Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 May 2017 12:30

Vətən üçün, torpaq üçün...

Komandirin əmriylə düşmənin təxribatlarının qarşısını almalıydılar. Çətinliklə də olsa sıldırım qayalıqları keçdilər. Xırda təpəlik başlayırdı...
Döyüş gedirdi... Vətən üçün, torpaq üçün döyüşürdülər. Dan yeri sökülürdü. Düşmən uzaqlaşmağa çalışırdı, döyüşçülərimiz isə onları məhv etməyə...
Silahdaşının yaralandığını hiss etdi. Onu döyüşdən çıxartdı... Yanağında yaş damcıları axırdı, başını dizləri üstünə alaraq astaca "Rahat uyu, qardaş. Düşmənə bir qarış torpaq belə verilməyəcək," - dedi. Yenidən döyüşə qoşulmaq istəyirdi ki, sinəsində güclü ağrı hiss etdi. Bütün qüvvəsini toplayaraq dostuna sarı can atdı. O, şəhid olmuşdu. Çöhrəsində başaçılmaz bir təbəssüm, xəyalında şəhidlik vardı.  O anlarda İlisunun insanın ruhunu dincəldən sərin havasını ciyərlərində hiss edirdi. Qapanan gözlərinin qarşısında vaxtilə doymadan gəzib dolaşdığı  meşəliklər canlanırdı... 
Ehtiyatda olan kiçik çavuş səhra hospitalına çatdırıldıqdan bir-iki saat sonra helikopterlə Baş Klinik Hospitala gətirilir...  
Müddətdən artıq həqiqi hərdi xidmət hərbi qulluqçusu kiçik çavuş Ayaz Cumayev 1990-cı ildə Qax rayonunun Şotavar kəndində anadan olub. Müharibə dövründə anadan olan uşaqlar 20 Yanvar şəhidliyinə, Xocalı faciəsinə, Qarabağa, Şuşaya həsrətdən yaranmış nağıllarla, "dava-dava" oyunlarıyla böyüyüblər. Ayaz deyir ki, bu oyunlarda heç kim düşmən olmaq istəmirdi. "Oyun xatirinə növbələşsək  də, "düşmən" heç vaxt qalib gəlmirdi". Düşmənin qalib ola biləcəyi onların kövrək düşüncələrində belə mümkünsüz idi; onlar əzəli torpaqlarımızı işğaldan azad etmək hissi ilə böyüyüblər.
Məktəb kitabxanasında işləyən Sədaqət ana həmişə Ayaza qəhrəmanlarımızdan bəhs edən kitablar oxuyardı. Xəyallarında özünü Koroğluya, Babəkə, Cavanşirə bənzədərdi Ayaz. Qəhrəmanlığa doğru addım-addım irəliləyərdi. "İgidlərin sinəsi Vətən üçün sipərdir" - düşünənlərin sırasındaydı Ayaz.  
Ayazın uşaqlıqdan ən böyük arzusu hərbçi olmaq idi. Orta məktəbdə oxuyarkən sinif müəllimi gələcəkdə hansı peşəni və nə üçün seçəcəkləri haqqında inşa yazmağı tapşırmışdı. Ayaz bu tapşırığı böyük həvəslə yerinə yetirmişdi. Arzularını yazmışdı. Vətən sevgisinin sonsuzluğundan, hərbçi olmaq, işğal edilmiş torpaqlarımızı düşməndən azad etmək istəyindən yazmışdı...
Bu gün Şotavar kəndinin də yüzdən çox gənci hərbçi kimi Vətənin keşiyindədi...   
Müharibə dövrünün uşaqları yaşından tez böyüyür, müharibə dövründə uşaqlıq yaşanılmır, insan özünü dərk edəndən dəhşətləri, faciələri yaşaya-yaşaya hər gün bir ay, bir il böyüyür sanki. Dağlar qədər əzəmətli, güclü bilir özünü. O gücü, o əzəməti söhbətimizdə Ayazın da gözlərində gördüm, ürək döyüntülərində hiss etdim.
...Həmyerlisi İbiş İbrahimov düşmən təxribatının qarşısının alınması zamanı şəhid olmuşdu. Bunu eşidəndə Ayazın qəlbində qəribə hisslər baş qaldırmışdı: həmyerlimə paxıllığım tuturdu. Bu, mənim həyatımda paxıllıq edib, həsəd apardığım tək bir andır. Vətən uğrunda şəhid olmaq yaşanılan ömrün ən gözəl sonluğudu. Tərxis olunduqdan sonra hərbi formada şəklimi böyütdürdüm. Anamın sual dolu baxışlarına təbəssümlə cavab verdim...
2008-2009-cu illərdə Vətən qarşısında əsgəri xidmətini başa vurub kəndlərinə qayıtdıqdan sonra daxilindən gələn səs ona rahatlıq vermirdi. O səsin hökmüylə  yenidən ordu sıralarına qayıtmışdı.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ayaz Cumayevə "Şücaətə görə" medalını  təqdim edib... - O mərasimi ömrüm boyu unutmayacam, - deyir qorxubilməz döyüşçü.
Vətən… Bu kəlmə nə qədər də mənalı və dərindir. Bütün sevgilərimizin əvvəli də, sonu da Vətənlə bağlıdır.
Ayazın böyük qardaşı Vasif də hərbçidir. 3 yaşlı oğlu Yusif  "Mən də əmim kimi hərbçi olacam, onu yaralayanları öldürəcəm, qisas alacam", - deyir.
Atası Valeh oğlunun sinəsindən yaralandığını görüncə, "Çörəyim sənə halal olsun" - deyib. Bu kəlmələrlə Ayaz bu gün də qürurlanır.  
Nişanlı idi. Ayağa qalxdıqdan sonra görüşə tələsdi. Bu görüşdə sevgi dolu baxışlarda bir heyranlıq da vardı... Həm də qəhrəman kimi qarşılanmışdı...
Vətən sevgisi ilahi sevgidir.   Vətəni, torpağı qoruya-qoruya şəhidliyi gözünün önünə alan oğullardan biri olan Ayazın mənəvi zənginliyi məni də duyğulandırdı.
       
Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"