Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 May 2017 13:15

Ürək Vətən üçün döyünəndə...

Uzaqdan atəş səsləri gəlir... Düşmənin təxribat-diversiya qrupları hərbi mövqelərimizi də, kəndlərimizi də müxtəlif növ silahlarla aramsız atəşə tutub...
Döyüşlər gedir...
Bir anın içində məmləkətə yayıldı bu xəbər. Ürəkləri Vətən üçün, torpaq üçün döyünənlər bir yerdə qərar tuta bilmir. Aidiyyəti qurumlara müraciətlərin sayı-hesabı yoxdur. Əli silah tutan da, tutmayan da cəbhədə olmağa, əsgərlərimizlə çiyin-çiyinə vuruşmağa can atır.
O gün Fərman da ürəyi Vətən üçün döyünənlərin sırasındaydı. Onu döyüş meydanına Vətən sevgisi, ana torpağa bağlılıq çəkirdi. Gözlərini yoldan ayırmasa da, düşüncələri onu çox uzaqlara aparmışdı. Uşaqlığı, məktəb illəri, tələbəliyi, əsgəri xidməti də qələbə xəbərinin sorağıyla keçmişdi. Heç vaxt düşüncələrindən ata bilməmişdi şəhid olan sinif yoldaşının gözlərindəki kövrəkliyi və qüruru. Torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmağa tələsirdi...  
Fərman Əsədli 1990-cı il sentyabrın 10-da Gəncə şəhərində anadan olmuşdu. Samux rayon Sərkar kənd orta məktəbini bitirmiş, Gəncə Dövlət Universitetinin "İqtisadiyyatın hüquqi tənzimlənməsi" ixtisasına yiyələnmişdi.
Qəhrəmanlığın əsası vətənpərvərliklə qoyulur. Vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq, məğlubedilməzlik hissi yaradır, özünə inam hissini gücləndirir.
Mənəviyyatla vətənpərvərlik bilavasitə bağlıdır. İnsanın mənəvi aləmi ilk növbədə ailədə formalaşır. Fərman hərbçi ailəsində boya-başa çatmışdı...
2011-2012-ci illərdə hərbi xidmətdə olmuşdu. Vətən qarşısında müqəddəs borcunu başa vurub evlərinə dönərkən, komandirlərinə, əsgər dostlarına "Torpaqlarımızın düşməndən azad edilməsində mən də iştirak edəcəm" demişdi. İndi yola qətiyyətlə çıxmışdı. Mənzil başına çatmağa tələsirdi...
Qohumu Sadiq Əliyevlə birlikdə Tərtər rayonunun Şıxarx qəsəbəsinə çatdıqda dəhşətli bir səhnənin şahidi oldular. Qəsəbə ağır artilleriya atəşi altındaydı... "N" hərbi hissəsinin qərargahında onlara ordunun köməyə ehtiyacı olmadığını bildirərək, atəş altında olan ərazini tərk etmələrini xahiş etdilər... 
Düşmən artilleriyasının mülki əhalinin yaşadığı ərazilərə ardıcıl zərbələr endirdiyindən yaralılara kömək niyyətiylə qəsəbəyə yollandılar. Düşmən tərəfindən müxtəlif istiqamətlərdə atılan top mərmiləri onlara yaxın düşəndə, qorxmadılar. Top mərmilərindən birinin düşdüyü ərazidən yaralıları çıxarıb xəstəxanaya çatdırdılar...
Bu anlarda qəhrəman əsgər və zabitlərimiz düşmənin təxribatının qarşısını qətiyyətlə alır, təmas xəttində öz üstünlüklərini daha da möhkəmləndirirdilər...
Hava qaralmaqda idi. Onlar düşmən artilleriyasının dağıtdığı evlərə son dəfə göz gəzdirib geri qayıtmaq haqqında danışırdılar ki, qarşı tərəfdən atılan top mərmisi lap yaxınlığa düşdü...
Vətən sevgisi... Təravətini və gücünü itirməyən tək məfhum... İnsan bu sevgiyə köklənəndə dünyanın bütün işığı, nuru onun qəlbinə hopur. Bəlkə də həmin anlarda iki yaşlı Xatirənin mışıltısı həzin nəğməyə çevrilmişdi. Məsum çöhrəsində həmişəki təbəssüm vardı. Kim bilir, bəlkə də yuxusunda həyatında yerini heç bir zaman heç kəsin tuta bilməyəcəyi atasını görürdü. Heç vaxt qayıda bilməyəcək atası sürətlə uzaqlaşaraq ona ömrü boyu şərəflə daşıyacağı şəhid qızı adını miras qoyurdu...
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Fərman Əsədlinin (ölümündən sonra) təltif olunduğu "Şücaətə görə" medalını atası Elçin Əsədova təqdim etdi...
Ehtiyatda olan polkovnik-leytenant Elçin Əsədov "Bir ata olaraq oğlum kimi oğullarla fəxr edirəm. Onun Vətən sevgisiylə qəlbim daim mənəvi rahatlıq tapacaq", - deyir.
Xatirə ana "Şəhidlər üçün son yoxdur, sonsuzluq var. Məzar daşına şəhid adı yazdırmaq şərəfdir!" - deyir.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"