Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 May 2017 10:30

“Azərbaycan Respublikasına xidmət edirəm!”

Leytenant Qadir Quliyevlə xidmət etdiyi hərbi hissədə görüşüb söhbət etdik. Ötən ilin aprel döyüşlərində fərqlənmiş cəsur zabitin xidmət və döyüş yoluna birgə nəzər saldıq. Təbii ki, məlum hadisələr zamanı bölmələrimizin düşməni necə məğlub etdiyini də xatırladıq.
Azərbaycan Ordusunun  bölmələri təxribatlarına cavab olaraq düşmənə ağır zərbələr endirdi və strateji əhəmiyyətli bir sıra yüksəklikləri, 2 min hektaradək ərazini işğaldan azad etdi. Zabit, gizir və əsgərlərimizin şücaəti Silahlı Qüvvələrimizin tarixinə həkk edildi.
Həmin döyüşlərdə iştirak etmiş hər bir zabit, gizir və əsgər əsl cəsarət və igidlik nümunələri göstərmişdilər.
Aprel zəfərinin döyüşçülərindən biri də leytenant Qadir Quliyev idi. Hadisələrin ildönümü ilə bağlı Təlim və Tədris Mərkəzində keçirilmiş təntənəli mərasimdə çıxış edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov bölmələrimizin göstərdiyi peşəkarlığı yüksək qiymətləndirdi, döyüşlərdə fərqlənmiş hərbi qulluqçulara medallar və fəxri fərmanlar təqdim etdi. Təltif edilənlər arasında leytenant Qadir Quliyev də vardı.
Qadir Azərbaycana adlı-sanlı generallar bəxş etmiş Kəngərli rayonunun Böyükdüz kəndində dünyaya göz açıb. Yeniyetmə vaxtlarından Vətəni müdafiə etməyi özünə peşə seçməsində bu amilin böyük rolu vardı. Zabit olmağı arzulayan Qadir Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirərək leytenant paqonlarını aldığı günü ömrünün ən unudulmaz anlarından hesab edir.
O, 2016-cı ilin yanvarından taqım komandiri vəzifəsinə təyin olunmuş gənc zabit həvəslə xidmətə başlayır. Taqımının yüksək döyüş hazırlığına malik olması üçün bilik və bacarığını əsirgəmir. Tabeliyindəki döyüşçülərin nəyə qadir olması isə aprel döyüşləri zamanı bəlli olur.
- Düşmən atəşkəsi yenə pozmuşdu, - leytenant Quliyev deyir. - Döyüş komandası verilən kimi taqımın döyüşçüləri ilə biz də irəli atıldıq. Aprelin 1-dən 2-nə keçən gecə bölmələrimizin gücü ilə Lələtəpə düşməndən azad edildi. Sonra ələ keçirilmiş mövqeləri möhkəmləndirməklə məşğul olduq.
Qısa zamanda Vətən oğulları düşməndən alınmış mövqelərdə istehkam işləri aparmış, yeni postlar yaratmış, Lələtəpənin ətrafını alınmaz qalaya çevirmişdilər. Azğınlaşmış düşmən postlarımızı müxtəlif silahlardan atəşə tutmaqda davam edirdi. Döyüşçülərimiz ermənilərin təxribatlarını, təbii ki, cavabsız qoymur, layiqincə cavab zərbələri endirirdilər.
Aprelin 5-də səhərin erkən vaxtlarında ermənilər yenə mövqelərimizi minaatanlardan atəşə tutdu. Onda leytenant Qadir Quliyev ön xətdə döyüş növbəsi aparan əsgərlərinin yanında idi.
- Mən komanda verdim ki, üstüörtülü postdakı müşahidəçidən başqa hamı sığınacaqlara girsin, - gənc zabit xatırlayır. - Özüm bölük komandirinə məruzə etdim ki, düşmən artilleriya atəşinə başlayıb. Həmin vaxt minaatan mərmisi yaxınlığımıza düşdü və məni kənara atdı. Əvvəlcə ciddi ağrı hiss etmədim. Başqa bir döyüşçümüz də yaralanmışdı və mən dərhal onun yanına qaçdım. Sanitar-təlimatçının müayinəsindən sonra onu arxaya yola salmaq istəyirdik. Sanitar-təlimatçı yoxlayarkən mənim də ciddi yaralandığımı gördü. Ağrılarım da şiddətlənməyə başlamışdı. Ona görə məni də hərbi hospitala təxliyə etdilər.
Hospitalda müalicə olunarkən leytenant Qadir Quliyevin ürəyi ön xətdə döyüşçülərinin yanında qalmışdı. Tezliklə sağalıb döyüşçülərinin yanına qayıtmağa can atırdı. Hazırda özünü yaxşı hiss edir, səhhəti normallaşır. Vəzifəsinin icrası ilə məşğuldur.
Aprel döyüşlərinin ildönümünə həsr edilmiş təntənəli mərasimə leytenant Qadir Quliyev də dəvət edilmişdi. Müdafiə naziri general-polkovnik Zakir Həsənov aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı cəsur zabitə təqdim etdi. Leytenant Qadir Quliyev əsl Azərbaycan hərbçisi kimi qürur hissilə cavab verdi:  "Azərbaycan Respublikasına xidmət edirəm!"

Əbülfət QASIMOV, "Azərbaycan Ordusu"