Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 May 2017 10:30

Əsgərlərimiz Vətən ömrü yaşayır

Uzaq üfüqdə dan yeri sökülür. Günəşin zərrin şüalarını seyr edəndə adama elə gəlir ki, orada - şərqdə nəhəng bir tonqal yandırılıb. Nəhayətsiz göy üzü min bir rənglə alışıb yanır, öz zənginliyi və gözəlliyi ilə insanı valeh edir. Yeni günün səhəri açılır...
Hər tərəfdə sakitlik hökm sürən bir yaz səhəridi. Növbədə olan əsgərlər xidmətlərini öz qaydasında - nizamnamələrin tələblərinə uyğun aparırlar. Onlardan biri nizami addımlarla bizi qarşılayır, sənədlərimizə diqqətlə baxıb hər şeyin qaydasında olduğunu öyrənəndən sonra növbətçiyə məlumat verir.
Qərargahda şəxsi heyətin mənəvi-psixoloji hazırlığına cavabdeh zabit polkovnik-leytenant Elnur Həsənovla görüşürük. Çox keçmir ki, zabitlə birlikdə ön xəttə yola düşürük. Öyrənirəm ki, zabit Qarabağ müharibəsi iştirakçısıdı. "Mənim anadan olduğum Cəbrayıl rayonu 18 avqust 1993-cü ildə erməni qəsbkarları tərəfindən işğal olundu və hələ də işğal altındadır. Məsum insanlar, uşaqlar, qadınlar, yaşlılar öldürüldü. Həmin günlərin foto şəkilləri, video görüntüləri hələ də durur. Mənim ailəm də daxil olmaqla, bir milyondan artıq insan öz torpaqlarından çıxmağa məcbur oldu. Həmin illərdə ulu öndər Heydər Əliyevin səriştəli siyasəti nəticəsində atəşkəs imzalandı. Bu isə ordumuzun formalaşmasına imkan verdi. Artıq bu gün ordumuz ən müasir ordular sırasında yer alır."
Uzun yola söhbəti ilə körpü salan zabit deyir ki, ordumuzun gücü, qüdrəti daim artır. "Bu gün zabit və əsgərlərimizin döyüş hazırlığı yüksək səviyyədədir. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tez-tez cəbhə bölgəsinə səfər etməsi, yurdumuzun keşiyində dayanan, onu göz bəbəyi kimi qoruyan əsgərlərlə görüşməsi, onların xidmətini layiqincə qiymətləndirməsi hər kəsin döyüş ovqatını daha da artırır. Aprel döyüşləri zamanı hərbi hissəmizin şəxsi heyəti də atəşkəs rejimini pozan, təxribat törədən düşmənə tutarlı cavab verdi. Qısa müddət ərzində düşmənin atəş nöqtələri susduruldu. Düşmən itki verərək geri çəkildi. Hiss etdilər ki, onların qarşısında döyüş hazırlığı yüksək olan, güclü Azərbaycan əsgəri dayanıb,  bu gücün, bu qüdrətin qarşısında dayana bilməz. Azərbaycan əsgəri qələbəyə köklənib, güclü, məğrur və yenilməzdir".
Cəbhə bölgəsinə yaxın kəndlərdə yaşayan insanlar hərbçilərə güvənib bərəkətli torpaqlarda əkinlə məşğul olurlar. Onlar əmindirlər ki, ordumuz torpaqlarımızın keşiyində ayıq-sayıq dayanıb. Ətrafda əkin sahələrini gördükcə sevinirəm. 
Yaşayış məntəqələri bizdən xeyli arxada qalır. Ön xətdə şəxsi heyətin yanına gəlib çatırıq. Zabitlərdən Cahangir Eyvazov və Qadir Muradovla görüşürük. Dərin və geniş səngərlərdə sakitlik hökm sürür. Məğlub olan düşmən gücdən-qüvvətdən düşüb, yenidən atəşkəs rejimini pozmağa cürət edə bilmir. Çünki qarşısında dayanan cəsur, igid Azərbaycan əsgərindən qorxur.
Post başçısı gizir Cavidan Hüseynov ötən gün ərzində heç bir hadisənin baş vermədiyini bildirir. Səngərdə dayanıb erməni işğalçılarının mövqelərini nəzarətdə saxlayan əsgərlərin üz-gözündən qəhrəmanlıq hiss olunur. Əmin olursan ki, onlar düşmən üstünə atılıb rəşadət və hünər göstərməyə hər an hazırdırlar. Əsgərlərdən birinə yaxınlaşıb tanış oluram. Qusar rayonundan ordu sıralarına çağırılmış əsgər Nəriman Musayev 7 aydır hərbi xidmətdədir.
- Vətənə xidmət etmək hər birimizin həm vətəndaşlıq, həm də övladlıq borcudur, - əsgər deyir. - Qürur duyuram ki, bu müqəddəs borcu düşmənlə üzbəüz mövqelərdə yerinə yetirirəm. Daim düşmən mövqelərini müşahidə altında saxlayıram.
Bir anlıq mən də müşahidə qurğusundan qarşı tərəfə baxıram. Düşmənə olan nifrətim daha da artır. Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad edəcəyik.
Başqa mövqedə müşahidə aparan əsgər Akif Akifzadə hərbi xidmətə Astara rayonundan çağırılıb. Yeddi aydır ki, xidmətdədir. O deyir ki, hərbi həyat kişilik məktəbidir. "Çalışıram ki, bu məktəbin sınağından uğurla keçim, valideynlərimin, doğmalarımın, dostlarımın yanına alnıaçıq, başıuca qayıdım. Bu gün müxtəlif silahlardan bacarıqla istifadə edib, hədəfləri dəqiq vururam. Öyrəndiklərimə görə təcrübəli komandirlərimə minnətdaram. Fəxr edirəm ki, bu gün Vətənin keşiyindəyəm. Xidmətdə olduğum bu günlər ömür kitabımın səhifələrinə böyük hərflərlə yazılacaq. Hələ xidmətimin xeyli hissəsi qarşıdadır. Çalışacağam ki, silahların sirlərini  daha dərindən öyrənim, xidmətdə daha böyük uğurlar qazanım."
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Feruz Şükürov müddətli hərbi xidmətini başa vurandan sonra, 2016-cı ildə yenidən taleyini orduya bağlayıb.
- İlk vaxtlar darıxa bilərsən, amma zaman keçdikcə yoldaşlarından ayrılmaq istəmirsən. Burada olanda doğmalarının güvəndə olduğuna əmin olursan. Nə təhlükə gözlənə bilərsə, biz onu dəf etməyə hazırıq. Yetər ki, ana Vətənimə heç bir xətər olmasın, -  Feruz deyir.
Torpaqlarımızın keşiyində dayanan əsgərlərdən Zülfüqar Hüseynli, Murad İsmayılov, Amin Əmiralıyev, Orxan Fərhadov, Ruslan Bağırov və başqaları ilə də həmsöhbət oluram. Onların hər sözündən, söhbətindən də vətənpərvərlik ruhu hiss edilir.
Əsgərlərlə söhbətim yenə də məndə xoş duyğular oyadır. Bir daha əmin oluram ki, Vətən qarşısında vətəndaşlıq məsuliyyətini dərindən hiss edən gənclərimiz yurdumuzun keşiyində ayıq-sayıq dayanırlar. Onlar torpaqlarımızın hər qarışı uğrunda döyüşə hazırdırlar.

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR