Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 May 2017 10:30

“Vətən sevgisindən güclü duyğu yoxdur!”

İkinci Dünya müharibəsində faşizmə qarşı dünyanın digər azadlıqsevər xalqları ilə çiyin-çiyinə Azərbaycan xalqı da vuruşub. İllər keçsə də, bu ölüm-dirim müharibəsinin ağrı-acıları unudulmayıb, unudulmayacaq.
Böyük Vətən müharibəsi veteranı 95 yaşlı Seyfulla Baxışovla söhbətləşərkən onlara xüsusi diqqət və hörmət göstərən ümummilli liderimiz Heydər Əliyevin "Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğı və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur" kəlamını xatırlayıram.
Həmsöhbətim Şamaxı rayonunun Dəmirçi kəndində anadan olub. Böyük Vətən müharibəsi başlayanda Azərbaycanın yüz minlərlə igid oğlu kimi Seyfulla müəllim də "Müsəlləh əsgərəm mən də bu gündən" deyərək döyüşlərə yollanır. Öncə hərbi məktəbə göndərilir və burada ona çavuş hərbi rütbəsi verilir. Hərbi təhsilini başa vurduqdan sonra 840-cı atıcı artilleriya alayında bölük komandiri vəzifəsinə təyin olunur. Qafqazda, Rusiyada, Ukraynada gedən bir sıra hərbi əməliyyatlarda və Moskva, Sevastopol şəhərlərinin müdafiəsində iştirak edir.
O günləri bir an belə unutmadığını deyən veteran döyüşçü İkinci Dünya müharibəsinin bəşəriyyətə vurduğu yaralardan ürək ağrısıyla danışanda xəyalən yenidən o illərə qayıdırdı. "Keçmiş SSRİ-nin elə bir ucqar məkanı qalmadı ki, bu dəhşətli müharibə həmin yerlərə aclıq, müsibət, göz yaşları gətirməsin. O dövrdə Vətən anlayışı milliyyətindən, dilindən, yaşadığı yerdən asılı olmayaraq hər bir insan üçün əziz və müqəddəs idi."
Ömrünün müdrik çağlarını yaşayan ağsaqqal onlara göstərilən dövlət qayğısından da söhbət açdı. Ulu Öndərimizin onlara daim qayğı göstərdiyini xatırlayaraq müasir dövrdə də bu siyasətin layiqincə davam etdirildiyini bildirdi.
Dövlət tərəfindən mənzil və maşınla təmin olunan Seyfulla Baxışov qeyd etdi ki, müdrik siyasətçi Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev onlarla daim maraqlanır.
Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovla birlikdə Dnepr çayı ətrafında gedən döyüşlərdə iştirak etməsindən qürurla söz açanda bir anlıq o zamana səyahət edir. Dəhşətli, qanlı-qadalı döyüşlərdə şücaət göstərərək öz millətinin şərəfini uca tutan müharibə veteranı indi də olub-keçənləri yaxşı xatırlayır. "Düşmən təpədən-dırnağa kimi silahlanmışdı, canlı qüvvəsi də bizdən çox idi. Amma əsgərlərimizin vətənpərvərlik hissi, əzmkarlıq və cəsarəti, "Vətən uğrunda" deyərək hücuma keçmələri döyüşün müqəddəratını həll edirdi. Minbir əziyyətlə neçə dəfə bataqlıqdan düşmən arxasına keçməyimizi hələ də unutmamışam..."
Müharibə veteranı həmin illərdə sevginin nələrə qadir olduğunu, Vətən sevgisindən güclü olan heç bir hissi duymadığını dilə gətirdi"... Günlərlə ac qalırdıq. Yeməyə bir şey tapmırdıq. Səhər su qaynadıb içirdik. Qara çörək verirdilər, onu da qramla... Lakin bütün bunlar daxilimizdəki mübarizə əzmini qıra bilmirdi. Vətən dardaydı. Hər bir kəs Vətən uğrunda canından keçməyə hazır idi".
Bu gün veteranlarımızın ömür yolu gənc nəslin mənəvi-əxlaqi və vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm örnəkdir. Müsahibim tədbirlərdə iştirakından, təhsil ocaqlarına dəvət olunmasından, tələbə və məktəblilərlə keçirilən maraqlı görüşlərindən də söz açdı. "Vətənpərvərlik mövzusunda gənc nəslin nümayəndələri ilə söhbətlərimiz çox olur. Onlara Vətəni, milləti hər şeydən uca tutmağı aşılayırıq. Ermənilər alman faşistlərindən də qəddardılar. Xocalı faciəsini xatırlayanda insanın damarda qanı donur. Uşaqlara, qadına, qocaya, xəstələrə aman verməyənlər insanlığını itirən kəslərdir... Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra xalqımız dünyada tanındı, ordumuz möhkəmləndi. Hazırda çox güclü ordumuz var. Aprel döyüşləri ordumuzun qüdrətini dünyaya nümayiş etdirdi. Ən böyük arzum qələbəmizin sevincini yaşamaqdır. Biz də cavanlarla birgə düşmənləri torpaqlarımızdan qovub çıxarmağa hazırıq."
Bir əsrlik ömür sahibi ilə söhbətdən sonra bir daha əmin oldu ki, onların xalq, dövlət yolunda fədakar əməyi gənc nəsil üçün ən dəyərli örnəkdir.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"