Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 May 2017 10:00

Torpaqlarımızı müdafiə etməyə hər an hazır olan oğullarımız olub, var və olacaq!

Bir yaz səhərinin dumanı içində, topa-topa buludları seyr edərək yolumuz səngərədi. Bu gün səngərlərimizdə duran igid oğullarımız mübarizə əhval-ruhiyyəsinə, qarşıdakı düşmənin niyyətini elə səngərdəcə boğmaq hissinə kökləniblər. Oğullarımız bu gün, Vətən qarşısında borcunu səngərdə yerinə yetirir və düşmənlərimizin bütün təxribatlarının qarşısını qətiyyətlə alırlar. Bu gün hər qarış torpağı səngər bilən igidlərimiz vardır və torpaqların müdafiəsi üçün hər an döyüşə hazırdırlar.
Belələrindən  biri də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Nəriman Sabir oğlu İbrahimovdur.
- 6 aydır ön xətdə qulluq etməyimə baxmayaraq, burada hər daşa, hər qayaya bələdçiliyim var. Bu isə içimdəki, sözlə izah etməyə çətinlik çəkdiyim Vətən sevgisindən irəli gəlir, - deyə manqa komandiri söhbətə başladı. - Vətən həyatda hər birimiz üçün ən müqəddəs sayılan bir varlıqdır. Biz bu gün səngərdə Vətənimizin təhlükəsizliyini qoruyuruq. İllərlə yaşadığın evindən, ailəndən, yaxınlarından uzaqlaşıb Vətənin hər hansı bölgəsində xidmət etmək bəzən çətin gələ bilər insana. Vətənə xidmət çətin və məsuliyyətli olmaqla yanaşı, şərəflidir. Ancaq səngərdə xidmət etməyin də öz qaydaları var. Vətəni qorumaq üçün birinci özünü qorumalısan. Buna görə də hər addımda ayıq-sayıq və diqqətli olmalısan. Düşməni daim nəzarətdə saxlamağı bacarmalısan, adi hərəkətini belə, gözdən qaçırmamalısan. Tabeliyimdə olan şəxsi heyətə ilk olaraq bunları aşılayıram. Onlar bilməlidilər ki, arxamızda bizə güvənən ailəmiz, dostlarımız, yaxınlarımız, nəhayət, Vətənimiz var.
Manqa komandiri onu da qeyd etdi ki, burada əsgərlərə əsl dostluğun, yoldaşlığın aşılanmasında özündən böyük komandirlərə yardımçı olur: - Onlar ilk növbədə anlamalıdır ki, bu gün səngər bizim əsl evimizdi. Qışın soyuğunda, yayın istisində səngərə sığınırıq, ondan güc alırıq. Bu məkanda hər kəsin bir andı var - döyüş əmri alan kimi, düşmənə göz açmağa macal verməmək. And içmişik ki, hücum əmri alan kimi irəli atılacağıq və torpaqlarımızı işğaldan azad edəcəyik. Aprel döyüşlərində bu andımızı həyata keçirmək istəyində olduğumuzu sübut etdik. İndi də andımıza sadiqik və bütün hərbi qulluqçularımız tarixi Qələbəni təmin etməyə hazırdırlar.
Bacarıqlı döyüşçü ilə söhbətdən sonra düşüncəmə bir fikir hakim kəsilir - Azərbaycan əsgəri bu gün üstündə gəzdiyimiz torpağı qorumağa hazırdır. Ona görə ki, sabah bu torpağın altında rahat uyuyaq - sabah bizə yorğan olacaq bu torpağın üstündə yadellilər at oynatmasınlar. Nəriman İbrahimovun timsalında deyə bilərəm ki, Azərbaycan əsgəri bu torpağı gələcək nəsillərə müqəddəs əmanət kimi ötürəcək. Bəli, torpaqlarımızı müdafiə etməyə hər an hazır olan oğullarımız olub, var və olacaq!

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto N.PƏNAHOVUNDUR