Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 May 2017 12:30

“Aprel zəfəri böyük qələbənin başlanğıcıdır”

Gözəl bir may səhəridi. Dan yeri yenicə ağarmağa başlayıb. Doğma Vətənimin gözəl guşələrindən biri olan Qarabağda əsrarəngiz təbiətə vurulmamaq mümkün deyil. Səhərlərə məxsus olan həzin mehdən arabir yarpaqlar qımıldanır, tarlalara, çöllərə xalı kimi döşənmiş lətif, yumşaq otlar, çiçəklər dəniz kimi dalğalanır. Quşların səs-səsə verib ötüşməsi də bu mənzərəyə öz çalarını qatır. Nəzərdə tutulan əlahiddə hərbi bölməyə qalxdıqca adam ürək dolusu nəfəs alır. Uzaqdan da olsa ardı-arası kəsilməyən, zəncir kimi bir-birinə hörülmüş, bir-birini qucaqlamış dağları görmək hisslərimə kövrək duyğular qatır.
Taqım komandiri baş leytenant Elvin Kazımov bir xətt üzrə düzülən əsgərlərə müasir döyüş silahı haqqında məlumat verir: "Bu silah 4 km-ə yaxın məsafədə yerləşən hədəfləri vurmağa qadirdir. Müxtəlif avadanlıqların daxil olduğu orijinal hədəfalma sistemi ilə təchiz edilib. Raket hədəfə müstəqil və ya operatorun komandası ilə istiqamətlənə bilər. İdarə və hədəfalma sisteminin istifadəsi raketin tətbiqinin böyük elastikliyini təmin edir. Belə ki, operator raket buraxıldıqdan sonra hədəfi tapıb zəbt edə və ya raketi uçuş zamanı istiqamətləndirə bilər. Bu zaman üç prinsipdən - "atəş açdım, unutdum", eləcə də daha mürəkkəb "atəş açdım, istiqamətləndirdim" və "atəş açdım, qiymətləndirdim, korrektə etdim" prinsiplərindən istifadə edilir. Bu silahın ən böyük üstünlüyü ondan ibarətdir ki, atəş zamanı tam nəticə əldə edilir. Düşmənin texnika və canlı qüvvəsinin bu silahdan yayınmaq imkanları yox səviyyəsindədir".
- Ölkəmizin son illərdə dinamik inkişafı Silahlı Qüvvələrin büdcəsinin artması və nəticə etibarı ilə ordumuzun güclənməsi ilə müşayiət olunur, - deyə taqım komandiri bizimlə söhbətə başladı. - Son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənib. Bu gün qarşıda dayanan əsas vəzifələrdən biri ən son hərbi texnologiyaların orduya cəlb edilməsidir. Hərbi arsenalımızda belə müasir silahın olması dediklərimizin bariz sübutudur. Aprel döyüşləri zamanı bu silah vasitəsilə onlarla düşmən texnikası məhv edilib. Bu da onu sübut etdi ki, Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərtərəfli təchiz olunmuş ordunun formalaşdırılması istiqamətində atılan addımlar öz nəticəsini verməkdədir".
Sonra əsgərlərlə söhbət etmək imkanımız yaranır. 14 ayın əsgəri olan operator Emil Abbasov indiyə qədər qazandıqları hərbi vərdişlərin asan başa gəlmədiyini bildirdi: "Bütün şəxsi heyətimiz hər zaman döyüş hazırlığı dərslərində və döyüş-atışlı təlimlərdə ruh yüksəkliyi ilə iştirak edir. Başlıca məqsədimiz üzərimizə düşən döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməkdir. Dərslərdə və təlimlərdə öyrəndiklərimiz isə düşmənin layiqli cavabını verməkdə yardımçımız olacaq.
- Vətənimizin qorunması, torpaqlarımızın azad edilməsi yüksək səviyyəli döyüş hazırlığı prosesindən keçir, - deyə Göyçay rayonundan olan əsgər Hüseyn İsmayılov söhbətə qoşulur. - Gərgin zəhmət hesabına qarşıya qoyulan məqsədə nail olmaq mümkündür. Bunun üçün ilboyu döyüş hazırlığı məşğələlərinə, döyüş atışlarına, çöl dərslərinə, təlimlərə qatılırıq. Öyrəndiklərimizin nəticəsində keçənilki aprel uğurlarını təkrarlamaq, yeni-yeni nailiyyətlər qazanmaq arzusundayıq.
Salyandan olan əsgər Turab Həsənov bildirdi ki, aprel döyüşlərinin iştirakçısı və qəhrəmanlarından olan şəxslərin hərbi hissədə qulluq etməsi şəxsi heyət üçün ikiqat fəxrdir: "Azərbaycan əsgərinin şücaəti, şanlı zəfəri sayəsində tarix yazan aprel döyüşlərindən bir il ötməsinə baxmayaraq, bu tarixi qürurla anır, qəhrəman oğullarımızı fərəhlə yad edirik. Sevindirici hal odur ki, həmin döyüşlərdə qəhrəmanlıq göstərən oğullarımızdan bəziləri bu hərbi hissədə xidmət edir. Onlardan öyrəndiklərimizin hesabına xalqımızın səbirsizliklə gözlədiyi növbəti qələbələrin müjdəçiləri olacağıq".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından Şəhriyar Qasımlı, Aslan Hüseynov, əsgərlərdən Mirmüseyib Həsənov, Cavidan Cəlilzadə, Elmar Kərimov, Nurlan Əmirov və başqaları üzərlərinə düşən tapşırıqları hər zaman layiqincə yerinə yetirəcəklərini bildirdilər. Belə oğullarla söhbətləşəndən sonra bir daha əmin olursan ki, aprel zəfəri kimi növbəti uğurlar bizi gözləyir.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR