Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 May 2017 10:00

Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş yarışın qalibləri mükafatlandırıldı

Bu günlərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanı Məmmədov Eldar Harun oğlunun xatirəsinə həsr olunmuş bölüklər arasında yüngül atletika birinciliyi keçirildi.
Birincilikdə 9 komanda iştirak edirdi. Mövcud qaydalara əsasən, idmançılar 4 mərhələdən - 100 və 2000 metrə qaçış, uzununa və hündürlüyə tullanma mərhələlərində güclərini sınadılar.
Mərhələ yarışları başa çatdıqdan sonra Hərbi liseyin idman rəisi Fərhad Əliyev nəticələri elan etdi. Məlum oldu ki, 8-ci bölüyün komandası daha yaxşı hazırlıq nümayiş etdirərək yarışın qalibi olub. İkinci yerə 9-cu bölüyün, 3-cü yerə isə 5-ci bölüyün komandaları yüksəliblər.
Şəxsi birincilikdə isə hündürlüyə tullanma mərhələsində kursant Əfsər Səfiyev, uzunluğa tullanmada kursant Təbriz Əzizov, 100 metr məsafəyə qaçış mərhələsində Kamil Şükürov, 2000 metr məsafəyə qaçışda isə kursant Mirrəfail Həsənli ən yüksək nəticələr göstəriblər.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən polkovnik Elman Namazov bildirdi ki, məktəbimizdə Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsinə həsr olunmuş idman yarışlarının keçirilməsi artıq ənənə şəklini alıb. "Belə tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti var. Həm Milli Qəhrəmanlarımıza böyük ehtiram göstərilir, həm də kursantlarımızın vətənpərvər ruhda tərbiyə olunmasına təkan verilir. Qalib komandaları təbrik edir, uğurlar arzulayıram. Ümid edirəm ki, siz qarşıdakı turnirlərdə daha da yaxşı nəticələr göstərərək fiziki hazırlığınızı daim artıracaqsınız.”
Sonra həm komanda birinciliyində, həm də şəxsi birincilikdə qalib gələnlər fəxri fərmanlarla, həm də medallarla mükafatlandırıldı. Yarışın keçici kuboku isə 8-ci bölüyün komandasına təqdim olundu.
   
Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey