Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 May 2017 11:50

“Qələbədə mənim də töhfəm olacaq”

Cəbhə bölgəsi... Səngər... Bu kəlmələr özündə səngərdən qalalı dağları, laçın qayaları, müharibə alovunu, igid oğulları, qəhrəmanlığı ehtiva edir. Bu torpağa tuşlanan hər bir mərminin, güllənin bir insan ömrünə son qoya biləcəyini diktə edir. Ancaq torpaq uğrunda canından keçməyə hazır olan igid Azərbaycan əsgərlərini gördükdə düşmənə aman verilməyəcəyi gün kimi aydın olur. Əmin olursan ki, bu gün səngərdə hər kəs qəhrəmanlıq hissi ilə yaşayır.
Bu yaxınlarda "N" hərbi hissəsində Füzuli rayonunun Əhmədalılar kəndindən olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Emin Fərzəlizadə ilə söhbətim oldu. İnanırsan ki, Vətənə şərəflə xidmət edən, aprel döyüşlərinin odundan, alovundan çıxmış bu hərbçimizin timsalında Azərbaycan əsgəri Vətənin azadlığı və bütövlüyü naminə hər şeyə hazırdır.
Emin Fərzəlizadənin əsas amalı torpaqlarımızın azad olunması əməliyyatında yaxından iştirak etməkdi. Bunun üçün də təcrübəsini artırmağa xüsusi önəm verir: "Ordunun döyüş qabiliyyəti əsgərin döyüş hazırlığından asılıdır.  Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın geri qaytarılması üçün güclü hazırlığa, maddi-texniki bazaya malik olan ordu əsas şərtdir. Bu gün şəxsi heyətimiz elə bir səviyyədə döyüş hazırlığına malikdir ki, artıq düşmən qorxu içindədir".
- Əgər bu gün silaha sarılmışıqsa və bu silahdan Vətənin qorunması ücün istifadə ediriksə, bu bizim  şərəf yolumuzdur, - deyə Emin söhbətə davam etdi. - Mübariz İbrahimov, Fərid Əhmədov, Cavanşir Rəhimov, Çingiz Qurbanov və digər şəhidlərimizin keçdiyi şərəfli həyat yolu bugünkü gənclərə, xüsusən də əsgərlərə Vətən sevgisinin aşılanması üçün bir məktəbdir. Prezident, Ali Baş Komandan     İlham Əliyev xalqımızın iradəsini ifadə edərək dəfələrlə deyib ki, Azərbaycan bir qarış torpağını belə düşmənə verməyəcək. Azərbaycan əsgərləri bu fikirləri rəhbər tutaraq döyüş ruhuna  köklənib.
Ötən ilin aprel hadisələrini xatırlayan müsahibim qeyd etdi ki, Azərbaycan Ordusu təxribat törədən, dinc sakinləri hədəfə alan azğın düşmən üzərində şanlı qələbə qazandı. "Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi, o cümlədən Lələtəpə və Talış yüksəkliklərini işğaldan azad etdi, Silahlı Qüvvələrimiz on minlərlə hektar əraziyə nəzarət etmək imkanı qazandı. Bütün bunlar qorxu bilməyən, torpaqlarımızın işğaldan azad olunması üçün alışıb-yanan əsgərlərimizin gücü hesabına mümkün oldu. Özümü ona görə qürurlu hesab edirəm ki, mən də həmin döyüşlərin iştirakçısı oldum. İnanıram ki, bu Qələbənin davamı gələcək və mənim də həmin Qələbədə töhfəm olacaq".

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR