Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 May 2017 10:30

Şahinlərin birinciliyi başa çatdı

Ümummilli lider Heydər Əliyevin ad günündə C.Naxçıvanski adına Hərbi Liseydə respublika məktəbliləri arasında "Şahin" hərbi-idman oyunlarının final mərhələsi keçirildi. Hərbi təhsil ocağı bayramsayağı bəzədilmişdi.
"Şahin" hərbi-idman oyunlarının final mərhələsində iştirak edəcək komandalar sıra meydanında düzülmüşdü. Məktəblilərin üzündə sevinclə yanaşı, həyəcan da var idi. Hamı intizarla yarışın başlayacağı anı gözləyirdi.
Əvvəlcə "Şahin"lərin yarış münasibəti ilə düzülməsi barədə C.Naxçıvanski adına Hərbi Liseyin rəisinə məruzə olundu. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildi. Mərasim iştirakçıları Azərbaycan Respublikasının Dövlət himnini oxudular.
C.Naxçıvanski adına Hərbi Liseyin rəis əvəzi polkovnik Elman Namazov çıxışında mərasim iştirakçılarını Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından salamlayaraq bildirdi ki, hər il məktəblilər arasında "Şahin" hərbi-idman oyunlarının final mərhələsi bu gün keçirilir. "Uzun illərdir Cəmşid Naxçıvanski adına Hərbi Lisey belə mötəbər yarışa ev sahibliyi edir. Məktəblilər "Şahin" hərbi-idman oyunlarında böyük fəallıq göstərirlər. İnanıram ki, bugünkü birincilik də gərgin mübarizə şəraitində keçəcək."
Gənclərin vətənpərvər, xalqa və dövlətə sədaqət ruhunda tərbiyə olunmasında, gələcək hərbi xidmətə hazırlanmasında belə tədbirlərin əhəmiyyətini qeyd edən natiq vurğuladı ki, "Şahin" hərbi-idman oyunlarının respublika final mərhələsinin ümummilli lider Heydər Əliyevin doğum günündə keçirilməsi artıq ənənəyə çevrilib.
- Əziz "Şahin"lər! Bu gün ölkənin vətəndaşı kimi hər birimizin üzərinə böyük vəzifələr düşür, - deyə polkovnik məktəbli gənclərlə öz tövsiyələrini, arzularını bölüşdü. - "Şahin" hərbi-idman oyunlarında hamımızda mübarizlik coşqusu var. Komandalar həmişə olduğu kimi, bu dəfə də yarışlara qələbə əzmi ilə qatılıblar. Qələbə isə asanlıqla qazanılmır. Bunun üçün maneələri dəf etməli, mübarizə meydanından uğurla keçməlisən. Mübarizədə isə qələbə sevincini həmişə hazırlığı yüksək olanlar yaşayırlar. Bütün komanda üzvlərinə uğurlar arzulayıram.
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general-mayor Novruzəli Orucov və başqaları da  "Şahin"lərə uğurlar arzuladılar.
Sonra məktəblilər C.Naxçıvanski adına Hərbi Liseyin hərbi orkestrinin ifa etdiyi hərbi marşların sədaları altında təntənə ilə tribunanın önündən keçir, peşəkarlıqlarını mərasim iştirakçılarına nümayiş etdirdilər. Hakimlər isə onların hərəkətlərinə diqqət yetirir və müvafiq balla qiymətləndirirdilər.
Çoxlarının böyük marağına səbəb olan təntənəli keçid başa çatdıqdan sonra komandaların sıra hazırlıqları yoxlanıldı. Kapitanlar komanda üzvlərinə müxtəlif əmrlər verirdilər. Onlarsa cəld hərəkətlə tapşırığı yerinə yetirirdilər.
"Şahin" hərbi-idman oyunlarının final mərhələsinə 17 komanda qatılmışdı. Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov söhbət zamanı oyunlar barədə qısaca məlumat verdi. Bildirdi ki, "Şahin" hərbi-idman oyunları 1996-cı ildən keçirilir. Komandaların heyəti 14 nəfərdən ibarətdir. Onlardan 10 nəfəri oğlan, 4 nəfəri isə qızdır. Yarışlar 8 mərhələdən ibarətdir. Komandalar finalda iştirak edənə qədər zona birinciliklərində iştirak ediblər. Qalib gələn komandalar bu mərhələyə qatılıblar.
Sıra hazırlığı mərhələsi başa çatdıqdan sonra məktəblilər avtomatın sökülüb-yığılması, patron darağının doldurulub-boşaldılması və tüfəngdən hədəfə atəş açılması məntəqəsinə üz tutdular.
Komanda üzvləri atış çalışmasını yerinə yetirdikdən sonra kəndir vasitəsilə təhlükəli zolağın dəf edilməsi, kəndirin köməkliyi ilə hündürlüyə dırmanma və enmə, tel əngəlinin dəf edilməsi, çadır qurulması, minalanmış sahəyə qumbara atılması, mülki müdafiə və yaralının zəhərli zonadan çıxarılması və başqa mərhələləri dəf etməyə başladılar. Mərhələlərdən keçmək məktəblilərdə böyük maraq oyadırdı. Hər kəs komandasının qalib olması üçün üzərinə düşən tapşırıqları peşəkarlıqla yerinə yetirməyə çalışırdı...
Yarışda iştirak edən məktəblilərdən Allahverdi Səmədov, Nübar Sadıqova, Hikmət Həşimov, Oktay İdrisov, Gülşən İsrafilova və başqaları ilə həmsöhbət oldum. Onlar belə bir mötəbər yarışda iştirak etdiklərinə görə qürur hissi keçirdiklərini bildirdilər.
Qaliblər elan olundu. "Şahin" hərbi-idman oyunlarının final mərhələsinin qalibi adını Bakının Nizami rayonunun komandası qazandı. İkinci yerə Kürdəmir, üçüncü yerə Zərdab rayonunun komandaları yüksəldi.
Qalib komandaların mükafatlandırılması üçün təntənəli mərasim keçirildi. Birinci yerin sahibinə kubok, ikinci və üçüncü yerlərə çıxmış komandalara isə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edildi.

Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey