Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 May 2017 13:15

Şəhidlərə ehtiram

C.Naxçıvanski adına Hərbi Liseyin kursantları tez-tez muzeylərə, silah sərgilərinə, tarixi yerlərə gedirlər. Bu günlərdə onlar Şəhidlər xiybanındakı Bakı türk əsgəri şəhidliyi abidəsini ziyarət etdilər. Abidənin önündə torpaqlarımızın azadlığı uğrunda canlarından keçənlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Ziyarət zamanı kursantların bir neçəsi ilə görüşüb söhbət etdim. Onlar qısa da olsa, türk əsgərlərinin igidlik və qəhrəmanlıqlarından söz açdılar. İlk həmsöhbətim kursant Mehdi Əzimov bildirdi ki, biz tariximizi yaxşı öyrənməliyik. "Aqillər yerində deyiblər ki, çox oxuyan çox bilməz, çox gəzən çox bilər. Bu gün biz Bakı türk şəhidliyi abidəsini ziyarət etməyə gəlmişik. Bu anlarda əsrin əvvəllərində baş verən hadisələr gözlərimiz qarşısında canlanır. Bildiyiniz kimi, 1918-ci ildə ermənilər Dronun, Nijdenin və başqa daşnakların başçılığı altında ölkəmizin müxtəlif bölgələrində azərbaycanlılara qarşı soyqırımı törədiblər. Qan su yerinə axıb, günahsız insanlar amansızcasına qətlə yetirilib. O vaxtlar Quba, Şamaxı, Bakı və başqa bölgələrdə gərgin vəziyyət yaranıb. Belə gərgin bir zamanda türk əsgərləri köməyə yetişərək xalqımızı erməni vandallarından xilas etdilər. Bu gün ziyarət etdiyimiz abidə o insanların xatirəsinə hörmət əlaməti kimi ucaldılıb".
- Əgər əsrin əvvəllərində türk əsgərləri xalqımızın köməyinə gəlməsəydilər, ermənilərin törətdiyi faciənin miqyası daha da genişlənərdi, - kursant Hacağa Əsgərli söhbətimizə qoşuldu. - Türk əsgərlərinin gücü qarşısında dayana bilməyən ermənilər geri çəkilməyə məcbur oldular. Minlərlə insan daşnakların əlindən xilas edildi. Qədirbilən xalqımız xilaskarlarını heç vaxt unutmur, türk əsgərlərinin xatirəsini ehtiramla yad edir, adını uca tutur.
Kursantlardan Nicat Orucov, Elman Əhmədli, Heybulla Tuhumov və başqaları da türk əsgərlərinin qəhrəmanlıqlarından ətraflı danışdılar.

Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey