olan dövlət  müstəqilliyinin 25 illiyinin ölkəmizdə təntənəli surətdə qeyd edildiyini,  Azərbaycan Respublikasının  Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə  Silahlı Qüvvələrimizin daha da qüdrətləndiyini,  Müdafiə naziri general-polkovnik Zakir Həsənovun komandanlığı ilə ötən ilin aprelində cəbhədə qazanılmış uğurları  vurğuladı. O, həmçinin qeyd etdi ki, həmkarların cəmiyyətdəki rolunu yüksək qiymətləndirməsi, onların fəaliyyətini təkmilləşdirən fərman və sərəncamlar imzalaması dövlətimizin başçısının bu sahəyə ardıcıl diqqət və qayğısının əyani təzahürüdür. Ölkə qanunvericiliyinə, o cümlədən Əmək Məcəlləsinə edilmiş mütərəqqi dəyişikliklər işçilərin hüquqlarının daha səmərəli qorunması üçün həmkarlar təşkilatlarına, o cümlədən Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə yeni imkanlar yaradır.
Hesabat dövründə ordu həmkarları üçün əlamətdar hadisələrdən biri də Müdafiə Nazirliyi  Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin 50 illik yubileyini təntənəli surətdə qeyd olunması idi.
Abiyat xanım komitənin beşillik fəaliyyətini geniş təhlil edərək bildirdi ki, onun əsas vəzifəsi ittifaq üzvlərinin sosial-iqtisadi mənafelərini və qanuni hüquqlarını müdafiə etmək, kollektiv müqavilələrin vaxtında bağlanması və onun müddəalarının yerinə yetirilməsinə ciddi nəzarət etmək, əmək haqqının vaxtında ödənilməsinə nail olmaq, əməyin mühafizəsi, üzvləri təhlükəsiz iş yeri ilə təmin etmək, sağlamlıqlarının qayğısına qalmaq, onları maarifləndirmək və asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir. Hesabat dövründə təşkilat öz fəaliyyətini məhz bu istiqamətlərdə qurub.
Məruzə ilə əlaqədar çıxış və diskussiyalarda hesabat dövründə  görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə edildi. İlk həmkarlar təşkilatlarının sədrləri Daşdəmir Əliyev, İsa Qasımov,  Kazım Cəfərov, Gülnarə Kələntərova, İsmayıl Əhmədov və başqaları çıxış etdilər.
Konfrans nümayəndələri təşkilat sədrinin hesabat məruzəsini və onun ətrafında çıxışları, səsləndirilən təklifləri nəzərə alaraq Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin ötən beş il ərzində fəaliyyətini qənaətbəxş hesab etdi, qurumun yeni Rəyasət Heyətini təsdiq etdi. Abiyat Ağadadaşova yekdilliklə yenidən BHİK-in sədri seçildi.
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin I müavini Aida Əliyeva Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri kimi Abiyat Ağadadaşovanın öz vəzifəsini layiqincə yerinə yetirdiyini, BHİK-in ən yaxşı həmkarlar təşkilatlarından biri olduğunu qeyd etdi və ordu həmkarlarına müvəffəqiyyətlər dilədi.
Konfransda Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin zabiti polkovnik Həbib Məmmədov da  çıxış edərək BHİK-in hesabat dövründə fəaliyyətini, həmkarların ordu hissələrilə sıx təmas şəraitində fəaliyyət göstərməsini yüksək qiymətləndirdi və qarşıdan gələn növbəti beş ildə ordu həmkarlarına uğurlar arzuladı.
Konfrans, həmçinin, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı  Respublika Komitəsinin avqustda keçiriləcək VI qurultayına Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin nümayəndələrini seçdi.
Eyni zamanda  yeni seçilmiş Rəyasət Heyətinə tapşırıldı ki, həmkarların sosial-iqtisadi hüquq və maraqlarının təmin edilməsilə bağlı konfransın müəyyən etdiyi vəzifələrin yerinə yetirilməsinə ciddi nəzarət etsin, o cümlədən il ərzində hərbi hissə və müəssisələrdə çalışan bütün mülki işçilərin tibbi müayinəsi təşkil edilsin.

Əbülfət QASIMOV, "Azərbaycan Ordusu"