Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 May 2017 10:00

“Biz hərbçilərimizlə fəxr edirik”

Aprel döyüşlərindən danışarkən illərdən bəri işğalda qalan torpaqlarımızın bir hissəsinin azad edilməsini, o döyüşlərdə şəhid olanları ehtiramla xatırlayırıq. Aprel döyüşləri qürur yerimiz, tarixi nailiyyətimizdir. Həmin aprel günlərində "Vətən sağ olsun" deyənlərin Vətən sevgisinin oğul sevgisindən uca olduğunu da gördük. Şəhidlərin tabutu üzərindəki bayrağa ehtiram göstərib sanki əzizlərinin ətrini ondan aldı analar, atalar, övladlar... "Atası kimi qəhrəman, igid övladlar böyüdəcəm", - deyənlərdən qürurlandıq. Mərd, qorxubilməz Azərbaycan xalqı "Şəhidlər ölməz, Vətən bölünməz" devizi ilə ayağa qalxdı o günlərdə...
Bu günlərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları ilə görüşüb aprel döyüşləri ilə bağlı söhbətlərini qələmə aldım. Gənclərin ordumuzun aprel zəfəri ilə bağlı fikirlərini dinləmək olduqca maraqlı idi.
Kursant Mirhəsən Həsənli Yardımlı rayonunun Perembel kəndində anadan olub. Yaşadığı küçə və təhsil aldığı məktəb şəhid adını daşıyıb. Böyük qardaşı baş leytenant kimi ordumuzda xidmət edir.
Aprel döyüşlərində iştirak etmiş zabit qardaşının təəssüratlarını isə başqaları ilə qürurla bölüşür kursant. Mirhəsən Ali Baş Komandanın "Biz hərbçilərimizlə fəxr edirik" kəlamının hərbi peşəni seçən kursantlarda çox böyük ruh yüksəkliyi yaratmasından danışdı. "Aprel döyüşləri ordumuzun güc və bacarığını düşmənə sübut etdi. Düşmənimiz agah oldu ki, onun qarşısında əvvəlki dövrün pərakəndə ordusu yox, daha güclü, hazırlıqlı, müasir silah və texnikalarla təmin olunmuş bir ordu dayanıb."
Kursant Vüsal Məlikovun qardaşı isə aprel döyüşlərində əsgər kimi iştirak edib. Lerik rayonunun Almu kəndində dünyaya göz açan kursantın babası Qarabağ müharibəsi veteranıdır. Uşaq yaşlarından onun dəyərli nəsihətlərini dinləyərək böyüyüb. "Bir dəfə gəldiyimiz bu həyatda gərək elə yaşayaq ki, dönüb arxaya baxanda utanmayaq və Vətənimizə layiqli işlər görək". Babanın bu sözləri nəvəmin də həyat amalına çevrilib.
"Ali Baş Komandanımızın rəhbərliyi ilə görülən işlər sayəsində bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü, qüdrətli ordusuna çevrilib", - kursant belə deyir. “Aprel döyüşləri işğalçı Ermənistan ordusunun məhz dinc əhalimizi hədəf seçməsi ilə başladı. Lakin aldığı cavabdan sonra düşmən silah-sursatını ataraq qaçdı. Aprel döyüşlərində ordumuzun imkanlarının az bir qismindən istifadə edilmişdi. Bu döyüşlərdə şəhid olan Muradın, Samidin, Raqufun, Rəşidin, Sənanın və digər qəhrəman oğullarımızın həyat yolu, Vətən sevgisi bizlərə nümunədir.”
Kursantları dinlədikcə düşünürəm ki, müharibə dövrünün müasirləriyik. Vətən həsrəti ilə, lakin inamla yaşayan bir nəsil olaraq ağrılı-acılı dövrün şahidləri olmuşuq.
"İgid oğul dayısına oxşayar", - deyib babalarımız. Kursant Əli Ələkbərovun dayısı Əfqanıstan və Qarabağ müharibələrinin veteranıdır. "Uşaq vaxtı onun müharibə, döyüşlər haqqında söhbətlərini dinləməkdən doymazdıq. Bu gün o söhbətləri dinləyənlər məhz hərbi peşəni seçirlər. Qardaşım bu liseydə oxuyanda Silahlı Qüvvələrimizin yaranmasının 95 illiyinə həsr olunmuş hərbi paradda iştirak etmişdi. Tədbirdə ona təqdim olunan yubiley medalını evə gətirdi. O medalı görəndə qəti qərarımı verdim: "Bu qüdrətli ordunun zabiti olacam!"
"Aprel döyüşləri haqqında nə bilirsən?" sualını Əli belə cavablandırdı:
- Aprel döyüşləri Azərbaycan Ordusunun qüdrətini təsdiqlədi. Ordumuz, ümumən xalqımız böyük ruh yüksəkliyi, vətənpərvərlik nümayiş etdirdi. Aprel döyüşlərində Ermənistan məğlubiyyətlə üzləşdi. Müdafiə xəttinin yarılması, vacib yüksəkliklərin azad edilməsi bunun təsdiqidir.
Söhbətlərini həvəslə dinlədiyim kursantların "Döyüşlər başlayarsa, libasımızı səhra geyimi ilə dəyişməyə hazırıq" sözlərindən hədsiz qürur duydum. Bir daha əmin oldum ki, tariximizə, keçmişimizə bağlı olan bir gəncliyimiz formalaşıb.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"